Müasirliyin, abadlığın 30 yaşlı ünvanı - FOTOLAR

A- A A+

“Sədərək” deyəndə ağla ilk gələn fikir onun ikinci adı olur-Qeyrət qalası. Bu sərhəd bölgəmiz Ordubad qədər zəngin tarixi abidələrə, Şahbuz qədər təbii zənginliklərə malik deyil, tarixə Naxçıvanın “Qeyrət qalası” adı ilə öz möhürünü vurub. 90-cı illərdə muxtar respublikanın digər bölgələrindən köməyə gələnlərlə bərabər bu elin, bu torpağın müdafiəsinə qalxan mərd sədərəklilər itki versələr də, geri çəkilmədilər. Naxçıvana düşmən ayağının dəyməsinə imkan vermədilər. O vaxtdan da ulu öndər Heydər Əliyevin söylədiyi kimi “Qeyrət qalası” adlanır...

Yolumuz Naxçıvanın alınmaz qalasınadır. Qalanın bugünkü müdafiəçilərinə-ordumuza güvənən sədərəklilər qurur, yaradır, bir zamanlar güllə yağan torpağın hər qarışını gülüstana çevirirlər. Naxçıvan-Sədərək magistral yolu ilə avtomobilimiz irəliləyir. Kəngərli və Şərur rayonlarının abad kənd mənzərələri, yaşıllıqlar, yolboyu müşahidə etdiyimiz əkin sahələri, bağ-bağçasının barını satışa çıxaran zəhmətkeş insanlar diqqətimizdən yayınmır. Gözoxşayan mənzərələr yolumuza körpü salıb. Budur, artıq Sədərəyin girişində, tikinti meydançasındayıq. Hazırda inşası aparılan Bayraq Meydanında azadlığımızın carçısı olan bayrağımız dalğalanacaq. Nə gözəl...Bu yol Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən yeganə quru yol, Naxçıvanın Qərbə açılan qapısıdır. Sədərəyə və Türkiyə istiqamətindən Naxçıvana girişdə qonaqları salamlayacaq üçrəngli bayrağımız həm də müstəqilliyimizi və gücümüzü bəyan edən ən ali dəyərdir.

Düşmənə göz dağıdır Sədərək

Sədərək rayonunun yaradılmasının 30 ili tamam olur. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 avqust 1990-cı il tarixli Qərarı ilə Sədərək rayonu yaradılıb. Qeyd edək ki, buna qədər Sədərək Şərur rayonunun tabeliyində olub və rayonun yaradılmasında məqsəd, ümumilikdə, Naxçıvanın müdafiəsini gücləndirməyə xidmət edib. Və bu gün bu missiyanı şərəflə yerinə yetirir. Daim sədərəklilərin yanında olan dahi rəhbər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən cəmi iki ay sonra imzaladığı “Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun inzibati-ərazi bölgüsündə dəyişiklik edilməsi haqqında’’ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli Qərarı da birbaşa o böyük şəxsiyyətin Sədərək rayonuna qayğı və diqqətinin təzahürü idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamı ilə həyata keçirilən məqsədyönlü tədbirlər sərhəd bölgəsinin inkişafına güclü təkan verib. Sərəncam bölgədə sosial infrastrukturun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcını qoyub. Sərhəd bölgəsində təhsilin, səhiyyənin və mədəniyyətin və digər sahələrin inkişafı, iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində ardıcıl, müvafiq tədbirlər həyata keçirilib. Təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün yeni binalar inşa edilib. Rayonda fəaliyyət göstərən 4 tam orta məktəb və 3 məktəbdənkənar müəssisə maddi-texniki bazasına görə şəhər məktəblərindən heç də geridə qalmır. Bunun nəticəsidir ki, son illər, elmə, təhsilə, müxtəlif peşə sahələrinə maraq artıb. 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərinin XI sinfindən məzun olmuş 71 nəfərdən 57-si ali məktəblərə, 6 nəfəri kolleclərə, 15 nəfəri isə Şərur rayon Fizika-Riyaziyyat Təmayüllü Liseyə sənəd verib. 3 dünya, 14 ölkə, şəhər, 11 yerli əhəmiyyətli tarixi abidəsi olan rayonda Tarix-Diyarşünaslıq Muzeyi yaradılıb. Muzey vasitəsilə rayonun 30, Sədərəyin minilliklərə dayanan tarixi tamaşaçılara təbliğ edilir.

Dövlət müəssisələrinin yüksək səviyyədə fəaliyyəti üçün lazımi şərait yaradılıb. İstehsal müəssisələri, xidmət sektoru öz işini günün tələbləri səviyyəsində qurub. Xalça İstehsalı Müəssisəsində qadınların məşğulluğu təmin olunmaqla bərabər, Naxçıvan xalçaçılıq məktəbinin ənənələri yaşadılır. Bir neçə ildir ki, paytaxt şəhərimizdəki “Naxçıvanqala”da keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında Sədərəyin ailə təsərrüfatçıları öz çeşidli məhsulları ilə iştirak edirlər. Ötən il keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında Mehparə Hüseynova keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsal etdiyinə görə 1-ci yerin qalibi olub.

Bir sözlə, 90-cı illərdə ən ağır günləri yaşayan Sədərəkdən indi əsər-əlamət qalmayıb. Əzəmətli dağlarının qoynuna çıxıb boylananda Sədərəyin bugünkü əzəmətinin şahidi olursan. Bu əzəmət tablosuna yeni quruculuq ünvanları, yaşıllıqlar, gülkarlıqlar, bir də bu gözəlliyi qoruyan zəhmətkeş sədərəklilər daxildir. İndi bu tablonu pozmağı düşmən ağlına belə gətirə bilməz. Sədərək bu gün onlar üçün göz dağıdır. Hələ göz işlədikcə uzanan əkin sahələrini demirik. Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmaqla, rayonun əkinəyararlı torpaq sahələri genişləndirilib. Belə ki, 2010-cu ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilər ötən dövrdə minalardan təmizlənib, meliorativ tədbirlər görülüb, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilib. Əraziyə yeni yol, elektrik və suvarma xətləri çəkilib. Bu ilin yazından 65,5 hektar sahədə dən üçün qarğıdalı əkini həyata keçirilib. “Kitabi-Dədə Qorqud” dastanında da deyildiyi kimi, “Torpağı qorumasan, əkməyinə, əkib-becərməsən, qorumağına dəyməz”. Görünən odur ki, Sədərək torpaqları bu gün həm etibarlı müdafiə olunur, həm də bir qarış torpaq belə boş qalmır, əkilir, becərilir, məhsul bolluğu yaradılır, rayonun, muxtar respublikanın, nəticə etibarilə ölkənin iqtisadiyyatına sanballı töhfələr verilir. Ümumilikdə, Sədərək rayonunda 2020-ci ilin məhsulu üçün 3647 hektar sahədə əkin aparılıb. Sahələrdə bol məhsul yetişdirilib. Məhsul tədarükü, necə deyərlər, qar yerə düşənədək aparılacaq.

Yaşıllığa boyanmış Sədərək

Muxtar respublikamızda ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğı prioritet məsələ kimi illərdir ki, diqqət mərkəzində saxlanılır. Keçirilən iməciliklər, artırılan yaşıllıq sahələri dediklərimizin əyani sübutudur. Bütün bölgələri əhatə edən yaşıllaşdırma tədbirləri Sədərəkdən də yan keçməyib. Sədərək həm də yaşıllığı ilə göz oxşayır. 90-cı illərin məlum ağır və böhranlı illərində kəsilən hər ağacın yerinə orta hesabla onlarla ağac əkilib. Hündürlükdən baxanda yaşıllıqlara boyanmış bir Sədərək tablosu gözlərin önündə açılır. Boy-boya verib ucalan ağaclar rayonda salınmış gözəl, yaraşıqlı evləri gizləyir. Təkcə bu ilin ötən dövrü ərzində, ümumilikdə, 1 hektar ərazidə yeni meyvə bağı salınıb. Həmçinin bərpa məqsədi ilə Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində, “Dəhnə” adlanan ərazidə, Gənclər bağında, Gömrük yolunda və rayondaxili bir sıra ərazilərdə, ümumilikdə, 8,7 hektar sahədə 5700 ədəd meyvə, 1200 ədəd meşə, 1570 ədəd həmişəyaşıl, 6830 ədəd gül-bəzək kolları və 1420 ədəd üzüm tingi, Heydərabad qəsəbəsində 500 ədəd çinar və 200 ədəd cəviz ağacı əkilib.

Müasirliyi ilə öyündüyümüz Sədərək

2002-ci il avqust ayında muxtar respublikaya səfəri çərçivəsində Sədərək rayon zəhmətkeşləri ilə görüşən ulu öndər Heydər Əliyev əvvəlki illəri belə xatırlayır: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm”.

Ulu öndər Heydər Əliyevin şərəfinə adlandırılan Sədərəyin mərkəzi Heydərabad qəsəbəsinin növrağı bu gün hər kəsi sevindirir. Ulu öndərin böyük uzaqgörənliyi ilə 1970-ci illərdə salınan qəsəbə hələ o vaxt ermənilərin mənfur planlarına qarşı atılmış addım idi. Kənddən aralıda salınan qəsəbə ermənilərin torpaq iddialarına tutarlı cavab oldu. Qəsəbə 1990-1993-cü illərdə ermənilərin hücumuna məruz qalıb dağıdılsa da, mətanətlə dayandı. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən sədərəklilər öz torpaqlarını tərk etmədilər, Sədərəyi mərdliklə qorumağa müvəffəq oldular. Və qəsəbə yenidən dirçəldildi.

Abadlığı ilə göz oxşayan Heydərabadın qoynunda salınan sosial obyektlər, inzibati binalar, ikimərtəbəli yaşayış evləri, ötən il istifadəyə verilən 7 mərtəbəli, 48 mənzilli yeni yaşayış binası və digər quruculuq ünvanları ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişafın bəhrələri, sərhəd bölgəsinə göstərilən diqqətin təzahürüdür. Hazırda rayonda  içməli su və kanalizasiya xəttinin çəkilişi davam etdirilir. Sərhəd bölgəsinin bütün yaşayış məntəqələrini əhatə edən layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qarağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaq. Həmçinin rayon ərazisində Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi davam etdirilir.

2010-cu ildə Sədərək rayonunda sosial obyektlərin açılışında iştirak edən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Biz elə etməliyik ki, hər bir bölgədə bu gözəl təşəbbüslər özünü göstərsin və reallığa çevrilsin. Xüsusilə, Sədərək rayonunda. Çünki siz düşmənlə üz-üzəsiniz. Siz lap sərhəddə yerləşirsiniz. Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlər”.

***

Sədərək 30 ilin astanasında daha əzəmətli, daha məğrur görünür. Dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan sərhəd bölgəsi qəhrəmanlığın, əzmkarlığın, yurd, torpaq sevgisinin bariz ünvanı kimi həm də iqtisadi inkişafımızın göstəricisidir.

Mərd, vətənpərvər, zəhmətkeş insanların var olsun! 30 yaşın mübarək, müasirliyi, abadlığı, inkişafı ilə göz oxşayan əziz Sədərək!

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: