Şərur və Sədərək rayonlarında səyyar xidmətlər göstərilib - FOTOLAR
Muxtar respublikada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti dəfə bu xidmətlər səyyar şəkildə Şərur və Sədərək rayonlarında keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə hər iki rayonda keçirilən səyyar xidmətlər zamanı əlilliyi olan şəxslərdən protez və ortez sifarişləri qəbul edilib. Eyni zamanda, əlilliyi olan şəxslər araba, protez ayaqqabı, eşitmə aparatı və digər texniki, köməkçi reabilitasiya vasitələri ilə də təmin olunublar.
Qeyd edək ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasının davam etdirilməsinə dair tapşırıqlar verilib.
Ərhan Novruzov