“LG” şirkəti ötən gün üzə maska kimi taxılan kiçik hava təmizləyən cihazını rəsmən təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, yeni cihaz “LG”nin ev üçün hava təmizləyicilərində istifadə olunan iki ədəd filterlə və iki ədəd batareya ilə çalışan ventilyatorla təchiz olunub.
Şirkətin açıqlamasına görə, həmin ventilyatorlar xüsusi sensor vasitəsilə nəfəs aldıqda və ya verdikdə müvafiq olaraq sürəti tənzimləyirlər.
Həmçinin 820 mAh-lıq batareyalar sayəsində cihazın az güc rejimində 8 saat, çox güc rejimində isə 2 saat ərzində çalışdığı qeyd olunur.
Sentyabrın 3-dən 5-dək Berlində keçiriləcək İFA 2020 beynəlxalq elektonik və ev ləvazimatları sərgisində nümayiş olunacaq bu cihaz birbaşa koronavirusdan qorunmaq üçün nəzərdə tutulmasa da, bu məqsədlə geniş istifadə olunacağı şübhə doğurmur.