Şahbuz dağlarının, dərələrinin dərdə dərman bitkilərini, otlarını, çiçəklərini nənələrimiz, babalarımız “Tanrı payı” adlandırırlar. Qədim dövrlərdən bəri süfrələrimizi bəzəyən nemətlərdən ən çox seviləni çaydır,-desək, yəqin ki, yanılmarıq. O çay ki, onu yayın istisində də, qışın soyuğunda da dərdimizə dərman bilirik. Ürəyimizi sərinlətmək, yorğunluğumuzu çıxarmaq üçün arzuladığımız çay güldən, çiçəkdən dəmlənəndə ətri və rəngi ilə gözümüzü, könlümüzü oxşayır. İçəndə isə ruhumuzu sakitləşdirir.
Dünyagörmüşlər deyirlər ki, sirrinə-sehrinə bələd olduğumuz bitkilərdən dəmlənən çayı süfrələrimizdən əksik etməsək, uzunömürlü, sağcanlı olarıq. Dərman bitkiləri ilə məşhur olan Şahbuz bəlkə də elə buna görə “uzunömürlülər diyarı” adlandırılır. Muxtar respublikanın ərazisində olan bitkilərin yarıdan çoxu bu rayonda bitir. İllərdir şəfalı bitkiləri toplayaraq ondan məlhəm, mürəbbə, şərbət hazırlayan Sara nənə ilə söhbətimiz nadir bitkilərdən olan səhləb bitkisi barədə oldu. Ömrünü-gününü türkəçarədə istifadə olunan bitkiləri toplamağa həsr edən Sara nənə erkən yazda toplayıb səliqə ilə qurutduğu rəngbərəng gülləri, çiçəkləri göstərərək dedi ki, hələ qədim zamanlardan nənələrimiz-analarımız dərdinə dərmanı dağlarda, dərələrdə axtarıb tapıblar. Dava-dərmanın nə olduğunu bilməyən insanlar bir-birinin dərdinə çarə tapmaq üçün torpağın yetirdiyi, bitirdiyi nə varsa, ona ümid bağlayıb. Beləcə, yavaş-yavaş insanlarda yaranan bu inanc təbiətin sirrini öyrənməkdə bir açar olub. Yurdumuzda bitən güllərdən, çiçəklərdən, müxtəlif otlardan, bitkilərdən vaxtında toplamaq, qışda istifadə etmək həvəsi bu yurd yerinin hər bir sakinində olub. Təbiətin əvəzedilməz nemətlərindən olan dərman bitkiləri yaz aylarından başlayaraq ta qar yerə düşənə kimi yurd-yuvamızı bəzəyir. Biz kənd sakinləri də dağda, dərədə, çəməndə, düzdə bitən çobanyastığını, kəklikotunu, qara yarpızı, nanəni, solmazçiçəyini, səhləbi təzə-tər halda dəstə-dəstə bağlayıb, gün tutmayan yerlərdə qurudar, qış üçün saxlayarıq. Elə ki qış gəldi, həvəslə yığıb qurutduğumuz bu bitkilərdən çay dəmləyib bir çox xəstəliklərin müalicəsində istifadə edirik. Belə şəfalı bitkilərdən biri də səhləb bitkisidir. Səhləbin bir çox növü var. Təbiətimizdə istənilən rəngdə səhləbə rast gəlmək mümkündür. Zərif bal ətrindən tutmuş rəngarəng qoxuya malik olan bitkinin kökləri ayı pəncəsinə oxşayır, süpürgəyə oxşar çiçəkləri tibbdə güclü təsir gücünə malikdir. Bu çiçəklər o qədər ürəkaçan rəngə çalır ki, sanki çəmənlərdə köz yanır. Batabatda, Yuxarı Qışlaqda, Şahbulaqda, Salvartıda, Çimən yurdda, Muncuqlu bulaqda, Quyluqda, Ağqayada, Xırxırda, Qumlubulaqda, Novluda, Koladəydə bu bitki geniş yayılıb.
Müsahibim söyləyir ki, böyüklərimizdən öyrənmişik ki, bitkidən hazırlanmış çay sətəlcəmdə, təngnəfəslikdə ən tutarlı vasitədir. Çayı dəmləmək üçün əvvəlcədən qurutduğumuz çiçəklər toz halına salınaraq bir stəkana tökülür və üzərinə qaynar su əlavə edilir. 20 dəqiqə dəm alması gözlənilir. Alınmış məhlul qurtum-qurtum içilir. Hazırlanan bu çaydan mütəmadi istifadə edilsə, davamlı öskürəkləri aradan götürər, immuniteti artırar, halsızlıq və yorğunluğu götürər, həzmi yaxşılaşdırar.
Bu bitkidən həmçinin şərbət də hazırlanır. Səhləb şərbəti hazırlamaq üçün səhləb bitkisinin köklərini yığıb qurudurlar. Hazırlamaq üçün qurudulmuş səhləb kökü həvəngdəstədə döyülür və üzərinə su əlavə edilərək qaynadılır. Alınmış məhlulu süzür və qaynar məhlulu su qaynaya-qaynaya ona əlavə edirik. Səhləb şərbəti zövqə görə şəkər əlavə olunaraq isti halda içilir. Soyuyanda qatılaşdığına görə içməli olmur. Ona görə də içilib qurtarana qədər onu isti halda saxlamaq məsləhətdir. Soyuq havalarda daha çox ehtiyacımız olan bu bitkini elə toplamaq lazımdır ki, kökü kəsilməsin. Gələcək nəsillər də ondan faydalana bilsinlər.
Doğrudan da, Sara nənənin dediyi kimi, rayonumuzun əlçatmayan, ünyetməyən qayalarından insan sevgisi ilə süfrələrimizə “qonaq gələn” bu şəfalı nemətlərdən hazırlanan çayların, şərbətlərin bir ayrı dadı olur və onlar insanı daha da sağlam, gümrah edir. Ta qədim zamanlardan öz xəstəliklərini bitkilərdən hazırladıqları dərmanlarla müalicə edən böyüklərimiz bu bitkilərin insan üçün əhəmiyyətini dərk edərək onları qoruyub, həmin bitkilər haqqında məlumatları türkəçarə vasitəsi ilə bu günümüzə qədər çatdırıblar. Biz də öz növbəmizdə böyüklərimizdən həmin bitkilərdən istifadə qaydalarını mənimsəyərək onları mühafizə edib gələcək nəsillərə ötürməliyik.
Ümumiyyətlə, uca Yaradan Şahbuz torpağına bənzərsiz təbii sərvətlər bəxş edib. Elmi mənbələrdə də Şahbuz dağlarının dərman bitkiləri, güllərin, çiçəklərin növ tərkibinə görə çox zəngin olduğu göstərilir. Muxtar respublikamızda dərman bitkilərinin istehsalı ilə məşğul olan “Farma Şah” müəssisəsinin də bu rayonda fəaliyyət göstərməsi təsadüfi deyil. 2010-cu ildən fəaliyyət göstərən “Farma Şah” müəssisəsində Şahbuz dağlarında yabanı halda bitən qiymətli dərman bitkilərin emal olunub, paketlənərək muxtar respublika xaricində də satışa çıxarılır.
“Oğuz səsi” qəzeti