Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidələrinin 140-ı ziyarətgahlardır. Xalqımızın tarixi keçmişini özündə əks etdirən tarixi abidələr və ziyarətgahlar haqqında bir çox əfsanə və rəvayətlər mövcuddur.
Sədərək rayonunun şimalında, Ucubiz dağının ətəyində yerləşən “Ağoğlan” ziyarətgahı haqqında da xalq arasında bir neçə əfsanə və rəvayət yayılıb. Bu rəvayətlərdən birində deyilir ki, Səfəvi hökmdarı Şah İsmayıl Xətai 1514-cü il avqust ayının 23-də Osmanlı hökmdarı I Sultan Səlimlə Çaldıran düzündə qeyri-bərabər döyüşdə məğlub olur. Şah İsmayılın bənzəri Xızır Məhəmməd bu döyüşdə ağır yaralanır. Onu Sədərək kəndinə gətirirlər. Ağır yaralı olan Xızır Məhəmməd burada dünyasını dəyişir və “Ağoğlan” türbəsinin yerləşdiyi yerdə dəfn olunur. O gündən bu qərib məzar xalqın ziyarət yerinə çevrilir.
Ziyarətgahın “Ağoğlan” adlandırılması isə heç də təsadüfi deyil. Tarixdən bilirik ki, Şah İsmayılın bir neçə bənzəri olub. Xətai döyüşə girməzdən əvvəl onun bənzəri ağ paltarda, üzü niqablı, ağ atın üstündə qoşunun qabağında görünər, bir təhlükə olmadığını yoxlayar, sonra hökmdar özü orduya sərkərdəlik edib döyüşdə fəal iştirak edərmiş. Məhz Xızır Məhəmmədin ağ paltarlı olması bu ziyarətgahın Ağoğlan adlanmasına səbəb olub.
“Ağoğlan” piri hər zaman Sədərək camaatının ziyarət etdiyi yerdir. İlin bütün fəsillərində bura ziyarətə gələnlərə rast gəlmək mümkündür.
Tahirə Qasımova
“Oğuz yurdu” qəzeti