Kəngərli rayonu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. 11 yaşayış məntəqəsini (1 qəsəbə və 10 kəndi) əhatə edən bu yeni yaradılmış rayona Kəngərli adının verilməsi isə heç təsadüfi deyil. Hərb tariximizdə xüsusi yer tutmuş Heydərqulu xanın, Kəlbalı xanın, Ehsan xanın, o cümlədən böyük rəssam Bəhruz Kəngərlinin də mənsub olduğu məşhur türk tayfası Kəngərlilər məhz ən qədim zamanlardan bu əraziləri özlərinə ata-baba yurdu seçiblər. Tarixi mənbələrdə göstərilir ki, Kəngərlilər qədim türk tayfası olub, ən qədim zamanlardan bəri Naxçıvan torpağında məskən salıblar. Bu cəngavər türk tayfasının adı “kəngər” sözündən götürülübdür. Bu etnonim isə Aral və Balxaş gölləri arasında yerləşən qədim Kəng (“Avesta”da Xənqxoy, Çin mənbələrində Kənquşu) dövlətinin III əsrdə hunlar tərəfindən işğalından sonra ortaya çıxıb və bu hadisədən sonra yerli əhalinin hunlarla qaynayıb qarışmasından sonra bu yeni etnos özünü kəngər adlandırmağa başlayıbdır. Bu etnonimlə bağlı olaraq digər bir tarixi mənbədə isə Kəngərlər Peçeneqlərin bir qolu hesab edilir. Peçeneqlərin əsas yurdu isə Aral gölündən şimalda, Sır-Dəryanın yuxarı və aşağı axarı daxil olmaqla, Kəngər vilayəti idi. IX əsrin ərəb coğrafiyaçısı ibn Xordadbeh Sır-Dərya çayını “Kanqar” adlandırıb. Səbəbsiz deyil ki, VIII əsrə aid bəzi tarixi qaynaqlarda bu tayfa ittifaqı həm də Peçeneqlər kimi qeyd edilir.
Kəngər tayfasının Naxçıvan ərazisində məskunlaşmağa başlaması isə eramızın IV-V əsrlərinə təsadüf edir. Belə ki, həmin yüzilliklərdə Kəngərlər Şimali Qafqazdan Azərbaycan ərazisinə daxil olan hunlarla birlikdə bu torpaqlara ayaq basmış, həmin dövrdən etibarən onlar Azərbaycanın bir çox bölgəsinə, o cümlədən Naxçıvan torpağına səpələnərək burada bina qoymuşlar. Amma tarixi mənbələrdə bu haqda fikirlər birmənalı deyil. Məsələn, məşhur yunan tarixçisi Ptolomey öz əsərində qeyd edir ki, miladdan öncə II əsrdə Şamaxı ilə Bakı arasında Kenqer, Kanqar şəhəri mövcud olubdur. Pəhləvi və gürcü qaynaqlarında da, həmçinin burada Kanqarq vilayətinin olması haqqında məlumatlar mövcuddur. Kəngər tayfası IX-X əsrlərdən etibarən (Xarəzmşahların zamanında) İslamı qəbul edib və bu dövr qaynaqlarında “Kəngli” adı ilə də tanınıbdır. IX əsrdə Səlcuq türkləri Qərbi İranı və Cənubi Qafqazı tutduqdan sonra “Kəngli” tayfaları da bu yürüşlərdə iştirak etmiş və oğuz - səlcuqların tərkibində Azərbaycanda öz mövcudluqlarını daha da möhkəmləndiriblər. Səfəvilər dövlətinin yaradıcısı və banisi Şah İsmayıl Xətainin 1501-ci ildə hakimiyyətə gəlməsi ilə Kəngər tayfası ölkənin siyasi həyatında artıq mühüm rol oynayan tayfa ittifaqına çevrilibdir. XVII əsrə gəldikdə isə, xüsusilə Naxçıvan torpağı kəngərlilərin nüfuz dairəsində idi. XVIII əsrdə əsası qoyulmuş Naxçıvan xanlığının yaradıcıları içərisində Hacı xan, Rəhim xan, Kəlbalı xan Kəngərlilər mühüm rol oynayıblar. Kəngərlilərin bir qismi XVII və XVIII əsrlərdə Naxçıvandan Qarabağa köç edib, Ağdam və Tərtər rayonlarındakı Kəngərli kənd adları da bununla bağlı ortaya çıxıbdır. Türkmənçay müqaviləsinin ardından (1828-ci il) Rusiya tərəfindən işğal olunan Naxçıvan xanlığında Kəngərlilər öz nüfuzlarını qoruyub saxlaya bilmiş, “naib” titulu ilə müxtəlif vəzifələrdə xidmət göstəriblər. Kəngər tayfası, araşdırmalar göstərir ki, geniş ərazilərə yayılıb, çox güclü tayfa birləşməsi kimi böyük nüfuz dairəsinə malik olublar. Bu türk tayfasının İran körfəzinə qədər olan ərazilərdə məskunlaşması haqqında müxtəlif qaynaqlarda məlumat var. Hətta İran körfəzinin qədim adlarından biri də bu tayfanın adı ilə bağlı olaraq Kəngər körfəzi də adlandırılıb. “Kəngər” etnoniminin mənası haqqında isə bir çox versiyalar mövcuddur. Belə ki, professor Teymur Əhmədov kəngər/kanqar və qanlı/kanqlı etnonimlərini eyni adların müxtəlif dil və ya dialekt paralelləri sayır. O yazır: “... bunu ekstralinqvistik faktlarla yanaşı, adın linqvistik təhlili də təsdiq edir. Hər iki etnonimin əsasını kanq/kəng sözü təşkil edir. Əsas fərq onlardan birinin etnonim düzəldən adam, ər, kişi mənalı ar/ər vahidi, ikincisinin isə təxminən eyni funksiyanı yerinə yetirən -lı-li şəkilçisi ilə yaranmalarındadır”.
Göründüyü kimi, bu gün 682 kvadrat kilometrlik bir ərazini əhatə edən Kəngərli rayonu öz adını bir zamanlar böyük bir coğrafiyaya yayılmış məşhur türk tayfasından götürübdür. 16 il əvvəl yaradılmış bu yeni rayona Kəngərli (əslində, Kəngər eli) adının verilməsi həm ölkəmizdə tarixi keçmişimizə, milli mənsubiyyətimizə verilən yüksək qiymətdirsə, digər tərəfdən də bu böyük türk tayfasının adının yaşadılması ilə bağlıdır.
“Yeni həyat” qəzeti