Ermənistan ordusunun real mənzərəsi: Əsgər tapılmır, ümid hərbi könüllü dəstələrədir

Paşinyan hakimiyyətini qorumaq üçün əlavə güc formalaşdırmağa çalışır

A- A A+

Pandemiya fonunda üzləşdiyi tənəzzüldən xilas ola bilməyən Ermənistanda digər sahələrlə yanaşı, ordu quruculuğu prosesində də yaşanan problemlər baş nazir Nikol Paşinyana qarşı cəmiyyətdə olan narazılığı daha da artırır. Şəxsi heyətin itkisi baxımından qeydə alınan rəqəmlər getdikcə böyüyür. Yeni hakimiyyətin qurulmasından sonra ordu rəhbərliyində aparılan dəyişikliklər də problemin həlli istiqamətində hansısa yeniliyə gətirib çıxarmadı. Əksinə, həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin sayı durmadan artır.

Yerli medianın yazdığına görə, təkcə cəbhə zonasında bu ilin ötən dövrü ərzində 30-dan çox erməni həyatını itirib. Qeyri-döyüş şəraitində də ölən erməni hərbçilərinin sayı az deyil. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrində bu məqam hətta hüquq mühafizə sistemində ciddi narahatlıqlar doğurur. Baş verən ölüm hallarında məsul olan bir nömrəli şəxs - Ermənistanın müdafiə naziri David Tonoyan isə problemi önləmək üçün hansısa addım atmaq iqtidarında deyil.

Bu günlər Ernənistanda "Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Belə ki, dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook” səhifəsində bununla bağlı paylaşım edib. Qeyd edilib ki, könüllü xalq qoşunları yaratmaq ehtiyacı qarşı tərəfə layiqli cavab vermək səbəbindən qaynaqlanır. "Xalq ordusu” yaradılması layihəsi ictimaiyyətin müzakirəsinə təqdim edilib. "Müdafiə haqqında” qanuna müvafiq dəyişikliklər edilib: "Qanun layihəsində qeyd olunduğu kimi, milis silahlı hücum və ya hərbi əməliyyat zamanı Ermənistanın hərbi müdafiəsində vətəndaşların könüllü iştirakı sistemidir. Xalq ordusu inzibati bölgüyə görə ərazi prinsipi əsasında fəaliyyət göstərəcək, briqada və batalyonlara bölünmüş hərbi birləşmələrdən ibarət olacaq. Xalq ordusunun ümumi rəhbərliyi yeni yaradılan milis qərargahının köməyi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən həyata keçirilir”.

Ermənistanın belə bir addımı atması onların gerçək ordusunda olan acınacaqlı vəziyyətdən xəbər verir. İşğalçı ölkənin ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəmə gətirilir. Artıq Ermənistan rəhbərliyi anlayır ki, həqiqi hərbi xidmətlə bağlı tələb onlardakı silahlı qüvvələrin komplektləşməsini təmin etmir. Bu səbəbdən də Ermənistanda "xalq ordusu” adlı bir formatın reallaşdırılmasına dair belə niyyət ortaya atılıb. Artıq ermənilər qanunvericilik bazasını buna uyğunlaşdırırlar. Digər tərəfdən, məqsəd dünyada yaşayan ermənilərin də hərbi xidmətə cəlb edilməsidir. Bunun başlıca səbəbi isə çağırışçıların Ermənistan ordusunda xidmət etmək istəməməsilə bağlıdır.

Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı sürətlə pisləşməkdə davam edir. Ön cəbhəyə göndərməyə artıq resurs yoxdur. Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi xarakter daşıyır.

Belə vəziyyətdə ordudan yayınanların sayının artması bu xüsusda qaldırılan cinayət işlərinin də sayını çoxaldır.

Artıq bu vəziyyət hökuməti ciddi narahat edir. Belə qəbildən olan cinayət işlərinin sayının azaldılması üçün isə yeni cəhdlər edilir. Elə buna görədir ki, Ermənistan parlamentinin ötən il 2018-ci ilədək 27 yaşı tamam olan və hərbi xidmətdən yayınan vətəndaşların müvafiq cərimə ödədikləri halda cinayət məsuliyyətindən azad edilməsi barədə qanuna dəyişikliklə bağlı layihəsi ilk oxunuşda yekdilliklə qəbul edilmişdi. Bildirilirdi ki, bu təşəbbüs Ermənistandan qaçan 2 mindən çox gəncin ölkəyə geri qayıtmalarına və həbs edilmədən cərimə pulunu ödəmələrinə imkan verəcək. Hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayının 12 mindən çox olduğu bildirilir.

"4rd.am” saytı yazır ki, hazırda 27-35 yaşarası 4 mindən çox vətəndaş orduda xidmətdən yayındıqlarına görə axtarışdadır. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir. Bütün bunlar hakimiyyətin orduya nəzarət edə bilmədiyini göstərir.

"İravnuk” qəzeti isə yazır ki, Ermənistan korrupsiya risklərinin çox yüksək olduğu 17 ölkə arasındadır. Qeyd edilir ki, Ermənistan Müdafiə Nazirliyi sistemindəki korrupsiya halına xüsusi toxunmaq lazımdır. Müdafiə sahəsində korrupsiya ölkə iqtisadiyyatına mənfi təsir edir və belə hallar aprel hadisələri və ötən ay cəbhədəki son döyüşlər zamanı da məlum olduğu kimi, çoxlu insanın həyatına son qoya bilər: "Müdafiə, milli təhlükəsizlik və daxili işlərlə bağlı parlament komissiyaları çox güclü deyil. Biz büdcə və hesabatların nə dərəcədə yaxşı idarə olunduğunu bilmirik. Faktiki olaraq, Müdafiə Nazirliyi lazımi nəzarət olmadan istədiyi büdcəni əldə edə bilir, öz vasitələrindən istədiyi kimi istifadə edir. Daxili auditlə bağlı heç bir məlumat yoxdur. Əsgərlər lazımi informasiyalar əldə edə bilmirlər, onların arasında təbliğat aparmaq mümkün deyil. Öz seçimlərini ya komandirlərin təlimatı ilə, ya da bilmədən edirlər”.

Hesab edilir ki, qarşıdakı dövr ərzində erməni ordusunda daha böyük problemlərin qeydə alınması qaçılmazdır.

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: