“Yaşıl aptek” istifadəyə verilib, avadanlıqlar, şüşə qablar və kimyəvi reaktivlərin təqdimatı olub - FOTOLAR
Naxçıvan şəhərində yeni “Yaşıl aptek”in istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, bu aptek bölmə yaradılan dövrdən mövcud olsa da, texniki imkanları indiki səviyyədə deyildi. Məhz Ali Məclis Sədrinin göstərişi ilə iki otaqdan ibarət şəkildə yenidən qurulan aptekdə ən müasir avadanlıqlar quraşdırılıb. Adından da göründüyü kimi, “Yaşıl aptek”in fəaliyyət imkanlarının genişləndirilməsində məqsəd bilavasitə Naxçıvanın zəngin təbiətindən, faydalı qazıntılarından alınan, eləcə də aparılan elmi-tədqiqat işləri nəticəsində əldə olunan məhsulların satışını təşkil etməkdir.
Akademik qeyd edib ki, ötən dövrdə qədim diyarın bitki örtüyündən nümunələr götürülərək elmi-tədqiqat işlərinə cəlb edilib və yüksəkkeyfiyyətli təbii məhsullar əldə olunub. Ötən ildən başlayaraq Şorsu palçığı və onun quru qalığı, Darıdağ arsenli suyunun buxarlanması nəticəsində yuyucu vasitə, həmçinin alınan yeni aparatların köməkliyi ilə Ordubad rayonunun Aşağı Əylis kəndində biokimyəvi tədqiqatlar laboratoriyasında ekstraktlar, yağlar, eləcə də bu ildən iki formada gülab istehsal edilir. Bundan əlavə, Duzdağ və digər ərazilərdən əldə olunan gildən yuyucu maddələr alınır ki, onun da gələcəkdə qablaşdırılaraq satışının təşkili nəzərdə tutulur. Elmin inkişafına göstərdiyi böyük qayğıya görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirən akademik İsmayıl Hacıyev aptekdə satışa çıxarılan digər məhsullar barədə də geniş məlumat verib, yaradılan şəraitdən səmərəli istifadə olunacağını, gələcəkdə məhsul istehsalının artırılacağını bildirib.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru İsmayıl Məmmədov çıxışında qeyd edib ki, institut ötən dövr ərzində muxtar respublikanın flora və faunasının, genofondunun qorunması üçün əsaslı elmi-tədqiqat işləri aparıb və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Steril şəraitdə qurudulan dərman bitkilərindən, hələlik 16 adda xəstəliyin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında dərman bitkisi qarışıqları hazırlanır. Həmin qarışıqlar “Yaşıl aptek”də və müxtəlif əczaxanalarda satışa çıxarılır. Bildiyimiz kimi, bu gün artıq dünyada kimyəvi dərman istehsalından çox fitoterapiyaya üstünlük verilir. Avropa Birliyi də artıq antibiotiklərdən istifadəyə qadağa qoyub və aparılan tədqiqatlar belə deməyə əsas verir ki, ancaq təbii bitkilərdən hazırlanan dərmanlar vasitəsilə orqanizmi effektiv şəkildə müalicə etmək mümkündür. İnstitut əməkdaşları da yaradılan şəraitdən səmərəli istifadə etməklə muxtar respublikamızın təbii ehtiyatlarından yeni dərman vasitələri hazırlamağa çalışır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il avqustun 7-də AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalaması ilə muxtar respublikamızın elmi mühiti mərkəzləşib, sistemli və davamlı inkişaf mərhələsinə qədəm qoyub.
Qeyd olunub ki, Ali Məclis Sədrinin elmin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində AMEA ötən dövr ərzində bölmə institutlarının tam formalaşması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində sistemləşdirilmiş formada böyük işlər görülüb. Bundan əlavə, bölmə əməkdaşlarının maddi vəziyyətinin yaxşılaşdırılması yönündə atılan addımlar, elm adamları tərəfindən verilən layihələrin daim dəyərləndirilməsi, eləcə də dövlət elm siyasətinin davamı olaraq Elm, Texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının mükafatlarının verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Elmin İnkişafı Fondunun yaradılması elmi yenilikləri ölkə hüdudlarından kənarda tanıtmaq, maddi-texniki bazanı ən müasir səviyyədə yeniləmək, eyni zamanda, kadr hazırlığına geniş imkanlar açıb. Ali Məclis Sədrinin verdiyi tapşırıqlar əsasında elmin istehsalata sirayət etməsi istiqamətində işlər görülür, eyni zamanda yaxın vaxtlarda “Elm festivalı”nın keçirilməsi də nəzərdə tutulur. Həmçinin tapşırıqların icrası istiqamətində Bioresurslar İnstitutunda İnnovasiya və elmi istehsalat şöbəsi yaradılıb ki, bu da elmi-tədqiqat işlərinin vahid formada təşkilinə imkan verəcək. Məhz təbii dərman bitkilərinin satışını həyata keçirəcək “Yaşıl aptek”in yenidən qurulması da Ali Məclis Sədrinin insan amilinə verdiyi böyük önəmdən irəli gəlir.
* * *
AMEA Naxçıvan Bölməsinə alınmış avadanlıqlar, şüşə qablar və kimyəvi reaktivlərin təqdimatı mərasimində bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək muxtar respublikada elmin keçdiyi inkişaf yoluna nəzər salıb, yeni təqdim olunan 54 adda şüşə qab və kimyəvi reaktivlərin, müasir professional printer və digər avadanlıqların əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında bildirib ki, muxtar respublikamızda elmin sistemli inkişafı 1996-cı ildən başlayıb.Bununla bağlı imzalanan mühüm sərəncamlar tarixi keçmişimizin qaranlıq səhifələrinin elmi tədqiqatı, innovativ layihələrin dəstəklənməsi və tədqiqat nəticələrinin onlarla elmi nəşr vasitəsilə geniş ictimaiyyətə çatdırılması ilə nəticələnib. Atılan mütərəqqi addımlar ümummilli liderimizin tarixi keçmişimizin öyrənilməsi ilə bağlı tövsiyələrinə əsaslanaraq elmin gələcək inkişafının konturlarını müəyyən edib.
Surə Seyid qeyd edib ki, muxtar respublikada elmin inkişafına hərtərəfli qayğı dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və elm adamlarının sosial rifah halının yüksəldilməsinə xidmət edən dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Vurğulanıb ki, müasir dövrdə muxtar respublikamızın iqtisadi inkişafı elmi inkişaf səviyyəsindən və qazanılan nailiyyətlərin tətbiqindən asılıdır.
Qeyd olunub ki, bu gün istifadəyə verilən “Yaşıl aptek” və AMEA Naxçıvan Bölməsi üçün alınan yeni avadanlıqlar muxtar respublikada elmin istehsalatda uğurlu tətbiqinə, innovasiya əsrinin tələblərini əks etdirən yeni layihələrin, müasir elmi düşüncələrin reallaşmasına səbəb olacaq, muxtar respublikamızın gələcək inkişafına xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev bildirib ki, muxtar respublikada elmin inkişafı sahəsində atılan addımlardan biri də AMEA Naxçıvan Bölməsi üçün laboratoriya və nəşriyyat avadanlıqları, şüşə qablar və kimyəvi reaktivlərin alınmasıdır. Həmçinin “Yaşıl aptek”in təmir edilməsi, mebel ilə təmin olunması bu işlərin davamıdır. Bütün bu görülən işlər muxtar respublikanın dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilib. Belə ki, bölməyə laboratoriya avadanlıqları, şüşə qablar və kimyəvi reaktivlərin alınmasına 44 min 469 manat, nəşriyyat işinin keyfiyyətlə həyata keçirilməsi məqsədilə professional printer və kağız alınması üçün 13 min 719 manat, proyektor və geniş elektron ekran alınması üçün 5 min 928 manat, “Yaşıl aptek”in təmir edilməsi, mebel və lazimi avadanlıqlarla təchiz olunması üçün 18 min 620 manat olmaqla, ümumilikdə, 82 min 955 manat vəsait xərclənib.
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev təqdim edilən avadanlıqların tədqiqat işlərinin həcminin artırılmasında, yeni layihələrin reallaşdırılmasında mühüm rol oynayacağını qeyd edib, elmin inkişafına göstərilən qayğıya görə alim həmkarları adından dövlətimizə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları yeni avadanlıqlarla əyani tanış olublar.
Nail Əsgərov
"Şərq qapısı" qəzeti