“Fəxr etdiyim ulu ünvan-NAXÇIVAN” - FOTOLAR
Bəri başdan deyim ki, mən Fərəc müəllimi tanıyanda o, artıq imzası ilə, şəxsiyyəti ilə həm Naxçıvanda, həm də bütövlükdə Azərbaycanda özünü təsdiq etmişdi. Və bu qiyabi tanışlığım günlərin birində gerçəkləşdi, özü də söz adamlarının köməkliyi ilə. Bu söz adamlarının sırasında Asim Yadigar, Əbülfəz Ülvi, İbrahim Yusifoğlu, Adil Cəmil və adları mənim üçün doğma olan dəyərli yazıçı və şairlərlərimiz yer tutur. Yəni məni sözünü tanıdığım Fərəc müəllimlə elə bu adamlar həmsöhbət edib yaxın dosta çevirdi. Bu dostluq öz ifadəsini Naxçıvan səfərlərində, Bakıdakı görüşlərimizdə, eləcə də telefon əlaqələrimizdə həm davam etdi, həm də daha da möhkəmləndi. Təbii ki, münasibətlərdə özünün əxlaqı və tərbiyəsilə, böyüyə sayğısıyla fərqlənən Malik Fərəcoğlunun xidməti danılmazdı. Və...
Mən Fərəc müəllimin kitablarının, demək olar ki, əksəriyyətini oxumuşam. Xüsusilə onun aftoqrafik əsəri mənə öz atamın həyat yolunu xatırladır. Düzünü deyim ki, Fərəc müəllimin bir yazıçı-publisist kimi qələmə aldığı həmin aftobioqrafik əsərdə jurnalistikanın təsiri, cizgiləri danılmazdı. Belə ki, həyatını mətbuata bağlamış bu insan gördüklərini, müşahidələrini təkcə yaddaşına köçürməyib, həm də qələmə alıbdı. Bu da əsərlərə, məqalələrə çevrilməklə əbədi yaşam haqqı qazanıb. Bax elə iyul ayının sonlarına yaxın telefonla Fərəc müəllimlə danışarkən yeni kitabının işıq üzü gördüyünü söylədi və bildirdi ki, kitab payımı göndərəcək. Həmişə vədinə, sözünə dürüst olan Fərəc müəllimin mənə aftoqrafla yazdığı kitabı poçtdan götürəndə bir daha onun dəqiqliyinə, həm də səliqə-səhmanına heyran oldum. Aftoqraf o qədər səliqəli və ürəkdən yazılmışdı ki, onu bir neçə dəfə oxumaqdan özümü saxlaya bilmədim. Fərəc müəllimin yeni kitabı "Fəxr etdiyim ulu ünvan – Naxçıvan” adlanır. Bu kitab şeirlərdən, poema və hekayələrdən ibarətdir. Tam səmimiyyətlə vurğulamaq istəyirəm ki, Fərəc müəllimin şeirləri torpağa, doğulduğu el-obaya vurğunluqla köklənib ki, onun səmimiyyətinə heyran qalırsan. Mən şeirlərin qeyri-adi ədəbiyyat olması fikrini bir kənara qoyuram. Bu şeirlərdə bir gerçək var. O da müəllifin Naxçıvana, onun hər qarışına, bütövlükdə Azərbaycana bitib-tükənməyən sevgisidi. Özü də bu sevgi qışqır-bağırla yox, sadəcə, ahəstə bir səslə söhbət kimi, danışıq kimi oxucuya təqdim olunub. Oxuduqca anlayır və inanırsan ki, müəllif Naxçıvanın pərvanəsidi. Onun dağının, daşının, ağacının, yolunun, suyunun, havasının, illah da ki, adamlarının divanəsidi. Bu yerdə mən Fərəc müəllimin yurd sevgisinə baş əyirəm. Və yenə birmənalı şəkildə vurğulayıram ki, mən bu şeirlərin gerçəkliyinə inandım... bu fikirlərin içdən gəldiyinə əmin oldum. Elə kitabdakı azadlıq mübarizəmizin vəsfi olan poemada Fərəc Fərəcov özünü yurdun əsgəri saydığını sakit bir şəkildə bəyan edir.
"Fəxr etdiyim ulu ünvan – Naxçıvan” kitabında yer alan hekayələrin mövzuları yaşanmış, yaşanılmış və həyatdan götürülmüş məqamlardı. Bu, mənim bir oxucu kimi təxminimdi. Yəni "Velosiped”, "Papaq”, "Toy” və digər hekayələri, xüsusilə mənim xəyalımı uzaqlara çəkib aparan "Cavabsız sevgi” mənə diqtə etdi ki, bütün bunları müəllif buludlardan, göy üzündən götürməyib, oralarda axtarıb tapmayıb. Və onun oxucuya təqdim etdiyi hekayələr, onların qəhrəmanları hardasa elə bizim hər birimizik. Bax, bu ilıq, düşündürücü və həm də xatirələrin yaddaşına daş atan hekayələrə görə də mən dostumu təbrik edirəm...
Bəli, az qala birnəfəsə gözdən keçirdiyim "Fəxr etdiyim ulu ünvan – Naxçıvan” kitabı mənə bir dost hədiyyəsi kimi də dəyərli oldu, bir yazıçı töhfəsi kimi də. Düşünürəm ki, Naxçıvan ədəbi mühitinin təmsilçisi olan Fərəc Fərəcovun bu kitabı da oxucuların diqqətindən yayınmayacaq. Mən isə öz növbəmdə bir daha müəllifə can sağlığı və uğurlar diləyirəm.
Əbülfət Mədətoğlu
"Ədalət" qəzeti
29.08.2020