Liderlər yetişdirən televiziya: LİDER TV

A- A A+

Hələ tələbə ikən, Bakı Dövlət Universitetinin 5-ci mərtəbəsində yerləşən Jurnalistika fakültəsində keçirilən dərslərdə həmişə geniş pəncərənin qabağında oturmağa çalışırdım. O zaman pəncərədən Yasamal rayonunda  ən hündür  binada, bozumtul göy rəngə çalan göydələndə baxışlarım ilişib qalırdı. Bu bina  seçilirdi ətrafında olanlardan. Həm hündürlüyünə, həm də yeni dizaynına görə diqqəti çəkirdi.  Mən isə onda pedaqoqlarımızın bizə ürəklə keçdiyi dərslərə qulaq asırdım. Sonradan isə tale elə gətirdi ki, həmin binada Lider Televiziyası yerləşdi. Məni Lider Televiziyasının  Naxçıvan müxbiri kimi telefonla işə dəvət edən bölgə koordinatoru ünvanı başa salanda istiqamət olaraq, “Orada uzun bozumtul göy bina var..”- deyən kimi, “Hə, bax elə o binada yerləşir Lider Televiziyası” cavabını aldım. Bu bir təsadüfmü idi? Xəyalım məni bir anlıq o “seçilən” binaya apardı. Beləliklə, jurnalist taleyim 2003-cü ilin noyabrından Lider Televiziyası ilə bağlandı.

Düz 17 ildir ki, bu televiziyada çalışıram. Naxçıvanla bağlı həqiqətlər, son 17 ildə onun inkişaf tempi, möhtəşəm iqtisadiyyatı  saniyə-saniyə  Lider Televiziyasının efirindən dünyaya yayımlanıb. Bu televiziya ilə naxçıvanlı tamaşaçılar arasında səmimi ünsiyyətin yaranmasında az da olsa zəhmətim olub. Bununla həmişə qürur duymuşam. Çünki Naxçıvanda yaşayan insanlar istənilən vəziyyətdə milli dəyərlərə, dövlətə və dövlətçiliyə, özünün Ümumi liderinə həmişə  sadiq olub. Elə Lider Televiziyasının da bu dəyişməz mövqeyi muxtar respublikada rəğbətlə qarşılanıb. Televiziyanın  Naxçıvan müxbiri olmaqla yanaşı,  2005-2007-ci illərdə Bakıda, mərkəzi ofisdə təcrübə keçərək işləyəndə daha çox şeylər öyrəndim. Açığı 1999-cu ildən özünəməxsus məktəbi olan Naxçıvan Televiziyasında uşaqlar, gənclər, hərbi vətənpərvərlik mövzusunda verilişlərin, televiziya üçün  filmlərin çəkilişi ilə məşğul olsam da, Lider Televiziyasında xəbərlərin müxbiri kimi işləmək bir qədər fərqli idi. Lider TV yarandığı gündən öz kollektivinə ölkənin ən yaxşı jurnalistlərini, televiziya işçilərini cəlb edə bilmişdi. Burada rastlaşdığım əməkdaşların bəziləri yaşda məndən balaca olsa da, etiraf edim ki, onlardan çox şey öyrəndim. O ki qaldı, yaşda məndən böyük və  daha təcrübəli olanlardan. Lider TV-nin üstünlüyü onun prezidenti Ədalət Əliyevin yenilikçi olması və bacarığı idi. Ədalət müəllim yaradıcılığa yeni, müasir tərzdə yanaşması ilə işləri çox ustalıqla tənzimləyirdi. Söz və qələm sahibi olan peşəkarlar üstəgəl yenilik. Bu artıq Lider Televiziyasının iş prinsipinin düsturu idi. Buna konkret hədəflərin olması və ona doğru inamla irəliləməyin də əlavə edilməsi  televiziyanın özünəməxsus yeni bir məktəb kimi formalaşmasına təkan verdi. Rusiyanın qabaqcıl televiziyalarından dəvət edilən mütəxəssislər Farid Seyfulmlyukov, Georgi Zubkov  kimi sovet jurnalistikasının canlı əfsanələrinin kurslarının təşkili jurnalistlərin yetişməsində xüsusi rol oynadı. Müxbirlər, operatorlar, prodüserlər, rejissorlar, işıqçılar, montajçılar üçün kurslar ilk dəfə olaraq Lider TV-də keçirildi. Özəl televiziya kanalı olaraq gündə 9-10 dəfə bir neçə dildə efirə  çıxmaq da bura daxil idi.

Lider Televiziyası Azərbaycan teleməkanında bir çox ilklərə də imza atdı. Bunlara “Maşın” realiti şousu, dünyaca məşhur “Zəif bənd” intellektual oyunu, “Vorner Brozers ” kimi tanınmış şirkətin lisenziyalı filmlərinin nümayişi kimi təşəbbüslər  maraqlı layihələrin bir hissəsi  idi. ABŞ, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, İsrail, Türkiyə, Özbəkistan, Belçika, Ukrayna, Gürcüstan və digər ölkələrdə müxbir postu olan yeganə müstəqil televiziya da Lider TV sayılırdı. Bir sözlə, adına məxsus liderliyi qoruya bilirdi.  

Lider TV-nin ən son maraqlı layihəsi isə muxtar respublikanın yaradılmasının 95 illiyi münasibətilə Naxçıvan Dövlət Televiziyası ilə qarşılıqlı əməkdaşlığı oldu. Media aləmində ilk dəfə özəl bir televiziya heç bir tərəddüd etmədən digər televiziyanın hazırladığı film, tamaşa, konsert və materialları öz efirindən təmənnasız olaraq məmnuniyyətlə  yayımladı. Beləliklə, ölkənin ikinci qocaman televiziyası olan   Naxçıvan Televiziyasının materialları efir arealı Avropa və Amerikanı əhatə edən  Lider TV-dən dünya ictimaiyyətinə təqdim olundu. Bu blokada şəraitində yaşamağına baxmayaraq özünün iqtisadi inkişafı ilə dünyanın bir çox ölkələrinə nümunə olan Naxçıvanın həqiqətlərinin beynəlxalq səviyyədə daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.  Bu əməkdaşlıq bu gün də qüvvədədir.

Nə isə... 20 illik keçilən yola baxdıqda çox şeylər görünür.

Sentyabrın 1-də  20 yaşı tamam olur televiziyamızın. Əsl peşəkarlar yetişdirdi və özünün məktəbini yaratdı bu iyirmi ildə Lider TV. Lider TV bizə jurnalistika ilə bərabər, bu peşədə  LİDERLİK xüsusiyyəti də aşılaya bildi. Burada millət vəkilləri, siyasi analitiklər, televiziya rəhbərləri yetişdi. Mən hələ uğurlu karyerası ilə başqa televiziyalarda, müxtəlif qurumların mətbuat xidmətlərində sayılıb-seçilən işində lider olan jurnalist həmkarlarımızı demirəm. İlk dəfə olaraq məhz bu kanalın əməkdaşlarına rəhbərlik tərəfindən mənzillər  hədiyyə edildi. Hələ ki, heç bir televiziya bu addımı təkrarlamayıb.  

Etiraf edək ki, bölgə müxbirləri olaraq Lider TV-nin əməkdaşları heç də paytaxt səviyyəsində fəaliyyət göstərənlərdən geri qalmır. Hətta bir qədər irəli də gedib. Çünki Naxçıvan, Gəncə, Qarabağ, Şimal, Şimal-Qərb, Aran, Cənub bölgələrində çalışan jurnalistlər ilə iş təcrübəsi də fundamental əsaslar üzərində qurulub. Elə buna görə  sona qədər də ona sədaqətli qaldı bölgə müxbirləri!

Bu gün bəlkə də mövcud vəziyyətlə bağlı 20 illiyi 5-10 illiyi kimi o qədər də təmtəraqla qeyd edilməyəcək. Amma bu televiziyanın “mətbəxindən” keçən və özünü ürəyində lider(çi) sayan  hər kəs üçün bu kanal həmişə doğma və əzizdir.

20 yaşın mübarək, özünün yaratdığı yolundan heç vaxt dönməyən, öyrədən və məktəb yaradan doğma LİDER TV !!!        

Səməd Canbaxşiyev, Lider TV, Naxçıvan.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: