Muxtar respublikanın üç rayonunda yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirləri həyata keçirildi - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dezinfeksiya tədbirləri Şərur, Sədərək və Kəngərli rayonlarında aparılıb. Şərur rayonunda Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi və Mülki müdafiə alayının dezinfeksiya qrupları tərəfindən, ümumilikdə 2200 kvadratmetr sahə, o cümlədən Mərkəzi Xəstəxana, Uşaq xəstəxanası, Texniki peşə və sürücülük məktəbi, Şərur Şəhər Fizika-Riyaziyyat təmayüllü lisey, 2 nömrəli məktəb və “Naxçıvanbank”ın Şərur rayon filialının girişləri, zirzəmisi və ətrafları dezinfeksiya edilib.
Həmçinin Sədərək rayonunda Dövlət Yanğın Təhlükəsizliyi, Mülki müdafiə alayının dezinfeksiya qrupu, rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsinin şəxsi heyəti tərəfindən avtomobil yolları və səkilər olmaqla, ümumilikdə 115000 kvadratmetr sahə dezinfeksiya edilib.
Kəngərli rayonunda isə bu tədbirlər rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən Təzəkənd, Çalxanqala və Xıncab kəndləri ərazisində məktəb, musiqi məktəbi və inzibati ərazi dairəlikləri üzrə nümayəndəliklərin inzibati binalarının ətrafı, girişləri və zirzəmilərində aparılıb.