Vətəndaş məsuliyyətsizliyi və ya sağlamlığın qəsdinə durmaq - FOTOLAR
2020-ci ilin əvvəlindən tədricən dünyanı saran pandemiya əksər sahələrə, xüsusilə də turizm sektoruna öz mənfi təsirlərini göstərdi. İqtisadiyyatının əsasını turizm təşkil edən ölkələr bu sahə üzrə son illərin ən böhranlı dövrünü yaşadı. Mövcud şəraitlə əlaqədar yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşmədi, mart ayından başlayaraq bu sahədə durğunluq yaşandı.
“Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Ona görə ki, əvvələn, pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması, əlbəttə, müəyyən məhdudiyyətlərlə bağlı olacaq”. Bunu iyunun 30-da BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirilən videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Azərbaycan Prezidenti pandemiya dövründə daxili turizmə böyük diqqət yetirildiyini vurğulayıb: “Daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq”.
Turizm şirkətləri tərəfindən xaricdən muxtar respublika ərazisinə öncədən planlaşdırılan turlar təxirə salındı. Turizm sektorunu mövcud vəziyyətə uyğun saxlamaq zərurəti nəticədə daxili turizmin inkişafına təkan verdi. Qanunvericiliyin tələblərinə uyğun olaraq xidmət göstərən otellər, ictimai iaşə müəssisələri, nəqliyyat, əyləncə mərkəzlərində sanitar-gigiyenik normalara ən yüksək səviyyədə əməl olundu. (bu barədə daha ətraflı növbəti yazımızda)
Bugünkü yazımın motivi isə turizm şirkətlərinin göstərdiyi xidmətlər deyil, insanların özlərinin istirahətlərinin təşkili ilə bağlı planları və bu planlardan yola çıxaraq cızdığı xəritələrdir.
Bu xəritələr üzrə biz də öz növbəmizdə yola çıxdıq. Yay fəslində, xüsusən də, şənbə-bazar günləri təbii olaraq insanların istirahət ehtiyacı yaranır. Həm də təbiətin elə bir dövrüdür ki, insana gəl-gəl deyir. Naxçıvan şəhərindən hamar və rahat yollar istənilən markalı avtomobil sahibini ta dağ kəndlərinədək elə rahat və təhlükəsiz şəkildə də çatdırır. Kəndlərimizin gözəlliyinə isə söz ola bilməz. Əzəmətli dağları, saf və təmiz havası, cana məlhəm verən bulaqları, göz oxşayan yaşıllıqlar, xoş nəğməsi ilə könülləri fəth edən çaylar, gur şəlalələr və daha nələr, nələr... Bir də üstəgəl ekoloji cəhətdən saf, təmiz kənd məhsulları. Xəstə insan belə bu yerlərdə şəfa tapar. Yeri gəlmişkən, bir tarixi faktı xatırlatmaq yerinə düşər. Belə ki, 1828-ci ildə rus qoşunları Abbasabad qalası yaxınlığında döyüşəndə 45 dərəcə istidə xəstələnir. Gömür kəndinin yaxınlığındakı Şəfa bulağının möcüzəvi xüsusiyyətlərini eşidən Paskeviçin əmri ilə bulağın ətrafında hərbi səyyari xəstəxanalar yaradılır. Rus qoşunları xəstəlikdən azad olur.
Müasir dövrümüzdə sanki bu torpağa sağlamlıq üçün müraciət edənlər azdımı?! Əksinə, Duzdağ, Darıdağ kimi təbii müalicə ocaqları bu gün bütün dünyaya sağlamlıq saçan məkan kimi qucağını açıb. Elə təkcə Duzdağ Fizioterapiya Mərkəzinə il ərzində orta hesabla ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur. Batabatın Zorbulağından su içmək və qablara doldurub aparmaq üçün nə qədər yol qət edib gələnlər var. “Badamlı”sı, “Sirab”ı, “Çınqıllı”sı azmı dərdlərə şəfa olub? Bütün bunlar hamısı bildiyimiz və gördüyümüz faktlardır.
Naxçıvan bu gün dünyanın dörd bir yanından gələn turistlərin diqqətini cəlb edir. Təsadüfi deyil ki, 2019-cu ildə qədim diyara ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə 415,9 min turist gəlib. Bu isə 2009-cu illə müqayisədə 84,1 faiz çoxdur. Yəni ilbəil artan xətt üzrə inkişaf dinamikası müşahidə olunub. Naxçıvanın turizm ehtiyatları, təbiətinin zənginlikləri bu artıma təkan verib.
Naxçıvan təbiəti həm də ona görə zəngindir ki, qorunur, mühafizə olunur, yaşıllıqlar ilbəil artırılır. Nəticə etibarilə sağlam ekoloji mühit formalaşdırılır. Və bu mühit insanların həyatına, sağlamlığına birbaşa təsirini göstərir. Həyata keçirilən bütün tədbirlərin sonunda insan faktoru dayanır: onun sağlamlığı, sosial rifahı, mənalı istirahəti, xoş əyləncəsi.
Xaricə çıxa bilməyən insanlar bu yay öz məzuniyyətlərini və şənbə-bazar istirahətlərini muxtar respublika daxilində keçirməli oldular. Hər kəs etiraf edər ki, bəlkə də builki qədər Naxçıvan təbiətinin, kəndlərinin gözəlliyinin fərqinə varan olmayıb. Elə bu gözəlliklər deyildimi insanları bu yerlərdə istirahətə sövq edən? Cızdıqları xəritədə daha çox Şahbuz, Culfa və Ordubad istiqamətləri yer aldı. Və əminliklə deyə bilərəm ki, hər kəs təbiətin ən gözəl, dilbər guşəsini arayaraq təmizliyə, yaşıllığa, gözəlliyə sığındı. Sığındıqları gözəlliyə naxələf çıxaraq korlayanlar da az olmadı.
İnsan təbiətin bir parçasıdır. Ona görə o komfortlu otellərdən daha çox təbiətdə özünü tapır, mənəvi qidasını alır. Lakin gördüyümüz xoşagəlməz mənzərələr acı təəssüf hissi doğurdu. Necə olur ki, insan özünü tapdığı, əyləndiyi, dincəldiyi bir məkanın gözəllik tablosunu öz əlləri ilə dağıdaraq geri dönür? Axı buna onu nə vadar edir? Və yaxud da çoxmu çətindir yediyinin, içdiyinin artıqlarını bir torbaya doldurub onu təmizlik qutusuna atmaq? Axı təbiətə qayğı, ətraf mühitin təmizliyinə nəzarət tək əlaqədar qurumların vəzifəsi deyil ki?! Buna hər kəs məsuliyyətlə yanaşmalıdır. Təbiət bizim evimizdir. Bu şəhər, bu kənd, bu qəsəbə bizim evimizdir. Geri buraxdığımız zibilləri kimsə görməyə bilər, bəs vicdanımızın gözü hardadır? Naxçıvanımızın dadlı-tamlı məhsullarını-bu təbiətdə ərsəyə gələn balını, bərəkətli torpaqlarda yetişən bostan və tərəvəz məhsullarını, südünü, pendirini, şorunu, kərəsini bəh-bəhlə sağlamlığımız naminə alıb soyuducunu, dolablarımızı doldurmuruqmu? Bir tərəfdən sağlamlığımızı düşünür, digər tərəfdən sağlamlıq mənbəyimiz olan təbiəti korlayırıq. Bu ziddiyyət nədən qaynaqlanır? Tənbəllikdənmi, bilgisizlikdənmi, ya elementar davranış normalarına əməl etməməkdənmi? Bəzilərinə dünyanı saran bu pandemiya dərs olmadımı? Sanitar-gigiyenik qaydalara daha çox əməl etməyimiz gərəkdiyi bir zamanda təbiətin gözəlliyinə xələl gətirməyimizin adı nə? Sadəcə vətəndaş məsuliyyətsizliyi və ya sağlamlığın qəsdinə durmaq!
Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru