Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il 15 fevral tarixdə “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam vermişdir. Bu Sərəncamla milli mənəvi dəyərlərimizi özündə əks etdirən, bir etnosun milli kimliyini, intellektini, dünyagörüşünü, estetikasını və həyat fəlsəfəsini ortaya qoyan qədim xalq sənətimiz xalçaçılıq inkişaf edəcək, ənənəviliklə müasirliyi özündə əks etdirəcəkdir. Həmçinin insanların sosial rifahının yaxşılaşması üçün mühüm addımlar atılacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan xalçalarına böyük dəyər verərək deyib: “Naxçıvan xalçaları sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir”.
Azərbaycanda xalçaçılığın, xalçanın və xalça məmulatlarının (çuvalların, məfrəşlərin, xurcunların və s.) ölkəmizdə yaranma tarixini dəqiq müəyyənləşdirmək olmasa da, əldə olunan materiallar əsasında bu haqda müəyyən fikir söyləmək olar.
Naxçıvanın Kültəpə ərazisindən arxeoloji qazıntılar zamanı arxeoloq Osman Həbubullayev gildən düzəldilmiş toxucu alətləri-iy və cəhrə aşkar edib. Buradan həmçinin gildən düzəldilmiş qabların içində qırmızı rəng də tapılıb ki, boyaq otlarından alınan bu rənglərlə insanlar xalça iplərini boyayırmışlar. O, Həbubullayev Kültəpədə yaşayan qəbilələrin ilk dəfə primitiv xalça toxuduqlarını e.ə. IV-III minilliyə aid olduğunu bildirib. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilən at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilən qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış aslan təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilib. Yunan tarixçisi Ksenofont (bizim eramızdan əvvəl V əsr) bildirir ki, farslar xalçalardan istifadə etməyi midiyalılardan öyrəniblər. Tarixçi Sebos Bizans hökmdarı Herakliusun 628-ci ildə Naxçıvanda əldə etdiyi qənimətdən danışarkən, qızıl və gümüş saplarla naxış vurulmuş çoxlu xalçalardan söz açır. X əsrin ikinci yarısına aid "Hüdud Əl-Aləm" əsərində Naxçıvanın zili və xalçaları barədə ətraflı məlumata rast gəlmək olur. Bundan əlavə, XIV əsrdə yaşamış Həmdullah Qəzvini Naxçıvan sənətkarlarının çox yüksəkkeyfiyyətli xalça toxumaları barədə məlumat verib. Bütün bu kimi faktlar Azərbaycanda, o cümlədən Naxçıvanda xalçaçılığın qədim zamanlardan mövcud olduğunu sübut edir. Naxçıvanda xalçatoxuma sənətinin qədim olmasına baxmayaraq, xalçaçılığın müstəqil sənət sahəsi kimi inkişafı orta əsrlər dövrünə təsadüf edir.
Xalçaçılıqla bağlı adətlər və inanclar.
Hansı evdə toxunub başa çatan xalça hanadan kəsilərdisə, həmin evdə olan subay qızın tezliklə ailə qurması üçün üzərində ilk dəfə körpə oğlan uşağı gəzdirərdilər. Hətta belə deyirlər ki, elçi gedən zaman qızdan ilk soruşduqları söz bu olurdu: -Qızım xalça toxumağı bacarırsan? Cehizlik xalça toxumaq, ərə gedən qıza ata evindən xalça bağışlamaq hələ qədimdən adət olubdur.
Xalça verərlər gəlinə.
Dolça verərlər gəlinə,
Bizim yerin adətdidir,
Xalça verərlər gəlinə.
Qədimdə evlərdə asılan, xalça toxunub qurtaran kimi bu zaman bir oğlan uşağı xalçanın kücü ağacını götürüb at kimi üstünə minər, evin ətrafına dolanardı. Xalça sahibi ona şirinlik verib bu ağacı alardı. Yuxuda kiminsə evində xalça toxunduğunu görürdülərsə, tezliklə o evdə xeyir iş olacağına inanardılar. Və ya xalçanın ilmələrinin sökülməsi həmin insanın düşdüyü çətinliklərdən xilas olunmasına işarə idi.
Xalça ilə bağlı bir deyim var. Bu deyimdə xalça toxuyan qız öz ürəyindən keçənləri xalçaya tökmüşdür.
Ay оğlan, çaş-baş оğlan,
Yadlara sirdaş оğlan,
Xalıya namə yazmışam
Оxu, bağrı daş оğlan.
Boyaqçılıq
Tədqiqatçı alim Kamil Vəliyev boyaqçılıq sözünün boyaqçiçəyinin adından törədiyini qeyd edərək yazır ki, boyaq çiçəyindən hələ qədimlərdən rəng alıblar. Bu sözdən boyamaq, ondan boyaq, boyaqdan isə boyaqçı törəyib. Etnoqrafik materiallar xalq təcrübəsində təbii boyaqlardan istifadənin müxtəlif üsulları olduğunu göstərir. Boyaq bitkiləri çox vaxt qurudulmuş şəkildə, bəzən də olduğu kimi boyama prosesinə cəlb edilib. Xalçanın gözəl alınmasında boyaqçının boyağı mühüm şərtdir. İpin boyanması ilə əsasən, yazda və payızda məşğul olurdular. Verilən məlumata görə, yazda boyanan yun günəş şüalarının təsiri altında daha keyfiyyətli olurdu. Lakin isti havayla əlaqədar olaraq yayda hamı toxuculuqla məşğul ola bilmirdi. Buna görə də ipboyama ilə əsas etibarilə payız aylarında məşğul olurdular. Bu zaman təbii boyaq otlarının və meyvələrinin hamısı toplanırdı. Bunun başqa bir səbəbi də o idi ki, toxuculuq sənətində aparıcı rola malik olan qadınlar yayda əkinçiliklə məşğul olurdular. Yalnız əkin-biçin sovuşduqdan sonra onlar toxuculuqla məşğul olmaq imkanı əldə edirdilər.
Boyama zamanı kələfi qazanın içində çox saxlamırdılar ki, dolaşmasın, əgər çox saxlanılardısa ip dolaşardı. Alınan boyağın içinə boyanı yaxşı tutsun deyə zəy, duz atırdılar.
Boyaqçılıq sənəti ilə məşğul olan ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı rəng almaq üçün tut ağacının yarpaqlarından, zirincin kötüyündən və samandan istifadə olunurdu. Qırmızı rəng üçün boyaq otundan, qara rəng üçün isə çörəkotu bitkisindən istifadə edirdilər. Müəyyən rəngləri almaq üçün nar, cəviz qabıqlarından da istifadə edirdilər.
Nənələrimiz boyaq kimi zəfərandan da istifadə ediblər. Sənətşünas alimlər isbat ediblər ki, dahi italyan alim Leonardo da Vinçi hazırladığı rənglərə zəfaran da qatırdı. Bu da alınan rəngin şux sarı, özü də silinməz olmasını təmin edirdi. XVII əsrdə Naxçıvanın Azadciran mahalı Şərqin və Avropanın bir çox ölkələrini boyaqotu (marena) ilə təmin edirdi.
Tədqiqatçı alim Tofiq Baba yazır ki, qadınlar ipi boyayarkən belə mahnılar da oxuyurdular:
Alınan abı, ellər babı.
Alınan yaşıl, xub yaraşır.
Alınan sarı, gəl mənə sarı.
Ağınan qara, yaraşır yara.
Topladığımız etnoqrafik çöl materiallarına görə, boyaq yaxşı tutsun deyə kələfi ilk öncə soyuq suda yuyur, sonra sıxıb qazanın, ya da küpün içinə salırdılar. Qazandan çıxarılıb sərilən kələf suyunu süzdükdən sonra soyuq su ilə bir də yuyulurdu. Əgər yuyulan zaman ipin rəngi gedərsə, deyərdilər ki, bu yaxşı tutmayıb və boyaqçı peşəkar deyil.
Asəf ORUCOV
Tarix üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi