Muxtar respublikada energetika sahəsində infrastrukturun daim yenilənməsi nəticəsində abonentlərə fasiləsiz elektrik enerjisi verilir, bu sahədə xidmət müasir tələblər səviyyəsində qurulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən il Babək Rayon Elektrik Şəbəkəsinin energetikləri tərəfindən rayon mərkəzi olan Babək şəhərində də smartkarttipli elektrik sayğacları quraşdırılıb. Hazırda bu işlər rayonun Şəkərabad kəndində davam etdirilir. Avqust ayının ortalarından başlanan iş sürətlə aparılır və artıq 94 abonentin evində müasir sayğaclar quraşdırılıb. Bu sayğaclar bir çox üstünlüklərə malikdir. Belə ki, abonent istədiyi məbləğdə enerji sərfiyyatını ona verilmiş karta yükləyir və kartdakı enerji sərfiyyatını sayğacına köçürür. İstifadəçi sayğacda olan balans miqdarına da nəzarət edə bilir. Belə ki, balans miqdarı azaldığı zaman sayğacın ekranında “KREDİT Al” xəbərdarlıq mesajı görünür. Enerji kəsildiyi halda abonent kartından istifadə edərək kredit götürə bilir və sonrakı yükləmədə bu kredit onun balansından çıxılır. Kreditin bitməsi saat 17:00-dan bir sonrakı gün saat 10:00-a təsadüf edərsə, abonentin elektrik enerjisi kəsilməyəcəkdir.
Qeyd edək ki, gələcəkdə Babək rayonunun digər kəndlərində də smartkarttipli elektrik sayğaclarının quraşdırılması planlaşdırılır.
Muxtar Rzazadə