Qarabağlar kəndində yeni içməli su və kanalizasiya xətləri çəkilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Kəngərli rayonunun Qarabağlar kəndində yeni içməli su xətlərinin çəkilməsi davam etdirilir. Artıq 1130 evdə içməli su xətlərinin birləşmələri aparılıb. Bu günə qədər rayonda 100,7 kilometr içməli su, 9,9 kilometr kanalizasiya xəttinin tikintisi başa çatıb.
Layihəyə əsasən 244,5 kilometr su və 87,1 kilometr kanalizasiya şəbəkələri tikiləcək, 5845 su və 1962 kanalizasiya birləşməsi aparılacaqdır. Qeyd edək ki, kanalizasiya suları yeni tikiləcək çirkab su təmizləyici qurğuda təmizlənəcək.
Həmçinin rayonda hər birinin gücü saniyədə 8 litr olan 25 subartezian quyusu da qazılacaq. Bu günə qədər artıq 6 quyu qazılaraq hazır vəziyyətə gətirilib.
Qarabağlar sakinlərinin içməli su ilə davamlı təminatı üçün burada ümumi tutumu 20 min kubmetr olan 4 yeni su anbarı da fəaliyyət göstərəcək. Kənddə suyun davamlı verilməsi üçün təmiz su anbarından nasoslar vasitəsilə su kəndin yuxarı hissəsində tikilən 2 su anbarına vurulacaq. Artıq bu istiqamətdə də işlərə başlanılıb. Hazırda anbarın tikinti işləri davam etdirilir. Təmiz su anbarının dəmir-beton işləri artıq başa çatıb. Bu anbarlar vasitəsilə əhalinin içməli suya olan tələbatı keyfiyyətli şəkildə, 24 saat fasiləsiz olaraq tam ödəniləcək.
Xatırladaq ki, mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması” layihəsinə baxıb. Ali Məclisin Sədri layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Qeyd edək ki, su və kanalizasiya sistemlərinin qurulması növbəti mərhələdə digər kənd yaşayış məntəqələrində və rayon mərkəzi olan Qıvraq qəsəbəsində də davam etdiriləcək.
Mahmud Hüseynov