Naxçıvanda Aşıqlar Birliyi üzvlərinin onlayn konserti oldu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində baş tutub. Aşıqlar Birliyinin üzvləri qədim el havalarından “Şirvan” gözəlləməsi, aşıq havalarından “Ruhani”, “Baş dübeyti”, “Zülfüqar dübeyti”, “Naxçıvani” və ustad aşıqların yaradıcılığından saz havalarını səsləndirib. Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovun, birliyin üzvlərindən Aydın Cəfərovun, Nurçin Məmiyevanın, Gülzar Əhmədlinin, Leyla Kərimovanın, Güntac Ayazlının və Lamiyə Tahirovanın qrup şəklində ifaları izləyicilər tərəfindən maraqla qarşılanıb. Saz-söz ustalarımızı balabanda Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əli İsmayılov, nağarada Samiq Kazımov və qoşa nağarada Nəsir Həsənov müşayiət edib. Təqribən 40 dəqiqə davam edən konsert proqramı Naxçıvan Dövlət Televiziyasında və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında canlı olaraq yayımlanıb.
Nurlana Əhmədova