YAP Gənclər Birliyi Ermənistanın təxribatçı əməlləri ilə bağlı virtual aksiya keçirib - FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Ermənistanın hərbi təxribatları və Livandan, Suriyadan erməni ailələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürmək yolu ilə etnik tərkibi və demoqrafik vəziyyəti süni şəkildə dəyişmək planları ilə əlaqədar problemə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün “Twitter”, “Facebook”, “Instagram” və “Telegram” vasitəsilə aksiya keçirib.
YAP-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, aksiya zamanı Ermənistanın işğalçılıq və təxribatçı əməllərini, eləcə də faşizm siyasətini dövlət ideologiyasına çevirməsindən bəhs edən posterlər “Twitter”, “Facebook”, “Instagram” və “Telegram”da aktiv olan dünya siyasətçilərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.
Bu barədə məlumat verən YAP Gənclər Birliyi ofisinin rəhbəri Elmar Məmmədov deyib ki, aksiya zamanı yüzlərlə gənc dünyada ədalət, demokratiya, qanunun aliliyi axtarışında olan dövlətlərin və beynəlxalq təşkilatların rəhbərliyinə müraciət ünvanlayıb. Bu sırada ABŞ-ın Ağ evi, Konqresi, Dövlət Departamenti, Konqres rəhbərliyi, senatorlar, xüsusilə də daim erməni maraqlarından çıxış edən Frank Pallone, Bob Menendez və başqaları var. Eyni zamanda, posterlər Ermənistanın qanunsuz əməllərinə reaksiya verməsi üçün ATƏT-in, AŞPA-nın, Avropa İttifaqının, Avropa Parlamentinin, NATO-nun, həmçinin Avropadakı siyasi partiya birliklərinin, Azərbaycana qarşı daim qərəzli mövqe tutmuş “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” və başqa təşkilatların ünvanlarına göndərilib.
Ofis rəhbəri vurğulayıb ki, aksiyanın keçirilməsində məqsəd təkcə qeyd edilən siyasətçi və təşkilatların deyil, eyni zamanda, “Twitter”, “Facebook”, “Instagram” və “Telegram” istifadəçilərinin böyük əksəriyyətinin də diqqətini Ermənistanın qanunsuz və təxribatçı əməllərinə, faşizmi dövlət ideologiyasına çevirməsinə çəkməkdir.