Sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn məşğələ təşkil edilib - FOTOLAR
Təhsil nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Dulusçuluq və Qum sənəti dərnəklərində sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn məşğələ təşkil edilib. Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutan məşğələdə uşaqlar üçün maraqlı əl işləri hazırlanıb.
Belə ki, Mərkəzin Estetik Tərbiyə, Təsviri incəsənət və Musiqi şöbəsinin Qum sənəti dərnəyinin rəhbəri Həbib Allahverdiyev işıqlı masa üzərində qumla mənzərənin işlənmə texnikalarını onlara göstərib və təsviri canlandırıb.
Həmçinin Milli dəyərlər, dekorativ tətbiqi sənət və toxuculuq şöbəsinin Dulusçuluq dərnəyinin rəhbəri Elnur Əliyev uşaqlara gillə işləməyin qaydalarını öyrədib və hazırladığı balaca küpəni uşaqlara nümayiş etdirib.
Məşğələ uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.