Görkəmli arxieoloq Teymur Bünyadov çox haqlı olaraq özünün “Mərd qalalar, sərt qayalar” adlı kitabında Ordubadı Yaxın Şərqin cənnəti, Qafqazın dilbər guşəsi, incilərin incisi, ellərin sevinci adlandırır. Yaşıllıqlar qoynunda yerləşən Ordubad şəhəri “Gənzə” və “Dübəndi” adlanan iki çayın arasında yerləşir. Bu şəhər arxasını qayalara, qarlı dağlara söykəyərək Araz çayından 4 kilometr şimal-şərqdə məskunlaşmışdır.
Dəniz səviyyəsindən 950 metr yüksəklikdə, 46,1 dərəcə şimal və 38,1 dərəcə cənub en dairəsində yerləşən Ordubad şəhəri şimaldan Aşağı Əndəmic kəndi, şərqdən Kotam kəndi, cənubdan Şəhriyar qəsəbəsi, cənub-qərbdən isə Dəstə kəndi ilə həmsərhəddir. Ordubad şəhərinin ərazisi təxminən 2846 hektardır.
Təxmini hesablamalara görə Ordubad şəhərinin 3 min ildən artıq yaşı vardır. Lakin Ordubad şəhərinin ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərdə və eləcə də onun ətraflarında hələ daha qədimdən yaşayış olmasına və insanların məskunlaşmasına dəlalət edir.
Ordubad şəhəri eramızın V-VI əsrləridən əsl təşəkkül tapmış, burada feodal münasibətləri inkişaf etməyə başlamışdır. Qeyd etmək lazımdır ki, Ordubad 300 ildən artıq Sasani hökmdarlarının zülmünə sinə gərib. Yeddinci əsrin ortalarından isə bu ərazidə ərəblərin hökmranlığı başlayıb. Sasani zülmkarlarının hökmranlığı, bundan sonra gələn ərəb istilaları IX əsrin ortalarından başlayaraq ölkənin başqa vilayətləri ilə yanaşı Ordubadda da Xürrəmilər hərəkatının genişlənməsinə səbəb olub. Mənbələrin verdiyi məlumatlara görə istilaçılara qarşı vuruşmalarda Ordubad da döyüş mərkəzlərindən biri olmaqla, xürrəmilərin sığınacaq yeri kimi şöhrətlənib. Bu baxımdan Teymur Bünyadov yazır ki, Ordubad Babəkin döyünən ürəyi, dar gündə arxası, gen gündə isti ana qucağı, odu-ocağı olmuşdur.
Ordubad haqqında yazılı məlumata XII əsrin ərəb, fars və türk mənbələrində də təsadüf olunur. Həmin mənbələrin verdiyi məlumatlara görə XII əsrdə hakimiyyət başına gələn Atabəylər dövləti zamanı Ordubad artıq Yaxın Şərqdə tanınmış bir ticarət şəhəri kimi şöhrətlənmişdi. Məhz bu şöhrətlənməyə görə şəhər həm yadelli qəsbkarların, həm də bir sıra səyyahların nəzər və diqqətini özünə cəlb edib. XIII əsrdə tatar-monqollar, XIV əsrdə Teymurləngin qoşunları Ordubadı işğal edərək, əhalisini qılıncdan keçirir, möhtəşəm şəhəri viran edirlər.
Ordubad XV-XVI əsrlərin müxtəlif vaxtlarında Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibinə daxil olub. Xüsusilə XVII əsrin ortalarında baş verən İran-Türkiyə müharibəsi zamanı Ordubad ərazisində gedən döyüşlərdə şəhərə çox böyük ziyan dəyir. 1655-ci ildə şəhər yandırılaraq viranəyə çevrilir. Lakin XVIII əsrin əvvəllərindən başlayaraq Ordubad yenidən bərpa edilir. Şəhərdə sənətkarlıq və ticarət canlanmağa başlayır, şəhər həyatı tədricən sakitləşir, yeni yaşayış sahələri meydana gəlir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, artıq XVII-XVIII əsrlərdə Ordubad Naxçıvan xanlığının tərkibində olan ən iri və tanınmış şəhərlərdən biri idi. Buna görə də şəhərdə aparılan yenidənqurma və planlaşdırma işləri zamanı onun əzəmətini və şöhrətini qoruyub saxlamaq hər bir ordubadlının diqqətini cəlb edib. Xüsusilə, içtimai binaların tikintisində bu məsələyə ciddi fikir verilib. Bu sahəyə diqqətin artırılması bir də ona görə idi ki, dünyanın müxtəlf şəhərlərini gəzib-dolaşan Ordubad tacirləri gördükləri və müşahidə etdikləri əzəmətli binaları, şəhərlərin quruluşunu yadda saxlayır, vətənə qayıtdıqdan sonra tikdirdikləri yaşayış evlərində, eləcə də içtimai binalarda həmin binaların elementlərindən istifadə olunmasına və bəzən də tikdirdikləri binaların onlara oxşadılmasına çalışırdılar.
Ordubad əsasən, şəhərin tən ortasından axan “Dübəndi” çayının yatağının hər iki sahilində geniş bir dərədə salınıb. Şəhərin hər iki hissəsi yamaclarla “Dübəndi” çayının vadisinə söykənmiş bir relyefə malikdir. Çayın sağ sahili isə nisbətən geniş və düzənlikdir. Məhz buna görə də şəhər ilk mərhələdə, əsasən çayın sağ sahilindəki “Qala” adlanan abidənin ətrafında-hazırda Ambaras adlanan yerdə salınmış, həmin “Qala” adlanan sahə də müdafiə məqsədilə tikilmişdir. Qeyd etmək lazımdır ki, həmin sahə, həm də Ordubad şəhərinin mərkəzi olmuş, əhalinin məskunlaşması və ticarət əlaqələri əsasən burada aparılırdı. Lakin XII əsrin sonu XIII əsrin əvvəllərində şəhərin bu mərkəzi bəzi səbəblər və təbii fəlakətlər nəticəsində nisbətən tənəzzülə uğrayaraq əhəmiyyətini itirməyə başlayıb. Bundan sonra əhali, əsasən, “Dübəndi” çayının sol sahilində məskunlaşıb. Bununla əlaqədar “Dübəndi” çayı boyunca şəhərin əsas küçələri-məhəllələri, onlara paralel olaraq müxtəlif küçələr və döngələr salınır. Sol sahildə yeni ticarət mərkəzi yaranmağa başlayır.
Bu qeyd etdiyimizdən belə nəticəyə gəlmək olar ki, Ordubad XII əsrin sonunda Naxçıvan xanlığındakı şəhərlərlə bir çərgədə duran, dövrünün müasir üslublu şəhərlərindən biri idi. O, sənətkarlığın təşəkkülü və ticarətin inkişafı sayəsində dövrünün digər şəhərləri ilə rəqabət aparıb. XIII əsrin ikinci yarısında isə ayrıca bir diyar kimi Naxçıvan xanlığının tərkibinə daxil olur. 1828-ci ildə İranla Rusiya arasında gedən müharibəyə son qoymaq məqsədilə bağlanan türkmənçay müqaviləsinə əsasən Ordubad Naxçıvan xanlığı ilə birlikdə Rusiyanın tərkibinə qatılır. 1841-ci ildə çar Rusiyasının Zaqafqaziyada keçirdiyi islahatlarla əlaqədar Ordubad şəhəri ətrafları ilə birlikdə Gürcüstan imperiyasının tərkibinə daxil edilir. 1874-cü ildə çar hökumətinin Zaqafqaziyada, xüsusilə də Azərbaycanda keçirdiyi şəhər islahatları nəticəsində Ordubada da Azərbaycanın digər şəhərləri ilə birlikdə şəhər statusu verilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1868-ci ilin 1 yanvar islahatınadək Ordubad özü də qəza mərkəzi olmuşdur. Hökumətin keçirdiyi tədbirlər nəticəsində 1868-ci ilin yanvar ayının 1-də Ordubad qəzası ləğv edilmiş, onun ərazisinin bir hissəsi (Mehri və onun ətraf kəndləri) alınaraq yeni yaradılan Yelizavetpol (Gəncə) quberniyasına verilib, Ordubad şəhəri Naxçıvan qəzası ilə birlkdə İrəvan quberniyasına tabe edilib.
Onu qeyd etməliyik ki, Ordubadın yerləşdiyi cöğrafi mövqe burada ticarətin və sənətkarlığın, xüsusilə də şəhər təsərrüfatının sürətli inkişafına başlıca amil olub. Belə ki, Araz çayı boyunca uzanıb gedən Yaxın və Orta Şərqin Hindistanını, Çinini, Qara dəniz sahillərindəki bir sıra şəhərlərini birləşdirən İpək yolunun Ordubaddan keçməsi bu prosesi xeyli sürətləndirir. Elə buna görə də, Ordubad həmin karvan yolu vasitəsilə nəinki Şərq ölkələri ilə, hətta Avropanın Venetsiya, Marsel, Amsterdam kimi şəhərləri ilə də ticarət əlaqələrinə girir. Ordubaddan bu şəhərlərə çoxlu ipək, quru meyvə göndərilir. Ordubad tacirləri Şərq və Avropa bazarlarında məharətlə ticarət edirlər. Bütün bunların hamısı şəhərdə sənətkarlığın formalaşmasına və şəhər əhalisinin sayının artmasına səbəb olur.
Həmin dövrdəki Ordubad şəhərini xarakterizə edərkən yadda saxlamaq lazımdır ki, Ordubad tacirləri Şərqin ən böyük bazarları olan Təbriz, Rəşt, İsfahan şəhərləri ilə yanaşı Rusiya imperiyasının Moskva, Həştərxan, Nijni Novqorod kimi şəhərlərinə də çoxlu quru meyvə, xam ipək, gön-dəri apararaq əvəzində qənd, çit parça, çay və sairə məhsullar alırdılar. Bütün bunlar şəhərdə ticarətlə yanaşı sənaye məsullarını, xüsusilə də ipək istehsalını təkmilləşdirməyə gətirib çıxarır. Ordubad o zaman nəinki Azərbaycanda, hətta Rusiyada ipək istehsalı cəhətdən məşhurlaşmış şəhərlərdən biri idi. Belə ki, burada ildə 200 put ipək istehsal olunub. XX əsrin əvvəllərində keçirilən bir sıra beynəlxalq sərgilərdə Ordubad ipəyi 13 dəfə qızıl medala layiq görülüb. Məntəqənin 46 kəndindən 41-də barama qurdu bəslənirdi. Ordubad şəhərindən başqa Çənnəb, Vənənd, Yuxarı Əyıis kəndlərində də baramaaçan fabriklər var idi.
Güclü sənayeyyə və iqtisadiyyata mailk o zamankı Ordubad bir sıra alimlərin, görkəmli şəxsiyyətlərin, səyyahların, hətta dövlət xadimlərinin də diqqətini cəlb edib. Onların bir çoxu Ordubada gəlib, Ordubadın quruluşu, şəhərsalma prinsipləri, təbiəti, əhalinin məşğuliyyəti, məişəti və sairə məsələləri ilə tanış olublar.
Məsələn, rus alimi İ.Şopen, polşa tədqiqatçısı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında Ordubadın gözəlliyinə, onun bərəkətli meyvə bağlarına, sərin bulaqlarına, əzəmətli çinarlarına, adamlarının bacarıq və qonaqpərvərliyinə heyran olduqlarını dönə-dönə qeyd ediblər.
Məşhur alman səyyahı Adam Oleari 1637-ci ildə Səfəvi dövlətinin ərazisinə səyahət edərkən Şamaxıdan başlamış, Ərdəbil, Təbriz və başqa şəhərləri gəzmiş, yol qeydlərində Ordubadı və onun meyvələrini tərifləmiş, xüsusilə, Ordubad üzümü haqqında belə yazmışdır:
“Səfəvilər dövlətinin ərazisində üzümün çox növü var. Ən şirin və ən yaxşısı... Təbrizdə yetişir.... “Şəfeyi” adlanan üzüm növü isə daha çox Təbriz və Ordubadda bitir. Bu üzüm Azərbaycanın başqa yerində bitmir. Özü də ancaq Ordubadla Xudafərin körpüsü arasında yetişir, başqa heç yerdə ona rast gəlmərsən”.
A.Oleari daha sonra qeyd edir: “Azərbaycanda xüsusi bir növ armud var. Bu armud Ordubadda bitir, rəngi və xarici görünüşü demək olar ki, limona oxşayır, xoşa gələn iyi, çox qəribə dadı var. Fövqəladə dərəcədə sulu armuddur”.
Böyük türk səyyahı Övliya Çələbi (1611-1679) dəfələrlə Azərbaycanda olub. O, Naxçıvandan keçib Təbrizə gedərkən Qarabağlar, Mərənd, o cümlədən Ordubadda da olub. O, Ordubadda olarkən yazırdı: “Ordubadın “Mələçə”, “Abbası” kimi armud növlərindən yeyəndə adam ağzında nabat dadı hiss edir”.
Məşhur Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani (1720-1838) özünün 1796-1826-cı illərdəki səyahətlərinin birində Ordubad şəhərində olmuş və öz qeydlərində göstərib ki, Ordubad bağlı-bağatlı bir şəhər olub, dördüncü iqlimə məxsusdur. Suyu və meyvəsi bol və təamlıdır. Əhalisi mərifət əhli və hüsnü-camal sahibidirlər.
İ.Şöpen isə yazırdı:“Bulanıq Araz çayı ilə gilli dağalar arasında dar bir dərədə yerləşməsinə baxmayaraq Ordubad öz iqliminə görə fərqlənir. Özünün ab-havası, abadlığı və sairə xüsusiyyətləri ilə Naxçıvan və İrəvana bənzəyir. Lakin bəzi xüsusiyyətlərinə görə Naxçıvan və İrəvandan fərqlənir. Belə ki, burada ölümün miqdarı aşağıdır, xəstəliklər xeyli azdır, adamları öz sağlamlığı və görkəmləri ilə gül-çiçəyi xatırladırlar... Bu sağlamlıqdan istifadə etməyimiz lazım gəlir. Belə ki, 1829-cu ildə İrəvanla müharibə zamanı Ordubadda yerləşən bir rota rus soldatları arasında bir nəfər də olusun xəstə yox idi. Ona görə də Təbrizdən və başqa yerlərdən xəstələri bura köçürmək lazım gəldi”.
“El həyatı”