Külüs kəndində 400 hektar sahəni əhatə edəcək nasos stansiyasının tikintisi yekunlaşır - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunda 700 hektara yaxın əkinəyararlı torpaq sahəsinin su təminatı yaxşılaşdırılır. Belə ki, rayonun Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsi, Külüs kəndində isə nasos stansiyası inşa olunur.
400 hektar sahəni əhatə edəcək nasos stansiyasının tikintisi artıq yekunlaşmaq üzrədir. Nasos stansiyasında diametri 300 mm olan 2094 m təzyiqli boru xətti və həcmi 56 m3 olan hovuz tikilib. Stansiya saniyədə 83 litr su vurma gücünə malikdir. Hazırda nasos stansiyasında son tamamlama işləri görülür, elektrik xətləri çəkilir.
Həmçinin rayonda qapalı suvarma şəbəkəsinin qurulmasına mart ayının əvvəllərindən başlanılıb. Şəbəkənin tikildiyi ərazidə 34,8 kilometr suvarma xəttinin çəkilməsi, 286 supaylayıcı hovuz və suvarma hidrantın, 22 siyirtmənin, 81 suburaxıcının quraşdırılması nəzərdə tutulub. Hazırda işlərin əsas hisəsi yekunlaşdırılıb.
Tikinti işləri ərazisinin relyefi nəzərə alınaraq aparılır ki, bu da suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasına imkan verəcək.
Şəbəkəni təmin edəcək su Heydər Əliyev su anbarının çıxışından Əcəmi -1 və 2 nasos stansiyası vasitəsi ilə Türkeş kəndi ərazisindəki hovuza vurulacaq. Bu hovuzdan su öz axını ilə diametri 630 mm olan mövcud magistral boru xətti ilə torpaq sahələrinə veriləcək.
Novruz Məmmədov