ÜST: Pandemiyadan sonrakı dövrdə bütün bərpa planlarına qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri daxil edilməlidir
Xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün xüsusilə təhlükəli olan COVID-19 göstərdi ki, dünyamız 2030-cu ilə qədər diabet, xərçəng və ürək-damar xəstəliklərindən ölüm hallarını 30 faizdən çox azaltmaq hədəfinə nail olmaqdan hələ çox uzaqdır.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, London Kral Kolleci, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Qeyri-infeksion xəstəliklərə qarşı Mübarizə Alyansı tərəfindən aparılmış birgə tədqiqatın əsas nəticəsi belədir.
Əldə olan məlumata görə, qeyri-infeksion xəstəliklər dünyada hər il 40 milyon insanın həyatına son qoyur. Bu, bütün ölüm hallarının 70 faizi deməkdir. Belə xəstəliklərdən ölənlərin 17 milyonu 70 yaşa çatmamış, o cümlədən 15 milyonu 30-70 yaşlarında insanlardır.
ÜST-də bildirirlər ki, son onillikdə insult, ürək xəstəlikləri və mədə xərçəngindən ölüm ehtimalı azalmaqdadır, diabet, ağciyər, qaraciyər və düz bağırsaq xərçəngindən ölüm göstəriciləri isə ya çox ləng azalır, ya da artır.
London Kral Kollecinin professoru, bu araşdırmanın aparıcı müəllifi Majit Ezzati deyib: “Hər hansı bir xəstəlik üzərində diqqət cəmləşdirilsə, heç bir ölkə bu məqsədə çata bilməyəcək. Burada kompleks tədbirlər görülməli, konkret ölkədə vəziyyət nəzərə alınmaqla xəstəliklərin profilaktikasına, erkən diaqnostikasına və müalicəsinə istiqamətlənmiş, yaxşı inkişaf etmiş səhiyyə sistemi olmalıdır”.
ÜST-də xəbərdarlıq edirlər ki, qeyri-infeksion xəstəliklər yaxın onillikdə 150 milyon insanın həyatına son qoyacaq, indi isə bu xəstəliklər COVID-19-un təsirini gücləndirir. Məsələn, diabetdən əziyyət çəkən insanlarda COVID-19 ilə bağlı ciddi simptomlar yaranması və ya ölüm riski başqa insanlarla müqayisədə üçqat yüksəkdir.
Yeni koronavirusun ilk dəfə aşkar edildiyi Uhanda aparılmış araşdırmalar isə xərçəng xəstələrinin, xüsusən qan xərçəngindən əziyyət çəkənlərin ölüm riskinin əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərib.
ÜST nümayəndəsi doktor Bente Mikkelsen deyib: “Pandemiyadan sonrakı dövrdə bütün bərpa planlarına qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri daxil edilməlidir. Biz bu ölümcül dalğanı yalnız bu yolla dayandıra bilərik”.