Dövlətimizin aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün gördüyü tədbirlərlə yanaşı, kənd təsərrüfatına az yararlı torpaqların əkin dövriyyəsinə qatılması, məhsuldar toxum sortlarından istifadə olunması, mütərəqqi metodlardan olan şırım üsuluna üstünlük verilməsi, suvarma şəbəkələrinin genişləndirilməsi və sahibkarların texnika ilə təmin olunması taxıl istehsalını xeyli artırıb.
Strateji əhəmiyyətli məhsul olan taxıl istehsalında uğurlar qazanılması da belə qayğının nəticəsi kimi diqqəti cəlb edir. Bir faktı qeyd etmək lazımdır ki, ötən payızda və cari ilin yazında Sədərək rayonunda taxıl əkini artırılıb. Əkin sahələrində aqrotexniki qaydalara vaxtlı-vaxtında və düzgün əməl olunub, taxılçıların çəkdiyi əmək hədər getməyib. Bunun nəticəsidir ki, muxtar respublikada qeyd olunan yüksək nəticələrdən biri də məhz Sədərəyə məxsusdur. Belə ki, hər bir hektarın məhsuldarlığı 36,5 sentnerə çatdırılıb.
Bu günə qədər rayonda 387 hektar sahədə şum aparılıb. Torpaq mülkiyyətçiləri taxıl sahələrini bir qədər də genişləndirərək əvvəlki illərdən artıq məhsul əldə etmək əzmindədirlər. Bunun üçün hərtərəfli imkanlar yaradılıb. Belə ki, onların keyfiyyətli və məhsuldar toxum sortları ilə təchizatı məsələsi də diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Yaxın günlərdə rayonun torpaq mülkiyyətçiləri əkin kampaniyasına başlayacaqlar. Onlar qarşıdakı ildə daha yüksək nəticələr qazanacaqlarına inanırlar.
“Oğuz yurdu” qəzeti