İnsanın qida rasionuna daxil olan meyvələr həm orqanizmin mineral və vitaminlərlə zənginləşməsində, həm də bir çox xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Hazırda mövsümə uyğun meyvə çeşidləri bazarlarımızda bolluq təşkil edir. Bəs bu meyvələrin faydalarını bilirikmi?
Meyvələrin faydaları ilə bağlı aparılan araşdırmalarla tanış olduq və çox maraqlı faktlara rast gəldik. İlk olaraq meyvələrin şahı almadan başlayaq. Alma A, B, C və E vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngindir. Bu meyvənin insana xeyri onlarladır. El arasında “gündə bir alma ye, həkimə möhtac olma” kimi deyim də var. Hər gün bir alma yemək, ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır, qanı və böyrəkləri təmizləyir. Həmçinin bu meyvə cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə, öskürəyə və baş ağrısına xeyirlidir. Qanda xolestrolu azaldır. Həzm sisteminə kömək edir.
Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, eləcə də A, B1, B2 və C vitaminləri ilə zəngindir. Bu meyvə ürək döyüntüsünü normaya salır, qaraciyəri təmizləyir, həzmi asanlaşdırır. Qara üzüm qabığı və çəyirdəkləri ilə birlikdə yeyilərsə, qan hüceyrələrini yeniləyər, həmçinin qanyaradıcı funksiyaya malikdir. Üzüm uşaqların inkişafı üçün çox faydalıdır.
Şaftalı digər meyvələrə nisbətən kalorisi çox, B və C vitaminləri ilə zəngindir. Tərkibində A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var. Ağızdan gələn qoxunu aradan qaldırır. Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır, qanı təmizləyir və sinirləri sakitləşdirərək yuxusuzluğun qarşısını alır. Şaftalı xərçəng xəstəliyinə qarşı yaxşı mübarizə vasitəsidir. Dərini nəmləndirir və canlandırır.
Əncir meyvəsinin də çoxlu müalicəvi təsiri vardır. İnsan orqanizmində zəifləmiş immuniteti gücləndirərək enerji verir. Sümükləri möhkəmləndirir. Əncirin yaşı kimi, qurusu da çox faydalıdır ki, bunu da diyarımızda çox keyfiyyətli şəkildə hazırlayanlar var. Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri olan armud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirərək həzmi asanlaşdırır. Həkimlər tövsiyə edirlər ki, yeməkdən əvvəl bu meyvə ilə qidalandıqda böyrəklər üçün faydalıdır. Həmçinin böyrəklərdə daş və duzların tökülməsində xeyirlidir.
Böyrək problemləri olanlar üçün armud çox müalicəvidir. Təzyiqi endirir, qanı təmizləyir. Armud revmatizmin müalicəsində də faydalıdır. Doyurucu təsiri olduğu üçün pəhrizlərdə istifadə etmək məsləhətdir. Hər birimiz meyvələri özümüzün, uşaqlarımızın günlük qida rasionuna daxil etməli, diyarımızın bu nemətlərini süfrələrimizdə bol etməklə sağlamlığımızın qayğısına qalmalıyıq.
Səriyyə Salahova
“Arazın səsi” qəzeti