Pərpərənin bilmədiyimiz faydaları

A- A A+

Müxtəlif dərman bitkiləri ilə zəngin  olan muxtar respublikamızda elə bitkilər var ki, həyətimizdə, bağ-bağçalarımızda bitir, onları görür, ancaq tanımırıq. Bu yazımızda oxucularımıza “pərpərən” adlanan bitki haqqında məlumat verəcəyik.

Pərpərən, pərpətöyün, gəlinbarmağı, dandur kimi tanınan bu bitki qədim diyarımızda geniş yayılıb. Tarixi 4 min il bundan əvvələ gedib çıxan pərpərənin yarpaqları və gövdəsini yeməyə əlavə etməklə ondan şəfalı bitki kimi istifadə olunur.

Naxçıvan kulinariyasında çox istifadə edilən pərpərənin hazırda mövsümüdür. İnsanlar  bu faydalı bitkidən geniş istifadə edir. Ondan turşu, qatıqlı salat hazırlanır. Pərpərəni çiy olaraq salatlara qarışdırıb yemək faydalı hesab olunur. Qumlu torpaqda yaxşı inkişaf edən pərpərən bəzək bağçılığında da geniş istifadə olunur.

Torpaq üzərində yayılan və yaxud dik qalxan, ətirli ot bitkisi pərpərən toxumlarını torpağa səpməklə çoxalır. Toxumlar çox xırda olduğu üçün onları qumla qarışdırıb əkirlər. Cücərtilər aralarındakı məsafə 15-20 santimetr olmaqla seyrəldilir. Çiçəkləri tək-tək və ya topa halda sarı, qırmızı rəngdə olur. İyun ayında gül açan pərpərən sentyabr ayına kimi çiçəkləyir. Bu bitki yabanı şəkildə Naxçıvanın düzən və orta dağlıq sahələrində, bağ və bağçalarda yayılıb.

Ötən günlərdə yolun kənarında ot toplayan yaşlı qonşu qadınla rastlaşdım. Yaxından baxınca pərpərən topladığını gördüm. Başını yerdən qaldırıb: “Bu gün topla, sabah eyni yerdə yenə bitəcək”, – dedi. Əlində bir torba dolusu pərpərənə işarə edərək, bu torpaq hər cür nemət yetirir, – dedi. Həqiqətən də, yabanı pərpərən bağçalarda əkilmədən yetişir, yayılır. O qədər çox bitir ki, əksər hallarda alaq otu kimi çıxarılıb atılır. Bəziləri bitkinin xeyirli bir qida ola biləcəyini düşünmürlər. Xəfif turşməzə dadı, narın səthi, yumşaqlığı onu fərqləndirən xüsusiyyətlərdir. Pərpərəni bişirib və qurudub qışa da tədarük etmək olur. Bu bitkinin qida vasitəsi kimi körpə zoğlarından və yarpaqlarından istifadə edilir. Mətbəxdə yetkin kökləri konservləşdirilir, qayğanağa və tərəvəz salatlarına əlavə edildikdə gözəl dad verir. Əlverişli iqlim şəraitinə malik muxtar respublikamızın, demək olar ki, bütün bölgələrində rast gəlinən pərpərənin tərkibi vitaminlər, üzvi turşular, zülallar və digər faydalı maddələrlə zəngin olduğu üçün müasir tibdə ondan geniş istifadə edilir. Həkimlərin dediyinə görə, dərman vasitəsi kimi pərpərənin təzə yarpaqları və toxumları faydalıdır. Onun tərkibindəki noradrenalin maddəsi mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəlikləri üçün də istifadə olunur. Pərpərənin cövhəri damaq iltihabı zamanı da müalicəvi təsirə malikdir. Parazit əleyhinə vasitə kimi istifadə edilən pərpərənin ən mühüm xüsusiyyətlərindən biri də salmonella və dizenteriyatörədici mikroblara qarşı antibakterial təsirlidir. İltihablı yaraların müalicəsində təmiz yuyulmuş pərpərəni məlhəm şəklində yaranın üzərinə qoymaq tövsiyə olunur.

Orta əsrlərdə  “bəzəkli tərəvəz” adlandırılan pərpərənlə ilan çalması, yuxusuzluq və müxtəlif yaraları da müalicə ediblər. Bitkini ərəb təbibi İbn Sina ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirib.

Gözəllik üçün də istifadə edilən pərpərəndən hazırlanan maska dərini cavanlaşdırır, qırışların daha az nəzərə çarpmasını təmin edir. Başqa yeməli və müalicə effektli bitkilər kimi, bu bitkidən də miqdarında istifadə etmək lazımdır. Arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər, hamilə qadınlar pərpərəndən istifadədə ehtiyatlı olmalıdırlar.

Fərhad Rzayev

“Oğuz yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: