NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kitab Nemətullah Naxçıvani ilə bağlı 2019-cu ildə keçirilmiş beynəlxalq konfransın materialları əsasında hazırlanıb.
“Əcəmi” Nəşriyyat–Poliqrafiya Birliyi tərəfindən nəfis şəkildə çap olunan kitabda Nemətullah Naxçıvaninin elmi irsi, dövrü və mühiti, İslam mədəniyyətində yeri, fəlsəfi görüşləri, irfani düşüncələri, yaşadığı dövrdə elm və mədəniyyət, əsərləri haqqında ətraflı məlumat verilir.
Kitabda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Hacıfəxrəddin Səfərli, Hüseyn Həşimli, Əbülfəz Quliyev kimi alimlərlə yanaşı, Yaşar Kurt, Hüseyin Yurttaş, Hayrettin İvgin kimi bir sıra türk alim və tədqiqatçılarının da məqalələri yer alır.
Son dərəcə böyük elmi əhəmiyyətə malik olan kitab Naxçıvanlı alim Nemətullah Naxçıvani irsinin gələcək nəsillərə çatdırılmasında qiymətli töhfədir.
Nemətullah Naxçıvani elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur. Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərləri qiymətli miras kimi kitabxana və muzeylərdə saxlanılır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 29 oktyabr 2018-ci ildə Sərəncam imzalayıb. Sərəncama əsasən alimin yaradıcılığının öyrənilməsi üçün tədqiqat qrupu yaradılıb, haqqında kitab nəşr olunub, alimə həsr olunmuş beynəlxalq konfrans keçirilib, kitabı Azərbaycan dilinə tərcümə olunub.