Naxçıvanda keçirilən hərbi təlimlərə Türkiyə mediası geniş yer verib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan və Türkiyə Respublikalarının quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə Naxçıvanda keçirilən təlim qardaş ölkənin media və internet resurslarında geniş işıqlandırılıb.
“Türkiye ve Azerbaycan'dan savaş sahnelerini aratmayan tatbikat”, “Türkiye ve Azerbaycan'dan gözdağı!”, “Türk ve Azerbaycan Silahlı Kuvvetlerinin Nahçıvan'da gerçekleştirdiği ortak askeri tatbikatta temsili düşman hedefleri kara ve havadan vuruldu”, “Muhteşem Tatbikat”, “Türkiye ve Azerbaycan dünyaya korku saldı!” sərlövhəli xəbərlər və məqalələrdə bildirilir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında koordinasiyasının genişləndirilməsi məqsədi ilə keçirilən təlim gerçək müharibə görüntülərindən seçilməyib.
https://haberlerankara.com, https://www.cnnturk.com, https://m.star.com.tr, https://www.hurriyet.com.tr, https://www.yeniakit.com.tr, https://www.ittifakgazetesi.com, https://euturkhaber.com, https://www.yenicaggazetesi.com, https://www.takvim.com.tr, https://www.milliyet.com.tr saytlarında çap olunan xəbərlərdə vurğulanır ki, təlimlərə 2 min 600-dən artıq şəxsi heyət , 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlifçaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 18 təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-ə yaxın avtomobil texnikası cəlb edilib.
Həmçinin materiallarda qeyd olunur ki, təlimin ssenarisinə uyğun olaraq təmsili düşmənin dayaq məntəqələrində canlı qüvvəsi, atəş vasitələri və zirehli texnikaları məhv edilib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqeləri ələ keçirilib. Hücumun gedişində düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.
Qardaş ölkənin media mənsubları təlimin sonunda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının, eləcə də kanatla desantın daşınmasının nümayiş etdirilməsinin çox qürurverici olduğunu yazırlar.
Dərc olunan xəbərdə vurğulanır ki, təlim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay tərəfindən izlənilib.
Fizzə Bağırova