Naxçıvanın dinamik inkişafını tərənnüm edən kitabın təqdimatı keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı kitabın müəllifi AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevdir.
Kitabın təqdimatında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid bildirib ki, monoqrafiya müstəqillik dövründə muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına həsr edilən ilk elmi nəşrdir. Monoqrafiyadakı məlumatlar, 1995-2019-cu illərdə muxtar respublikanın dinamik və davamlı inkişafı, baş verən dəyişikliklər, qazanılan naliyyətlər faktiki materiallar əsasında öyrənilib.
Monoqrafiyanın “Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı” adlanan fəslində muxtar respublikada məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qoruması faktı təhlil edilir. Kitabın “Naxçıvan Muxtar Respublikasının sosial inkişafı” adlanan ikinci fəsli sosial inkişafın ümumi səciyyəsi və sosial sahədə baş verən dəyişikliklərlə bağlıdır. “Naxçıvan Muxtar Respublikasının mədəniyyəti” adlı üçüncü fəsil isə muxtar respublikada təhsil, elm, mədəni-maarif məsələləri, ədəbiyyat, mətbuat, incəsənət və turizm sahələrini əhatə edir.
Qeyd olunub ki, monoqrafiya muxtar respublikanın tarixi, ictimai və mədəni həyatının tədqiqatçıları, iqtisadçılar, ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün zəruri vəsait olmaqla naxçıvanşünaslıq elminə qiymətli töhfədir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev elmin inkişafına göstərilən qayğıya, elm adamları üçün yaradılan şəraitə görə minnətdarlıq edib.
Röyal Kərimov