Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izlərkən düşündüklərim

A- A A+

     Özündə bütöv türk qardaşlığını, dostluğunu, düşmənə qarşı yan-yana, çiyin-çiyinə  vuruşmağın nümunəsini izlədik. Bir əsr bundan öncə də belə idi, bu gün də belədir. Dəyişdikcə nəsillər sələflərdən xələflərə dəyişməyən həqiqət bax elə bu idi-Naxçıvan səmasında bütövləşən iki can qardaşın birliyi.

İzlədiyimiz Ali Baş Komandanın döyüş əmrinə hazır, ən müasir silahlarla silahlanmış  ordu həm də  Azərbaycanın, blokadada olan Naxçıvanın inkişafının, qüdrətinin göstəricisi idi. Ürəyimizi dağa döndərən o gün vətən sərhədinin keçilməz qala olduğunu bir daha  göstərdi. Təlimi izləyən böyüklərin hamısı  yaşanılmış acı  bir həqiqəti xatırladı:"Kaş əlində bellə, balta ilə düşmən qabağına çıxıb səngərlərdə keşikdə durduğumuz zamanlarda belə bir ordu olardı. Onda nəinki düşmən torpağımızı qamarlaya, heç gözünün ucuyla da baxa bilməzdi".

İllər boyu  Naxçıvanımızı alınmaz qalaya  çevirən budur ki,  bu qalanın bünövrəsi vətənpərvərlikdən, vətənin qurtuluşuna səsləyən sədaya sədaqətdən yoğrulub, yurdunun hər bir sakini “vətən daşı” olmağı bacarıb.

İndi sizlər-milli ordumuzun cəsur və yenilməz əsgərləri düşmənin məğlub olub geri qayıdışını, saxta xülyalarında  necə boğulduqlarının müjdəsini də gətirəcəksiniz. Sizin birliyiniz vətənin bütövlüyünün təminatçısıdır.

İndi ürəyində Vətən torpağından qor gəzdirən hamını birləşdirən bir məqam var. Böyükdən kiçiyə hər kəs-90 yaşlı qocadan bayraq görəndə “Azərbaycan” deyə səslənən  uşağa qədər hamının qəlbində yanıb külə dönmüş Qarabağdan bir qor var. O qorun “Zəm-zəm”inə çevrilən isə İsa bulağının suyu, Cıdır havası, Kəlbəcərin “İstisu”yudur. Bizi, sizi ayaqda tutan, güclü, yenilməz edən o qora sədaqətdir, o qoru söndürməyə içilmiş anddır.

Siz tarixsiniz-Polad kimi, İlqar kimi. Siz cəsarətiniz ilə tarix yazmağa, yaşatmağa, tarixin axarını dəyişməyə qadirsiniz. Biz sizə  inanırıq. Məhz bu  inamın gücüdür: Torpaq olan bir  generalın yerində 100 min əsgərinin olduğunu görmək. Bu inamın qorxusudur erməni adlı məxluqu “zəncirində” dilləndirən.

Mən gözümü açandan Azərbaycan əsgərini hər zaman güclü gördüm, yenilməz gördüm, qürurlu gördüm. Vahid milli ordunun olmadığı, pərakəndə hakimiyyətin olduğu dövrdə belə ağ-qara ekrandan görünən əsgər döyüşürdü. Onun sözündəki ötkəm ekranın bu üzündə əyləşənlərin ürəyini dağa döndərirdi. Sənə inam heç tükənmədi, sən varsansa, sərhəddəsənsə, nə qorxu, nə hürkü...

İndi sən və əqidə dostların, silahdaşların Cənubi Qafqazın ən güclü ordusunun sırasındasınız. Ancaq qarşıdakı düşmən faşizm fəlsəfəsi ilə silahlanan, siyasi və tarixi məqsədi qan tökmək və qamarlamaq olan bir xislətli məxluqlardır. Fakt və tarix onlara ən yaxşı cavabdır, ancaq itin sümsüklüyünü tərgidəcəyinə inanmaq mümkünsüzdür... Gəldikləri kimi gedəcəklər, onları öz yerlərinə oturdacaq olan da SƏNSƏN.

Bu gün güclü, yenilməz Azərbaycan ordusu qarşısında dünyanın ən çirkin xislətinə sahib, ən zəif, hər cür təxribata əl atan-fərarilik, əsgər ölümləri ilə artıq “məşhurlaşan” bir ordu və onun ucuz, saxta vətənpərvərlik  oyunları oynayan “sahibi” var.

Polad ürəkli İlqar, Vüqar, Xəyyam, Anar, Yaşar, Günnütün qələbəsinə adını yazan Adil Tatarov, adını sadalamadığım nə qədər əsgər, general... Ruhları vətən səmasının əbədilik əsgərinə çevrilən o qəhrəmanlar həm də bir mayakdır. Əlimizi Lələtəpəyə, Günnütə çatdıran, Tovuz döyüşlərində düşməni geri oturdanların yandırdığı əbədi məşəlin Ağdamın, Xocalının zülmətə məhkum olunan ellərini işıqlandırdığını görəcəyik.

Bir haşiyə çıxaraq demək istəyirəm ki, Naxçıvan televiziyasının efirində izlədiyimiz, tez-tez qarşımıza çıxan  Naxçıvanda artıq ənənə halını almış bir həqiqət var. Yurdumun insanı bağında bitən ağacın meyvələrindən, tərəvəzlərindən quru ağaclara qədər əsgərlərə göndərir. Ancaq məsələ ondadır ki, bu onların ehtiyacı olduğu üçün deyil. Bu gün əsgərlərimizin müasir əsgər yataqxanalarında yaşaması, isti geyim və keyfiyyətli ərzaqla təmin olunması, ən ucqar və sərhəd postlarında belə ən müasir əsgəri şəraitin yaradılması dost-düşmənə-hamıya nümunə gücündədir. Məsələ ondadır ki, göndərilən bir ovuc  meyvə, sovqatla öz sevgilərini göndərirlər. “Sizin sərhədində dayandığınız torpağın məhsulundan ən çox sizə pay düşür”, “Sizin canınız bahasına qoruduğunuz torpağa biz də əkib-becərməklə sahib çıxırıq” ismarıcıdır. Əlinin qabarı, ürəyinin istisi ilə  ərsəyə gətirdiyi, sizə pay tutduğu həm də sevgisidir, yurdumun insanının  əsgərinə qayğısıdır. Adətən valideynlər uşaqlarına pay tutanda evində, ocağında ən əziz olanı, bəzən özünün yeməyə qıymadığını övladına  göndərir. Necə ki indi naxçıvanlılar evində, elində ən əziz olanından əsgərinə sovqat hazırlayır. Bəlkə də, elə bəlkəsiz bu balaca həqiqətdədir bu güc, xalq-ordu birliyinin, dayanışmasının heç zaman pozulmayacaq nizamı. Təkcə meyvə, tərəvəz, yaxud da ərzaq deyil-dilindəki duanı, canındakı təpəri, biləyindəki gücü də göndərir. Göndərir ki, SƏN xalqının əsgərinə necə sahib çıxdığını, onunla necə bütünləşdiyini gör.

Sizli, bizli gedəcəyimiz bir yol var, Əsgər. O yol ki, ucunda Vətən var, həsrətdən gözü qubar bağlayan Şuşa var. Bizi əcdadımızın ocaq başına, əzizlərimizin məzar daşına çatdıracaq olan müqəddəs yol. İllər boyu tilsimə düşən o yolun Lələtəpə, Günnüt düyünü açıldı.. İndi hədəf daha böyükdür. Axı təkcə coğrafi cəhətdən torpağımızın 20 faizi deyil, mənliyimizin, kimliyimizin, yaddaşımızın, beşiyimizin, məzarımızın  da 20 faizi, bəlkə də tən yarısı işğal olunub. Onu bizə qaytaracaq olan sənsən, Azərbaycan əsgəri! Uman yerimiz, güman yerimiz olan Sən. Bu müqəddəs məram uğrunda 50 milyonun ürəyi sənə səngərdir, səngərinə söykən, hədəfini seç...

P.S.Təlimi canlı-canlı və qürurla siz də bu linkdən izləyə bilərsiniz :

 

Fizzə Bağırova

Nuhçıxan

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: