Naxçıvanda “Pandemiya dövründə  mehmanxanaların fəaliyyətinin təşkili qaydaları” mövzusunda onlayn seminar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seminar Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin, eləcə də digər turizm sektoru subyektlərinin iştirakı ilə keçirilib. Seminarda Departamentin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov bildirib ki, bu qaydaların əsas məqsədi koronavirus pandemiyasının muxtar respublika ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir.

Seminar zamanı koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinə dair ümumi göstərişlər, operativ nəzarət və daxili tədbirlər planı, mehmanxana işçilərinə dair tələblər, təlim və maarifləndirmə işinin təşkili, şəxsi gigiyenaya dair tələblər, təmizlik və dezinfeksiya tədbirləri, tullantıların idarə edilməsi, texniki xidmətlər, xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri və qaydalarda öz əksini tapmış digər tələblər haqqında geniş məlumat verilərək slayd nümayiş etdirilib.

Vurğulanıb ki, mehmanxanalarda qapı tutacaqları, liftlərin idarəetmə paneli, işıq düymələri, POS terminal və ödəmə terminalları, telefon, dəsmal kartı, otağa giriş kartı və ya açarı, şezlonqlar, duş kranları, masaların üstü və digər əllə tez-tez təmas edilən səthlər, eyni zamanda kassa aparatı, kompüter klaviaturası, telefon və digər cihazların səthləri mütəmadi olaraq təmizlənib dezinfeksiya edilməlidir. Qonaq mehmanxanaya daxil olarkən, termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə onun hərarəti ölçülməli, bu zaman qonağın bədən hərarətinin 37.5°C və ya daha yüksək olduğu müəyyən edildikdə, həmin qonağın mehmanxanaya daxil olmasına yol verilməməlidir.

Bildirilib ki, bu qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən həyata keçirilir və bu tələblərə riayət edən mehmanxanalar Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən sanitariya və gigiyena sertifikatı ilə təmin ediləcəkdir.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: