Erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq siyasəti: azərbaycanlıların soyqırımı, deportasiyası və torpaqlarımızın işğalı - FOTOLAR
XIX əsrdən başlayaraq ermənilər Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
Ermənilərin Qafqaza köçürülməsi, yerləşdirilməsi və dövlətlərinin yaradılması ideyası I Pyotrun dövründə ortaya atılsa da ,ermənilər Rusiya imperiyasının köməyi ilə öz məqsədlərinə XIX əsrin əvvəllərindən başlayaraq, bolşeviklərin istiqamət verdikləri siyasətlə XX əsr boyu nail oldular. Hələ 1802-ci ildə çar I Aleksandr Qafqaz canişini Sisianova göndərdiyi məktubda göstərirdi ki, nəyin bahasına olursa-olsun, ermənilərdən Azərbaycan xanlıqlarının işğalında və idarə edilməsində istifadə olunmalıdır.
Xatırladaq ki, ermənilər IV əsrdə Qafqazdan kənarda itirdikləri dövlətlərini Azərbaycanın tarixi ərazilərində bərpa etmək məqsədinə çatmaq üçün böyük canfəşanlıqla Rusiyanın imperiya siyasətinin həyata keçirilməsində alət rolunu oynamağa başlamışlar. Rusiya ilə Qacarlar İranı arasında gedən iki müharibənin sonunda imzalanmış Gülüstan və Türkmənçay müqavilələri xalqımızın son iki əsrlik tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Türkmənçay müqaviləsinin 14 və 15-ci maddələri “təbəə alış-verişi” ilə bağlı idi. İrandan ermənilərin Şimali Azərbaycana köçürülməsi məsələsi ikinci Rusiya–İran müharibəsinin (1826–1828) gedişində Sankt Peterburqda qaldırıldı.
Rusiya Osmanlı dövlətinə qalib gəldikdən sonra isə Ədirnə (1829) müqaviləsinə əsasən, Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian istinadgahı yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə köçürdü. İrəvan və Naxçıvan xanlıqlarını işğal etmiş general Paskeviç İrandan köçürülən ermənilərin hansı Azərbaycan torpaqlarına istiqamətləndirilməsi barədə konkret göstəriş də vermişdi: köçürülən erməniləri İrəvan və Naxçıvan əyalətlərinə yerləşdirmək lazımdır ki, həmin yerlərdə xristian əhalinin sayı mümkün qədər artırılsın.
Sonrakı illərdə Azərbaycan torpaqları hesabına yaradılmış “Erməni vilayəti”ndə rusların bilavasitə köməyi sayəsində məskunlaşdırılan ermənilər tezliklə bütün Qafqaz ərazisində tarixin təhrif olunmasına, azərbaycanlılara qarşı isə soyqırım siyasətinin həyata keçirilməsinə zəmin hazırladılar. XIX əsrin ikinci yarısından isə erməni millətçiləri qarşıdakı illərdə Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərinin bir hissəsini tutub “böyük Ermənistan” kimi millətçi, şovinist ideyanı həyata keçirmək üçün təşkilati strukturlar yaratmağa başladılar. Belə ki, erməni siyasi və işgüzar fəalları xaricdə “Qnçaq” (1887, Cenevrə), “Daşnaksütyun” (1895, Tiilis) partiyalarını, “Erməni vətənpərvər ittifaqı” (1895, Nyu- York) təşkilatlarını yaratdılar. Bu partiya və təşkilatın yaradılması ilə “böyük Ermənistan” iddiaları yeni mərhələyə daxil oldu.
Bu ideyanı dəstəkləməklə ermənilərdən istənilən tarixi məqamda istifadə edən Rusiyada onların 2 min 311 yerli təşkilatı fəaliyyət göstərirdi. Məhz Rusiyanın siyasi və hərbi dəstəyi nəticəsində XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı mərhələlərlə vəhşiliklər törədilmiş, soydaşlarımız tarixi torpaqlarından zorla köçürülmüş və repressiya olunmuşlar. Ermənilərin əsas ideyası “böyük Ermənistan” və ya "dənizdən-dənizə dövlət” yaratmaq olmuş və bu yolda bütün vasitələrdən istifadə etmiş, o cümlədən, kütləvi terror, soyğunçuluq və qırğın həyata keçirilməsi əsas vasitə kimi qəbul edilmişdir. Sonralar ermənilər bu terror fəaliyyətlərini, guya, nə vaxtsa onlara qarşı edilmiş “genosid”in intiqamı kimi pərdələməyə çalışmışlar.
Əslində isə XIX əsrin sonlarından başlayaraq ermənilər Osmanlı dövləti ərazisində, XX əsrin əvvəllərində isə Türkiyə, Azərbaycan, Gürcüstan və türklər yaşayan başqa ərazilərdə üsyanlar qaldırmış, soyqırımlar törətmiş, ən vəhşi üsullarla insanlığa yaraşmayan hərəkətlər etmişlər. Bütün tarixi mərhələlərdə həmin ideyanı həyata keçirmək üçün ermənilər bütün vasitələrdən, ən iyrənc üsullardan, qətl və terrordan, yaranmış ictimai-siyasi vəziyyətlərdən istifadə etməyə çalışmışlar. Göründüyü kimi, ermənilər artıq neçə əsrdir ki, “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayırlar. Onlar öz havadarları ilə birlikdə XX əsrin əvvəllərində, yəni 1905–1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın, eləcə də Qafqazın digər regionlarında azərbaycanlıların qırğınlarını həyata keçirmişlər.
Bakıda başlanan erməni– azərbaycanlı qırğını may–iyun aylarında Gəncə, Qarabağ, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cəbrayıl, Cavanşir, Qaryagin və b. bölgələri də əhatə etmişdir. 1905-ci ilin may ayından başlayaraq Naxçıvan qəzasında da ermənilərin azərbaycanlılara qarşı qırğınları başlamışdır.
Təxminən, iki ilə qədər davam edən qanlı toqquşmalar nəticəsində Azərbaycan şəhərlərinə böyük zərər dəymiş, 300-dən çox müsəlman kəndi dağıdılmış, müxtəlif məlumatlara görə, ölənlərin sayı 80–100 min nəfərə çatmışdı. İki ilin hadisələri Azərbaycan tarixində ermənilər tərəfindən sonralar silsilə halını almış, xalqımıza qarşı soyqırımın ilk mütəşəkkil mərhələsi olmuşdur.
Keçən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il mart soyqırımı daha geniş miqyas almış və daha amansız olmuşdur. Özlərini dünya ictimaiyyətinə “yazıq millət”, “əzabkeş xalq” kimi qələmə verərək erməni millətçiləri azərbaycanlılara qarşı kini, vəhşiliyi, soyqırımı Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və digər yerlərdə bolşevik adı ilə pərdələnmiş Ş.Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası hökumətinin əli ilə həyata keçirdilər. Bakı qırğınında Korqanov və Petrovla birlikdə azərbaycanlı qanına susamış Mikoyanın, Hamazaspın, Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər.
Bakıda erməni daşnakları dinc əhaliyə 3 gün divan tutmuş, 17 min azərbaycanlını məhv elmiş, müsəlman məhəllələrini talayıb-çapmışlar. Onlar “İsmailiyyə”ni yandırmış, bir neçə qəzet və jurnal redaksiyalarını dağıtmışlar. A.Mikoyanın “Qızıl qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar yatan xəstəxanaya od vurulmuş, 2 minədək xəstə yandırılmış, qaçanlar isə güllələnmişdir. Hamazasp, Əmiryan və digər erməni millətçiləri azərbaycanlılara qarşı törətdikləri vəhşilikdə heç də “bolşevik” Mikoyandan, Şaumyandan geri qalmırdılar. Bakı şəhərində soyqırımı bolşevizm bayrağı altında həyata keçirilirdi. Guya, bolşeviklər hökumətə qarşı çıxış edən qüvvələri “zərərsizləşdirirdilər”. Əslində isə bolşevik adı ilə pərdələnən ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı əməl milli qırğın idi.
Görkəmli dövlət xadimi Nəriman Nərimanov ermənilərin törətdikləri qırğınlardan dəhşətə gələrək yazırdı: “Müsəlman, hətta, bolşevik olsaydı belə ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir. Onlar kefləri istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular... Bolşevizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hamilə qadınlara da rəhm etmirdilər”.
Silahsız əhaliyə qarşı çox böyük hərbi qüvvə ilə çıxış edən bolşevik-daşnaklar törətdikləri qırğınlardan həzz alırdılar. Şaumyan bolşevizm bayrağı altında qırğınlar törətsə də, baş vermiş qanlı faciələrdən vəcdə gələrək öz daşnak simasını gizlədə bilməyib yazmışdı: “Şəhərlərimizin milli tərkibi bizi narahat edirdi. Biz mübarizənin arzuolunmaz xarakter alacağından qorxurduq. Biz, hətta, erməni polkunun yardımına belə əl atmalı olduq. Biz, hətta, onun köməyindən imtina etməyi mümkün hesab etmədik. Qələbə isə o qədər böyükdür ki, bu gerçəkliyə az kədər gətirir”.
Bakı ilə yanaşı, ermənilər Azərbaycanın digər şəhərlərində– Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, azərbaycanlılar yaşayan başqa bölgələrdə onlara qarşı tarixdə görünməmiş qəddarlıq etmiş, azərbaycanlılara divan tutmuşlar. 1918–1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı həm miqyası etibarı ilə, həm də vəhşiliyi ilə heyrət doğurur. Azərbaycanlıların yaşadıqları elə ərazi yox idi ki, orada erməni vəhşiliyi özünü göstərməsin. Erməni quldurları Bakıdakı milli qırğınla kifayətlənməyib, 1918-ci ilin yazında Şamaxıda, Quba– Xaçmaz bölgələrində, Salyanda, Lənkəranda və başqa yerlərdə də azərbaycanlılara qarşı soyqırımı törətdilər.
Şamaxıda qırğın törətmək üçün 1918-ci ilin əvvəllərində oraya 2 min nəfər erməni və 5 araba silah göndərilmiş, ermənilər tam silahlandırılmışdılar. Lalayan və Əmiryanın başçılıq etdikləri erməni quldurları 15 minlik əhalisi olan Şamaxı şəhərini və qəzanın 72 kəndini dağıtmış, 12 mindən artıq soydaşımızı qətlə yetirmişlər.
Gəncə quberniyası üzrə mart soyqırımı zamanı 115 kənd dağıdılmış kişili-qadınlı 10 min 66 nəfər azərbaycanlı öldürülmüş və şikəst olmuşdu. 1918-ci ilin mart–aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlı qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918–1920-ci illərdə ermənilər Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, Iğdır və Eçmiədzin qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kəndi yerlə-yeksan etmiş, yandırmış və əhalisinin çoxunu qırmışlar. Daşnaklar həmin illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) qədim ata-baba yurdlarında yaşayan 565 min azərbaycanlını məhv etmişlər. Osmanlı dövlətinə xəyanət etmiş general Andranik Ozanyan Qarabağ, Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlıları kütləvi surətdə qırmış, qılıncdan keçirmişdi.
Ümumiyyətlə, araşdırmalar nəticəsində sübut olunmuşdur ki, erməni hərbi birləşmələri 1914– 1916-cı illərdə Azərbaycanın cənubunda 150 min, Şərqi Anadoluda, tarixən həmişə Azərbaycan türklərinin yaşadıqları bölgədə 200 min, 1918-1920-ci illərdə Azərbaycanda 250 min, Qərbi Azərbaycanda 132 min azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirmişlər. Bu dövrdə, 20–40-cı illərdə, eləcə də müharibədən sonrakı dövrdə ermənilər azərbaycanlıların həbs edilərək Sibirə göndərilməsində, xalq düşməni adı altında güllələnməsində, din xadimlərinin və görkəmli ziyalıların məhv edilməsində, əsassız repressiyaların günahsız insanlara qarşı tətbiq olunmasında çox böyük rol oynamışlar.
Müharibə illərində A.Mikoyan və digər ermənilər Stalini azərbaycanlıların, guya, xəyanət edə biləcəklərinə inandıra bilmiş və 1942-ci ilin dekabrın 7-də Azərbaycan əhalisinin hamılıqla Orta Asiya və Qazaxıstana sürgün edilməsi haqqında məxfi qərar verilməsinə nail olmuşdular. Lakin respublika rəhbərliyinin göstərdiyi səylər Stalini fikrindən daşındırmış, bu müdhiş cinayətin həyata keçirilməsinə imkan verməmişdir.
Xəbis niyyətlərindən əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1948–1953-cü illərdə 150 min nəfər, 1988–1992-ci illərdə isə 250 min soydaşımız indiki Ermənistan ərazisindən, azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdundan zorla çıxarılmış və 229 nəfər azərbaycanlı isə vəhşicəsinə qətlə yetirilmişdir. Dağlıq Qarabağ münaqişəsi zəminində isə bu ərazinin 80 yaşayış məntəqəsindən 60 min azərbaycanlı doğma ocaqlarından didərgin salınmış, işğal olunmuş 7 rayondan 700 min azərbaycanlı ev-eşiyini tərk edib respublikanın 58 rayon və yaşayış məntəqələrində məskunlaşmışdır.
Hərbi əməliyyatlar nəticəsində respublikamızın 10 şəhəri, 876 kəndi, 700 ictimai bina, 693 məktəb, 862 mədəniyyət sarayı və klub, 652 tibb məntəqəsi, o cümlədən, 191 xəstəxana, 160 körpü, 800 km avtomobil yolu, 15 km elektrik xətti dağıdılmışdır. 30 mindən artıq soydaşımız qətlə yetirilmiş, ölkəmizə 80 milyard ABŞ dolları dəyərində maddi ziyan vurulmuşdur. Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşilikdir.
Hiylə, məkr, xəyanət, terror vasitələri ilə silahlanmış erməni cəlladları ən görkəmli dövlət və siyasi xadimlərimizə, elm və mədəniyyət nümayəndələrimizə qarşı açıq və gizli şəkildə təxribatlar törətmiş, bir qisminin həyatdan getməsinə səbəb olmuşlar. Yaradılanda 10 min kv km-dək ərazisi olan Ermənistan Azərbaycan torpaqlarını işğal etmək hesabına ərazisini 30 min kv km-ə çatdırmışdır. Düşmən ölkənin bununla da ərazi iştahası azalmayıb və erməni millətçiləri “böyük Ermənistan” yaratmaq üçün bu gün də hər cür hiyləyə əl atırlar.
“Azərbaycanlıların soyqırımı haqqında” ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında erməni millətçilərinin son iki əsr ərzində xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti, nəticələri və ibrət dərsləri tarixi faktlarla əksini tapmış, rəsmi surətdə təsdiq edilmişdir. Həmin fərmanla erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş soyqırım siyasətinin mahiyyəti və nəticələri dünya ictimaiyyətinə çatdırılmışdır.
Erməni millətçi-separatçılarının imperialist dairələrin təhrik və himayəsi ilə 1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində törətdiyi kütləvi soyqırım aksiyasından 102 il keçdi. Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı müxtəlif mərhələlərdə törədilən bu ağır soyqırım və deportasiya cinayətlərini unutmamaq, böyüyən nəsli düşmən ölkənin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək ziyalılarımızın önəmli vəzifəsi olmalıdır.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan bölməsinin sədri, akademik
"Xalq qəzeti"
10.09.2020