İsti yay günləri bərəkət mövsümüdür

A- A A+

Hər fəslin öz gözəlliyi olduğu kimi, özünəməxsus qayğıları, işləri də var. Qışa hazırlıq, əsasən, yayda həyata keçirilir. Yığım fəsli sayılan yayda kənd sakinləri uşaqdan böyüyə qədər səfərbər olur. "Yayın yaxıntısı, qışın yavanlığıdır" deyən nənələrimiz bu fəsildə hər şeyin qədrini bilməyi, ondan qışa azuqə hazırlamağı tövsiyə etmişdir. Keyvəni (heyvandarlıq məhsulları istehsal edən) nənələrimiz yayda hazırlanan məhsulları öz dad-tamına görə də həmişə yüksək saymışlar. Ona görə də demişlər ki, yayda yatan ailə qışda batar.

Kənd həyatının ən qızğın iş dövrü yay aylarında olur. Kişilər mal-heyvanın qışlaması üçün ot toplayır, qadınlar qış üçün azuqə hazırlayırlar. Biçənəklərdə kərəntinin fışıltısı al-əlvan güllərdən şirə çəkən arıların vızıltısına qarışır.

Dağda olan təbii otlar öz tərkibinin zənginliyi ilə seçilir. Müxtəlif çiçəklərlə qidalanan inəyin südü bu fəsil fərqli dad verir. Dədə-babadan yay fəsli tutulan inək yağı çox dadlı və ətirli olur. Bu vaxt vurulan pendir yağlılığı ilə seçilir. Yayda həmçinin qurut hazırlayırlar. Qurut üzlü və üzsüz olmaqla iki cür olur. Üzlü qurut süzülmüş qatıqdan, üzsüz qurut isə süzülmüş ayrandan hazırlanmış cortdandan və ya qaymağın suyundun çalınan qatıqdan hazırlanır.

Daha yaxşı və bol məhsul istehsal edən qadınlarımızın işləri yay fəsli gecəyarısına qədər davam edir. Axşam südündən pendir hazırlayanlar onu gecə kəsib qaba yığırlar ki, qalıb qıcqırmasın. Qadınlar səhərin gözü açılar-açılmaz digər təsərrüfat işləri ilə məşğul olurlar. Arada vaxt olduqca yun yuyub qurudurlar.

Qırxılan yun təmiz yuyulur, didilir, çırpılır. Təmizlənən yundan yorğan-döşək salınır. "Yapağı" deyilən yunları darayıb əyirir, qış üçün müxtəlif geyimlər toxuyurlar. Yun didiləndə qonşular bir-birinə kömək edirlər. Payız toyları üçün xüsusi hazırlıq görülür. Toy yorğan-döşəkləri təntənə ilə hazırlanır.

Yayda həmçinin mürəbbə, kompot və digər azuqələr tədarük edilir. Müxtəlif meyvələrdən hazırlanan cem, mürəbbə, kompotlarla yanaşı onların qurusu və lavaşaları da hazırlanır. Yayda həmçinin bişmiş süddən sərmə pendir tutulur. Bu pendiri uzun müddət saxlamaq olur, çox yumşaq və tamlı olan pendir kərə yağına oxşayır.

Yaz cücələri artıq analarından ayrılır, quzu və çəpiclər dağa qaldırılır. Sərin dağ havasında allı-güllü yamaclarda otarılıb-bəslənən heyvanlar ətə dolurlar.

Səsli-küylü, qonaq-qaralı kənd həyatının təbii qidalarının dadını heç nə əvəz edə bilməz. Bu gözəlliklərdən istifadə etmək, təbii nemətlərlə qidalanmaq və mənalı istirahət etmək üçün kəndlərimizdə hər cür şərait var.

Yeməyinin əsası ağartı məhsulları, yumurta, müxtəlif meyvələr, təbii toyuq və çəpic əti olan adamlar uzunömürlü olurlar. Təzə biçilən qırmızı buğdadan hazırlanmış undan bişən çörəyin ətri isə adama daha xoş gəlir.

Dağlar qoynunda yerləşən kəndlərimizə üz tutanları dövlətimizin qayğısı nəticəsində rahat və kənarları yaşıllıqlarla əhatə olunmuş asfalt yollarımız müşayiət edir. Əlincə çayının başlandığı yaylaqların buz  bulaqlarından içmək, təmiz dağ havasından ciyər dolusu nəfəs almaq insan ruhunu ən yüksək səviyyədə qidalandırdığı kimi, ömrümüzə də ən xoş anları bəxş edir.

 

T.MƏHƏMMƏDQIZI

“Arazın səsi” qəzeti

Culfa rayonu

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: