Ordubadın Anaqutu, Dırnısı, gözəlliyə dəvət edir hər kəsi - FOTOLAR
Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bundan öz şəxsi maraqları üçün istifadə edən də var, ümummilli maraqlara xidmət edənlər də. Orxan Cəfərli və Xudayar Mirzəyev kimi. Hər iki gənc doğulub boya-başa çatdıqları Dırnısın və ona qonşu kənd olan Anaqutun gözəlliklərini, insanlarını, adət-ənənəsini, mətbəxini çəkir və dünyaya təqdim edirlər. Aktiv sosial şəbəkə istifadəçilərinin dəvəti ilə eyni icra nümayəndəliyinə tabe olan kəndlərə yol alırıq. Məqsəd yayla payızın qovşağında bir də bu gənclərin gözü ilə hər iki yaşayış məntəqəsinin təbii gözəlliklərini, turizm potensialını çoxsaylı oxucularımıza çatdırmaqdır.
Beləcə, yol alırıq üzü Ordubada sarı. Magistral yoldan ayılıb Dırnısa aparan qolla yolumuza davam edirik. Kəndləri bir-bir geridə qoyuruq. Onu da xüsusilə vurğulamaq lazımdır ki, kəndlərimizin abadlaşması, infrastrukturun yaradılması həm də kənd turizminin inkişafına yol açır. Bir zamanlar hansısa dağ kəndinə getmək istəyən yerli sakinlər ünvana yetişmək üçün əziyyət çəkirdilərsə, bu gün artıq vəziyyət tam başqadır. Kəndlərimiz artıq xarici turistləri öz füsunkar mənzərəsi və abadlığı ilə məftun edir. Kompleks quruculuq tədbirlərindən sonra müasir görkəm alan Vənəndin abadlığı muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin bariz ünvanı kimi göz oxşayır. Elə bu gözəlliklərə aludəykən təbiət öz cilvəsiylə gözlərimizdən ruhumuza dolur. Göz oxşayan yaşıllıqlar, baş-başa verən ağaclar, avtomobilimizin şüşəsindən içəri dolan təmiz hava artıq bu yerlərin fərqliliyinin müjdəçisi kimi bizi xoşhal edir. Anaqutun elə girişində foto çəkib bu gözəllikləri tez bir zamanda şəbəkə istifadəçiləri ilə paylaşmaq keçir könlümdən. Belə də edirəm. Yaşıllıqlar bizi sehrinə salıb dərinliklərə aparır. Vənənd çayının səsi, quşların nəğməsi qarışıb bir-birinə. Demək yuxarılara qalxdıqca bizi daha fərqli gözəlliklər müşaiyət edəcək. Deyəsən, elə izləyicilərimiz də paylaşdığımız videodan bu fərqliliyin fərqinə varır. “Bura Quba yoludur?”,- deyə bizə sual ünvanlayırlar. Bizsə “Xeyr, bura Ordubadın Anaqut kəndidir”,- deyib kəndi görməyənlər, tanımayanlar üçün fotolar paylaşmaqda davam edirik.
İlin əvvəlindən dünyanı saran pandemiya həm də yollara sərhəd çəkdi. Hər kəs öz sərhədi, yaşadığı bölgəsi daxilində yaradılan imkanlardan istifadəyə diqqətini yönəltdi. Nəticədə daxili turizm hərəkətə gəldi. Yaşadıqları bölgəni qarış-qarış gəzən insanlar bəlkə də bugünədək rastlamadıqları gözəlliklə baş-başa qaldılar. Və bir daha əmin oldular ki, ölkə sərhədindən kənara çıxmadan da istirahətlərini xoş və mənalı keçirə bilərlər. Bu mənada Ordubadın Anaqut və Dırnıs kəndləri təbiətsevərlər üçün cazibədar məkanlardır.
Anaqutlular və dırnıslılar gələn turistlərə daha yaxşı xidmət göstərmək məqsədilə bağlarında istirahət guşələri yaradıblar. Deyirlər ki, şənbə-bazar günləri burada boş yer tapa bilməzsiniz. İnsanlar təbiətdən zövq almaq üçün elə təbiətin ən gözəl guşələrinin də axtarışında olurlar. Təbii ki, bu yerlərin tanıtımında kənd sakinlərinin rolu az deyil. Turizm də zəncirvaridir. Bu elə bir sahədir ki, yalnız əlaqədar qurumların deyil, hər kəsin az da olsa bu şəbəkəni genişləndirməkdə payı olur. Burada hər iki tərəf qazanır. İnsanlar vaxt itkisindən azad olur, təklif olunan xidmətdən istifadə edir, kəndli üçün isə əlavə qazanc mənbəyidir. Həm də o bu yolla öz yaşadığı kəndi tanıtmış və sevdirmiş olur. Diqqətimizi yolboyu vurulmuş lövhələr çəkir: “Təmizliyə riayət edin”. Kənd əhalisi öz torpağını sevdiyi, tanıtdığı kimi, həm də təmizliyini, yaşıllığını qoruyur.
Bir yer təsəvvür edin: ətraf yaşıl rəngə boyanıb, ağaclar boy atmaqda sanki yarışa girib, çayın şırıltısı və üzünü oxşayan xəfif meh. İnsan təiətin bir parçasıdır, ona görə təbiətlə vəhdətdə özünü daha gümrah, daha sağlam hiss edir. Bu səbəbdəndir ki, asudə vaxtında rahat, hər şəraitə malik evindən çıxıb təbiətə sığınır. Ana təbiətsə çox səxavətlidir. Heç bir insan övladından öz payını əsirgəməz. Bol oksigen, cana məlhəm bulaq suları və gözoxşayan mənzərələr. Nə deyim? Cənnət elə budur. Məşhur Pəzməri şəlaləsi, həmçinin Qaplançay və Alçalıq şəlalələri bu qol üstündə yerləşən Pəzməri kəndinin yaxınlığındadır. Təbiət vurğunları üçün şəlalələrə səyahət də təklif olunur.
Ekoturizm və onun bir qolu olan kənd yaşıl turizmi bu gün turizmin digər növləri ilə sanki rəqabətə girib. Bunu zaman və mövcud imkanlar şərtləndirdi. Kənddə artıq kirayə verilən evlərin də sayı artıb. Artan tələbat kənd sakinlərinin bu sahəyə diqqətini yönəldib. Güllü-çiçəkli bağçası, ana laylasının, nənə nağılının, baba nəsihətinin kəraməti çökmüş kənd evlərinin aurası bir başqadır. Kim belə evdə qalmaq istəməz ki? Əzəmətli dağlarla əhatələnən kənd evləri Vənənd çayının sağ və sol sahilində yerləşir. Müasir tipli, ikimərtəbəli evlər də üstünlük təşkil edir. Yəni hər bir turist öz zövqünə və istəyinə uyğun ev tapa bilər.
Təbii ki, Ordubad mətbəxinə söz ola bilməz. Burada hər hansısa meyvə hədər olmaz. Ehtiyaclarını ödəyəcək qədər toplayıb yeyərlər, qalanını kompot, cem, mürəbbə, lavaşa edər, əsasən də qurudarlar. Meyvə qurutma ənənəsi Ordubadda tarixən mövcuddur. Meyvə qurularından həm çay süfrəsində istifadə edərlər, həm də müxtəlif yeməklərin hazırlanmasında geniş şəkildə istifadə olunar, bu da yeməklərə fərqli dad verər. Bir də sırf Ordubad bölgəsinə məxsus miyanpur, alana, sucuq adlanan nemətlər var, dadını yeyənlər bilər. Bir sözlə, ilboyu Ordubad süfrəsindən meyvələrdən hazırlanan məhsullar əskik olmaz ki, bunların da hər biri cana faydalıdır. Sağlamlığını və rahatlığını düşünərək yola çıxan bir turist üçün də belə təmiz və faydalı məhsullar vazkeçilməzdir. Həm yeyəcək, həm alıb aparacaq, həm kəndliyə xeyir verəcək.
Və gələk Ordubad zonasında təklif olunan çay süfrəsinə. Çay süfrəsi meyvə quruları, çərəzlər, mürəbbə və şirniyyat çeşidləri ilə o qədər zəngin olar ki, xörək yeməyə artıq iştahan qalmaz. Ordubad limonu ilə çay da bir başqa.
Qonağı məmnun etmək üçün ən ləziz təamlarını bişirməkdən zövq alarlar. Bu işi xüsusi diqqət və sevgi ilə icra edərlər. Kimisi ocaq başına keçər, kimisi təndir başına. Hətta Ordubad qayğanağının necə hazırlanması prosesini izləmək istəyənlər də az deyil. Təndirdə bişən kabablar, qutablar, kökələr süfrəyə düzülər, həm də bu elin, bu obanın bərəkətli torpaqlarından, zəhmətkeş insanlarından xəbər verər.
Kənd camaatının əsas məşğuliyyətini burada maldarlıq və arıçılıq təşkil edir. Təsərrüfatın bu sahələrindən alınan təmiz məhsullar-bal, süd və süd məhsulları-qatıq, xama, şor, kərə səhər süfrəsində qonaqlara təklif olunan ən ləziz təamlardır.
Təbii ki, bağçılıq da kənd adamlarının məşğul olduğu geniş sahədir. Nələr yetişdirilmir ki bu torpaqlarda?! Növbənöv əriyindən tutmuş, gilənarı, şaftalısı, armudu, alması, ta zoğalına qədər. Cəviz və fındıq ağacları isə daha çox üstünlük təşkil edir. Burada yetişdirilən fındıq məşhur Zaqatala fındığından nə ölçüsünə, nə saflığına, nə də dadına görə heç də geri qalmır. Bir sözlə, zəhmətkeş kənd adamları torpağı qızıla çevirib öz alın təri ilə becərdiyi məhsullardan faydasını götürər, gününü-güzəranını qurar, həm də gələn qonağı məmnun edərlər. Daha dəqiq desək, zəngin mətbəx çeşidləri ilə heyran edərlər.
Üstəgəl sərin bulaqları, mineral suları cana məlhəmdir. İçməmiş bu kənddən ayrılsan, demək ki, çox şey itirmisən. İnsanların qonaqpərvərliyindən dolayı özünü bu kənddə yad hiss etmərsən. Hansı qapını açsan, gülər üzlə qarşılanacaqsan.
Dırnıs təbiətinə görə hələ 70-ci illərdə düşərgə salınan yaşayış məntəqələrindən olub. Ona görə Dırnıs bu gün də əksəriyyətin yaddaşında yay düşərgə mərkəzi kimi qalıb.
Muxtar respublikamızı qarış-qarış gəzdikcə belə bir fikir hasil olur: Naxçıvan təmizliyin, yaşıllığın və sağlamlığın ünvanıdır. Bu ünvana gələnlər şəfa tapar, mənən paklaşar, ruhən dincələr. İlboyu itirdiyi enerjini yaşıl təbiətindən, mineral bulaqlarından, nəğməli çaylarından, sakit və təhlükəsiz ortamından, zəngin mətbəxindən və bütün bunlara vəsilə olan qonaqpərvər, sevgi dolu insanlarından alar.
Ordubad ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi, Azərbaycanın incisidir. Bu incidə Anaqut və Dırnıs parlayan qaş kimi göz qamaşdırır. Kənd turizminin ilk tətbiq olunduğu Şahbuz rayonunun Ağbulaq kəndindən sonra bu yaşayış məntəqələri ideal ünvan kimi özünü sübut edir.
Ordubadın Anaqutu, Dırnısı,
Gözəlliyə dəvət edir hər kəsi.
Gəlin, bu gözəlliklərdən siz də doya-doya zövq alın.
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının baş redaktoru