Cəhri qəsəbəsindəki tarixi məscid yenidən tikilir - FOTOLAR
Cəhri qəsəbəsində yerləşən və el arasında “Heydərxanlı məscidi” kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanın məscid və ziyarətgahları” kitabında “Heydərxanlı məscidi” barədə oxuyuruq: “Heydərxanlı məhəlləsində yerləşən bu məscidin divarları kvadrat formalı çiy kərpicdən inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid qoşamehrablıdır. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində qoşamehrablı məscidlərə demək olar ki, nadir hallarda rast gəlinir. Xüsusi memarlığa, qədim tarixə malik olan məscid hazırda yarımuçuq vəziyyətdədir”.
Həmin nəşrdən öyrənirik ki, XV əsrə aid olan ibadət ocağı sovet hakimiyyəti illərində məscid funksiyasını itirib və bu tikilidən təsərrüfat məqsədilə anbar kimi istifadə olunub. Məqsəd ondan ibarət idi ki, xalqımız milli və dini dəyərlərimizdən uzaq düşsün. Beləliklə, “Heydərxanlı məscidi” həmin dövrdə baxımsızlıq ucbatından güclü aşınmaya məruz qalır, divarları və dam örtüyü uçub dağılır. Cəhri qəsəbəsinin yaşlı sakinlərindən öyrəndik ki, məscidin yerləşdiyi yerdə “Heydərxanlı” məhəlləsi var və eyniadlı tayfa da həmin yerdə məskunlaşıb. Buna görə də ibadət ocağı el arasında “Heydərxanlı məscidi” kimi tanınır.
Müstəqillik illərində Naxçıvandakı tarixi abidələr, türbələr, məscid və ziyarətgahlar bərpa olundu, onlara ikinci həyat verildi. Bu gün həmin tarixi tikililər əcdadlarımızdan bizə miras qalan dəyər kimi qorunur, hifz olunur. Cəhri qəsəbəsindəki tarixi “Heydərxanlı məscidi” də müasir layihə əsasında yenidən tikilir. Qeyd edək ki, ibadət ocağı iki mərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.
Məlumat üçün deyək ki, Cəhri qəsəbəsində 6 məscid və son dövrlərdə tikilən 2 mərasim evi vardır.
Hacı Hacıyev
"Şərqin səhəri" qəzeti