NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Culfa rayonunun Qazançı, Milax, Xanəgah və Əlincə kəndinin sakinləri iştirak edib.
Nazirliyin şöbə müdiri Azər Məmmədov bildirib ki, bu gün muxtar respublikada ətraf mühitin mühafizəsi sahəsində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Ordubad yasaqlığının müəyyən hissəsi Culfa rayonunun kəndlərinə yaxındır. Yasaqlıqda nadir rast gəlinən bezuar keçiləri, muflonlar, müxtəlif çöl quşları yaşayır. Sakinlər bu heyvanların, çöl quşlarının bitki örtüyünün, nadir ağac növlərinin qorunmasında fəallıq göstərməlidirlər.
Sakinlərin diqqətinə çatdırılıb ki, yeni meyvə bağı salmaq istəyən ailə təsərrüfatlarına nazirlik tərəfindən ödənişsiz meyvə tingləri verilir. Rayonun iqliminə uyğun meyvə bağları salmaq istəyən ailə təsərrüfatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər.
Tədbirdə Culfa Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Cəfər Məmmədov qanunsuz ov etmə, ağacların qanunsuz kəsilməsi, ətraf mühitin çirkləndirilməsinə görə inzibati xətalar məcəlləsində nəzərdə tutulan cərimə məbləğləri və inzibati məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verib.
Novruz Məmmədov