Vətənpərvərlik ideologiyası gənclərimizə aşılanır

A- A A+

Şərqdə ilk demokratik dövlətin bərqərar olduğu Azərbaycan çoxəsrlik tarixə və dövlətçilik ənənəsinə malikdir. Tariximizin hər dönəmi qəhrəmanlıq səhifəsi, yadelli işğalçılara qarşı mübarizələrlə zəngindir. Sözsüz ki, bu tarixi qəhrəman və igid mübarizlərimiz, vətəni canından artıq sevən oğullarımız yazıblar. Yerləşdiyi  coğrafi mövqe, sahib olduğu  zəngin  maddi və təbii sərvətlər həmişə yurdumuz üzərində acgöz və istilaçı gözlərin olmasına səbəb olubdur. Lakin heç vaxt başqasının torpağında və nemətlərində gözümüz olmayıb, sülh, ədalət və rifah içərisində yaşamağı üstün tutmuşuq. Bunu digər xalqlar üçün də arzulamışıq. Ancaq nə edəsən ki, mənfur ermənilər kimi, nankor qonşularla birgə yaşamağa məhkum olunmuşuq. Onlar isə hər zaman bizə qarşı torpaq iddiaları qaldırıb, tarixin müəyyən dövrlərində müxtəlif vasitələrlə buna nail də olublar.

Əzəli ərazilərimiz hesabına özlərinin xunta rejimi ilə idarə olunan, işğalçılıq və terrorizm ideyaları ilə zəhərlənmiş dövlətlərini yaradıblar ki, bu siyasətdə onlara kömək edən, dəstək verənlər bu gün də bu xətti yeridir, Ermənistandan Cənubi Qafqazda münaqişə ocağı yaratmaq üçün bir alət kimi istifadə edirlər. Keçən əsrin sonlarında yenidən öz müstəqilliyini igid oğulların qanı hesabına qazanan Azərbaycan Respublikasına qarşı 1988-ci ildən başlayaraq davam edən növbəti erməni təcavüzü hələ də davam edir. Münaqişə ərazilərimizin bir hissəsinin işğalına, soydaşlarımızın qaçqın və köçkün statusunda yaşamasına səbəb olubdur. On minlərlə şəhid verən Azərbaycan xalqı öz torpaqlarının gec-tez işğaldan azad olunmasını təmin edəcəkdir. Müstəqilliyin ilk illərində baş verən siyasi proseslər, vahid komandanlığın yoxluğu, savadsız rəhbərliyin fəaliyyətsizliyi cəbhədə uğursuzluqlar və torpaqların itirilməsi ilə nəticələndi. Lakin xalqın mübarizə ruhu və cəsarəti həmişə ən yüksək səviyyədə olub, ər oğullarımız torpaqlarımızın müdafiəsi uğrunda döyüşüb və öz qanları bahasına sərhədlərimizin toxunulmazlığını qoruyub saxlayıblar.

Vətənin azadlığı, suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparan, bu yolda hətta öz canlarından belə keçməyə hazır olan igidlər məskənidir Azərbaycan! Heç vaxt arxadan zərbə vurmayıb, “dosta dost, düşmənə düşmən” prinsipi ilə yaşayan və xeyirxah, mərd olubdur Azərbaycan oğulları. Bu da təsadüfi deyil. Məğrur Azərbaycan anası doğulan uşağına layla deyərkən ona nəcib hissləri, vətəni və ananı sevməyi təbliğ edir. Heç kimə qarşı nifrət və riyakarlıq aşılamır. Deməli, genetik olaraq ötürülən vətənpərvərlik, vətənə məhəbbət hissi ana südü, ana laylası ilə qanımıza, canımıza hopur, daha da möhkəmlənir.

Oxuduğumuz nağıl və rəvayətlərdə, dastanlarda belə bütün çətin məqamlarda xalqın dadına çatan, qəhrəmanlıqlar və xeyirxahlıqlar göstərən müsbət personajlarımız kifayət qədərdir. Hər bir azərbaycanlı uşaqlığından belə vətən sevgisi ilə tərbiyə olunur və olunmalıdır da. Vətənpərvərliyin şüurlu tərbiyəsi bağçada, təhsil müəssisələrində formalaşır, cilalanır və milli-mənəvi dəyər kimi əxz olunur. Bəlkə də bu qeyri-iradi baş verir. Azərbaycançılıq və vətənpərvərlik bizim hamımızın ideoloji tərbiyəsinin əsasını təşkil edir. İnsanın həyatı boyunca praktik nümunələrlə daha da möhkəmlənir. Eyni zamanda vətəni sevmək, vətəni öyrənməkdən sonra başlayır.

Bu baxımdan diyarımızın tarixi abidələrini, illərin keşməkeşli mübarizələrlə dolu yurd yerlərini tanımaq, öyrənmək çox böyük əhəmiyyətə malikdir. Muxtar diyarımız bu abidə və yurd yerlərinə görə daha zəngindir. Sinəsində əsrlərin və illərin sirlərini, qəhrəman oğulların şücaətini saxlayan qalalarımız, qədim yaşayış məskənlərimiz gənclərin əsas ziyarət etdiyi yerlərdir. Məhz öz yurdunu öyrəndikdən sonra sevmək və beynəlxalq aləmdə təbliğ etmək mümkündür. Bununla bağlı tədbirlər icra olunur, aidiyyətı qurumlar tərəfindən gənclərin tarixi yerlərə ekskursiyaları təşkil olunur, tədbirlərin əksəriyyəti bu məkanlarda reallaşdırılır.

Qloballaşma dövründə sosial şəbəkələrin imkanlarından istifadə edilməklə, tarixi yerlərimiz, abidələrimiz təbliğ olunur, bu yerlər haqda müxtəlif dillərdə vikipediya səpkili materiallar yerləşdirilir. İnformasiya mübarizəsində bir an belə gecikmək olmaz, sərhədlərimiz daxilində bütün ərazimiz haqda müfəssəl məlumatlı olmalı və təbliğat aparmalıyıq. Eyni zamanda qədim Azərbaycan torpaqları haqda gənclərimizə məlumatlar verməliyik. Unutmaq olmaz ki, əhatəmizdə bizim ərazilərimizdə gözü olan, hər vəchlə qədim və tarixi yurd yerlərimizə sahib olmaq istəyənlər var. Bu şəraitdə daha ayıq-sayıq olmalı, vətənpərvərlik hisslərinin aşılanmasında daha mütəşəkkil işlər aparmalıyıq.

Ölkənin gələcəyi olan gənclərin dünyəvi-müasir elmi öyrənməsi qədər vacib olan milli-mənəvi dəyərlərin təbliğinə də çalışmalıyıq. Gənclərimiz ideoloji cəhətdən daha sağlam və milliliyə bağlı olmalıdırlar. Müasir dünyagörüşü, təhsil xalqımızın çoxəsrlik milli-mental dəyərləri ilə vəhdət formada mənimsənilməlidir. Məhz bu ruhda olan gənclərimiz torpaqlarımızın işğalına son qoyacaq, ölkəmizin tərəqqi və inkişafına nail olacaqdır. Məhz əsası ulu öndərimiz tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin özülünü, ana xəttini gənclərin vətənpərvərlik tərbiyəsi, gələcəyin qurucularının milli-mənəvi dəyərlər əsasında formalaşması təşkil etməkdədir. Məhz öz elinə, obasına bağlı, azərbaycançılıq məfkurəsini mənimsəmiş hər bir gənc doğma vətənimizin inkişafı, müstəqilliyimizin qorunması naminə səy göstərəcəkdir.

 Bu gün muxtar diyarımızda bu sahədə daha böyük işlər görülür. Muxtar respublika rəhbərliyinin qayğısı sayəsində bu gün gənclərin hərtərəfli inkişafı, öz istedadlarını reallaşdırması və məşğulluğunun təmini istiqamətində müasir infrastruktur yaradılıbdır. Kənd və şəhər arasında fərqin sürətlə aradan qaldırılması gənclərimizin məşğulluğunun artırılmasına, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafında səmərəli iştirakına səbəb olubdur. Bu da öz növbəsində gənclərimizin yurd yerlərinə sevgisinin artmasında müsbət rol oynayıbdır. Vətənpərvərlik müəyyən mənada elə bundan ibarətdir; elini sevmək və hər qarış torpağına, daşına sahib çıxmaq. Bu sahədə görülən işlər bu qayəyə, məqsədə xidmət edir. Belə gənclərimizin sayəsində ölkəmiz daha da qüdrətli olacaq, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirəcəkdir.

Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi

Veteranları və Şəhid Ailələrinin

Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: