Ecazkar bitki - boymadərən - FOTOLAR
Qədim dövrlərin məşhur həkimlərindən Suşrutun, Hippokratın, Qalenin və orta əsrlərdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın əsərlərində xalq təbabətində faydalı bitkilər, onlardan necə istifadə olunması qaydaları haqqında müəyyən məlumatlara rast gəlirik. Qədim Yunanıstanın məşhur həkimi Hippokrat xəstəliklərin müalicəsində işlənən dərmanları sistemləşdirməklə yanaşı, öz müşahidələrinin əsasında xəstəliklərin müalicəsi zamanı xalq təbabətini də yüksək qiymətləndirərək “Xəstəliyi təbiət sağaldır, həkim isə ona kömək edir” şüarını irəli sürürdü. Məşhur yunan həkimi Qalen isə müxtəlif bitkilərdən dərman preparatları hazırlayaraq bir çox xəstəliklərin müalicəsində istifadə edib.
Dağları min bir dərdə dərman müxtəlif bitkilərlə zəngin olan ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda xalqımızın min illərdən bəri qoruyub yaşatdığı adət-ənənələrində, zərb-məsəllərində, rəvayətlərində də dərman bitkilərindən istifadə qaydaları haqqında məlumatlar öz əksini tapmış, bir sıra yazılı mənbələrdə toplanmışdır.
Soyuqdəymədə, mədə-bağırsaq, nəfəs yolları, qan azlığı, baş ağrıları kimi xəstəliklərdə insanlar məlhəm kimi təbii bitkiləri seçmişlər. Sınıqların, çıxıqların müalicəsində təbii yollar axtaran insanlar yenə də dərman bitkilərinə üz tutmuşlar. Xəstəliyi də, onun müalicə yollarını da təbiətin min bir dərdə dərman olan bitkilərində, sularında tapan insanlardan tez-tez bu ifadəni də eşitmək olar: “Biz indiyə kimi dərman nədir bilməmişik.”
Şahbuzun hər dağında, dərəsində, düzündə, yamacında min bir rəngdə açan güllərin, çiçəklərin, günəşə sarı boylanan bitkilərin əksəriyyəti xalq təbabətində dərman vasitəsi kimi istifadə olunur. Zəngin təbiəti olan rayonumuzun bitki örtüyündən toplanan məhsullar hesabına burada hər il tonlarla dərman bitkiləri tədarük olunur. Tarixən bu qədim yurd yerinin əhalisi həmin bitkilərdən istifadə etməklə müxtəlif xəstəliklərdən qorunub, səhhəti pozulanlarsa şəfa tapıb. Əbəs yerə demirlər ki, təbiətdə bütün xəstəliklərin şəfası var. Sadəcə, həmin bitkilərin, necə deyərlər, dilini bilmək, onlardan istifadə qaydalarını mənimsəmək lazımdır. Belə bitkilərdən biri də boymadərəndir. Adi boymadərən çoxillik ot bitkisi olub, hündürlüyü 20-80 santimetrdir və bir qədər uzunsovdur. Ölkəmizdə ağ (bozumtul) və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibbdə ağ (bozumtul) boymadərəndən istifadə edilir. Muxtar respublikanın əsasən aşağı və orta dağlıq ərazilərində quru dərələrdə, çaybasar çəmənliklərdə, talalarda, yol kənarlarında, təzə salınmış meşə zolaqlarının ətraf ərazilərində və yaşayış məntəqələrinə yaxın yerlərdə bitkinin 9 növü yayılıb. Boymadərən Şahbuz təbiətinin də faydalı bitkilərindən sayılır. Təbiətimizin insanlara ərməğanı olan bu bitki haqqında rayonun yaşlı sakinləri ilə söhbətimiz zamanı öyrəndik ki, rayonumuzda boymadərənin ağ və sarı növlərinə rast gəlinir. Bitki iyun, avqust aylarında çiçəkləyir. Onu toplayan zaman kök və pöhrələrini qətiyyən qazaraq çıxarmaq olmaz. Bitkinin toplanıldığ ısahədən təkrar yığımı 1-2 ildən sonra mümkündür. Topladıqdan sonra qısa müddətdə qurutmağa çalışmaq lazımdır. Qurudulma havası tez-tez dəyişilən açıq çardaqlarda kağız və ya parça üzərində sərməklə aparılır. Dəri xəstəliklərində boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik yaradan mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. Bu halda onu suda dəmləyib ilıq şəkildə tənzif vasitəsilə bütün bədənə yayırıq. Bu zaman dəridə olan parazitlər məhv edilir və dəri təravətlənir. Qida borusu iltihabında, qastrit, bağırsaq xorası kimi xəstəliklərdə boymadərən çayının qəbulu iltihab əleyhinə vasitə kimi çox yaxşı nəticələr verir. Bağırsaq xoralarında boymadərən, gülümbahar, quşəppəyi bitkilərinin qarışığından hazırlanmış çayın da yaxşı nəticə göstərdiyini deyə bilərəm. Bir həftə ərzində gündə üç dəfə olmaqla yeməkdən əvvəl bir stəkan dəmləmə içildikdə qurd xəstəliklərinin müalicəsinə təsir edir. Bronxit xəstəliyindən əziyyət çəkənlər 200 qram boymadərən otunu üyüdərək toz halına salıb, üzərinə yarım kiloqram bal əlavə etməklə çox faydalı bir qarışım hazırlaya bilər. Bu qarışım gündə 3 dəfə, 1 çay qaşığı yeməkdən əvvəl qəbul edilməlidir. Bu bitki, həmçinin maddələr mübadiləsini də normalaşdırır, piylənmə, qıcolma hallarında əvəzedilməzdir. Dəmləməsi böyük qan dövranı pozulmalarında faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşütməni aradan qaldırır. Eyni zamanda ürəkbulanma və göz xəstəliyində istifadə olunur. Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur. Bitkinin çayını hazırlamaq üçün boymadərəni qaynar suya əlavə edib 5 dəqiqəyə yaxın dəmləyirik. İsti halda içilir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Şahbuz dağları, xüsusən Dərələyəz silsiləsinin cənub yamacları dərman bitkilərinin növ tərkibinə görə təkcə Qafqazda deyil, bütün Avropada ilk yeri tutur.
Rayonun əhalisi az qala bu dərman bitkilərinin hər birinin növ müxtəlifliyinə və hansı dərdə dərman olduğu haqqında məlumata malikdir. Bu dərman bitkilərindən muxtar respublikada, o cümlədən ölkəmizin hər yerində istifadə olunması məqsədilə 2010-cu ildən başlayaraq dərman bitkilərini istehsal edən “Farma Şah” müəssisəsi fəaliyyətə başlayıb və bu istiqamətdə ixtisaslaşıb. Unikal müəssisələrdən biri olan “Farma Şah” Şahbuz rayonunun müxtəlif ərazilərindən-dağlardan, dərələrdən, yamaclardan yabanı halda bitən qiymətli dərman bitkilərinin yığılıb emal olunmasına və paketlənərək satışına nail olub. Bu da bir daha onu göstərir ki, insanlar xəstəliklərin müalicəsində xalq təbabətinə üstünlük verirlər.
Hicran Əliyeva
“Oğuz səsi” qəzeti