Naxçıvan ədəbi mühitinin Müzəffər Nəsirlisi - FOTOLAR

A- A A+

Sentyabr ayının 14-ü Naxçıvanın tanınmış şair və dramaturqu Müzəffər Nəsirlinin doğum günüdür. Müzəffər Nəsirli öz zamanında  təkcə muxtar respublikada deyil, ölkədə və hətta o vaxt  Sovet İttifaqında tanınan söz ustası, ədəbiyyat adamı idi. 16 yaşından ilk şeiri çapdan çıxan Müzəffər Nəsirli 17 yaşında, 1928-ci ildə  Naxçıvan Proletar Yazıçıları Cəmiyyətinə katib seçilib. Naxçıvanın tanınmış elm adamı  Əli Əliyev “Əlincə ömrü” kitabında maraqlı bir  məqamı qeyd edir ki, “Asim” ləqəbi ilə yazan gənc Müzəffər Nəsirli 1920-ci illərdə bir neçə dostu ilə  milli və türkçülük  zəminində şeirlər yazdığı üçün “pantürkist” kimi tanınırdı. Hətta bu məsələ ilə bağlı  gənclərin davranışları  kommunist partiyasının fəalları ilə müzakirəyə   çıxarılaraq tənqid olunmuşdu.  Görünür, bu təqiblərdən çəkinən Müzəffər Asim sonradan öz soyadı- Nəsirli imzasından istifadə etməyə qərar verib. 1979-cu il dekabr ayının 31-də vəfat edən şair-dramaturqun dəfni 1980-ci ilin yanvarında olub. Hələ 1920-1930-cu illərdə yazdığı “Azadlıq günəşi”,  “Qanlı qanunlar”  dram əsərləri Naxçıvan teatrında səhnəyə qoyulub. Bir neçə kitabı Azərbaycan və rus dillərində çap olunub. Ən maraqlısı isə 1973-1974-cü illərdə yazdığı və çap etdirmədiyi “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat” adlı monoqrafiyasıdır. Şəxsi arxivində saxlanan bu materiallarda o, həmin illərdə özünün şahidi  olduğu və şəxsən iştirak etdiyi ədəbi hadisələri qələmə alıb. Əsər həmin dövrün tədqiqatçıları və ədəbiyyatçıları  üçün çox dəyərli mənbədir. Hətta paralel olaraq, “Şərq qapısı”nın da nömrələrində yer alan ədəbi hadisə və  materialların tarixini də verməklə qəzetin fəaliyyətinə də toxunub.  Eyni zamanda Naxçıvan Yazıçılar Birliyinin yaranması, bu işdə Bakıdan gələn tanınmış şair və yazıçıların rolu, o cümlədən muxtar respublikada yaşayıb-yaradan şair, yazıçıların fəaliyyəti əhatəli şəkildə əks olunub. Əsərin adından da göründüyü kimi, daha çox sovet ideologiyasına uyğun əsərlərdən nümunələr verilsə də, dolayı yolla hər bir yazıçının istedadı və ədəbiyyatımız üçün atdığı fədakar addımlar özünü göstərir.

Müzəffər Nəsirli 1911-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kəndində anadan olub. Uşaqlıq və gəncliyi Naxçıvan şəhərində keçib, ibtidai və orta təhsilini Naxçıvanda alıb. Onun ilk şeiri  “İndi”  1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin nəşr etdiyi salnamədə  çap olunur. Həmin illərdə Naxçıvanda təşkil olunmuş “Qızıl qələmlər”  ədəbi birliyində fəal  iştirak edib, şeirləri  yerli və mərkəzi mətbuatda çap olunmağa başlayıb.

1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin katibi Süleyman Rüstəm Naxçıvana gəlir və  gənclər  içərisində yaradıcılığı ilə fərqlənən Müzəffər Nəsirli Naxçıvan Proletar Yazıçıları Cəmiyyətinə katib seçilir. Bundan sonra onun hekayə və şeirləri “Gənc işçi”, “Yeni yol”, “Komsomol”, “Dan ulduzu”, “Qızıl Şəfəq”  (Yerevan) və başqa qəzet və jurnallarda nəşr olunmağa başlayır.

Xüsusən 1930-cu illərdə “mədəni inqilab” adlandırılan  dövrdə bir gənc  şair kimi din,  köhnəlik, cəhalət əleyhinə şeirlər yazır, xalqımızın mədəni inkişafına mane olan köhnəliyə qarşı çıxır. 1930-cu ildə onun “Şərq qapısı”nda davamlı şeirləri çap olunur.

1932-ci ildə Nəsirli  ali təhsil almaq üçün Bakıya gəlir.  Bakı ədəbi mühiti onun yaradıcılığında yeni üfüqlər açır, onun yazılarında o zaman dəbdə olan fəhlə mövzusu başlıca yerlərdən biri olur. Şair “Fəhlə ailəsində”,  Xəzər dənizçiləri haqqında “Matros üçün nəğmə”  şeirlərini  yazır. Bu şeirlər 1932-1935-ci illərdə “Ədəbiyyat qəzeti”ndə nəşr olunur.

Müzəffər Nəsirli ali təhsil aldıqdan sonra Yerevan şəhərində işləməyə gedir. Yerevanda Azərbaycan dilində nəşr edilən “Sovet Ermənistanı”  qəzetində fəal iştirak edir. Ermənistan Yazıçılar İttifaqı yanında təşkil olunmuş Azərbaycan bölməsinin təşkilatçılarından biri olur.  

İkinci Dünya müharibəsi başlayanda isə cəbhəyə gedərək  Şimali Qafqaz, Kuban, Ukrayna, Taman yarımadasında, Krımda ən qızğın döyüşlərdə zabit kimi iştirak edir. Amma yenə də sevdiyi sənətindən ayrılmır. O, bilavasitə döyüşçüləri ruhlandıraraq “Göyərçin”, “Sevgilim”, “Cəbhəyə məktub”, “Oxu, bülbülüm, oxu”, “Yadıma düşür”, “Şəfəq”, “Səhra xəstəxanasında”, “Şineli sal üstümə”, “O, Qafqazdan gəlmişdi”  kimi yadda qalan şeirlər yazır. O da maraqlıdır ki, 1930-cu illərdə daha çox sovet ideologiyası və rəhbərliyinə şeirlər yazan Müzəffər Nəsirli artıq vətənpərvərlik ruhunda yazmağa başlayır. Yəni müharibəni fürsət bilib sərbəst şəkildə, əsl poeziya  nümunələri yaradır. O, “Qafqaz oğulları”, “Əkbər haqqında ballada”, “Atam haqqında ballada”, “Xatirə dəftəri”  adlı şeirlərini yazaraq müharibənin dəhşətlərini, Azərbaycan oğullarının qəhrəmanlığını təsvir edir.

Müharibə qurtardıqdan sonra ağır yaralanmış Nəsirli doğma Vətənə dönüb pedaqoji fəaliyyətlə bərabər, öz ədəbi yaradıcılığı ilə məşğul olur. Respublikanın mədəni, ictimai həyatında fəal iştirak edir. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilir. Hazırda Naxçıvan şəhərində adına küçə var.

Müharibədən sonra şairin poeziyasında “Sevirəm”, “Mənim şəhərim”, “Mənim muxtar respublikam”  kimi yadda qalan şeirlər yazır.

Müzəffər Nəsirli yaradıcılığında Azərbaycan qadınları ayrı bir yer tutur. Onun bir neçə poemasının qəhrəmanı qadınlardır. “Partizan Əfruz”,  Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya həsr etdiyi “Arpaçayın dastanı”, məşhur şairə Qönçəbəyimin həyatından və gürcü şairi, diplomatik nümayəndə kimi  Naxçıvanda olan Barataşvili ilə yaradıcı münasibətlərindən bəhs edən “Qönçəbəyim nəğməsi”, 12-ci əsr Azərbaycan Atabəylər dövlətində xüsusi yeri olan Möminə xatına həsr etdiyi “Məhəbbət təcəssümü”, “Dürdanə”, “Qırmızı geyimli qız”, “Məhəbbət qocalmır” pyeslərinin qəhrəmanı  məhz qadınlardır. “Arpaçayın dastanı” əsəri haqqında 1973-cü ildə “Azərbaycan” jurnalında yazı da verilib. Yazıda deyilir: “Müzəffər Nəsirlinin “Arpaçayın dastanı”   “Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovaya ithaf  olunur” – sözləri ilə başlanır. Lakin Bahar həm də onun qəhrəmanıdır. Şair müəyyən dərəcədə böyük sənətkar Səməd Vurğunun adı ilə bağlı olan  ənənələrdən yaradıcılığında istifadə edərək real bir qəhrəmanın əməllərini tərənnüm etmiş və əməyin insana şan-şöhrət gətirdiyini göstərmişdir.”  (Yəhya Seyidov  “Axtarış və yüksəliş yollarında”,  “Azərbaycan”  jurnalı, may 1973-cü il, N- 9, səhifə 185)

Şairin yaradıcılığında doğma respublikamızın təbiətinə, onun insanlarına, məhəbbət də öz bədii ifadəsini tapıb.  Bu cəhətdən onun “Naxçıvan duzu”, “Qızlar bulağı”, “Əlincə qalası”, “Şahbuz lövhələri” şeirləri səciyyəvidir. Çünki şair bütün varlığı ilə Vətənə, onun bir parçası Naxçıvana qəlbən bağlıdır. Şair yazır:

     Qəlbimdə məhəbbət coşan zamandan

     Mənə əziz olub, doğma anamdan.

     Torpağında yaşadığım  Naxçıvan 

     Mən bu yerin nemətini sevirəm.

Müzəffər Nəsirli  əsasən siyasi lirik şeirlərlə tanınırdı. Təsadüfi deyil ki, professor Yəhya Seyidov onun son 1970-ci illərdəki yaradıcılığını belə xarakterizə edib: “Müzəffər Nəsirlinin lirikasında siyasi mövzulara maraq böyükdür, şair bu qəbildən olan şeirlərinin çoxunda ritorikadan, çılpaq publisistikadan qaçmağa müvəffəq olmuşdur. Onun lirik  “Məni”  konkret bir şəxsiyyət və canlı insandır.  O  sevir, sevilir, qəzəblənir, kədərlənir, lakin hər şeydən  əvvəl düşünən vətəndaşdır.   M. Nəsirli  yalnız siyasi lirik şeir deyil, eyni zamanda, nəcib insani duyğulardan bəhs edən “Məhəbbət qocalmır”,  “İki könül bir olsa”, “Sevgilim”, “Göyərçin”, “Neyləyim” , “Oxu, bülbül, oxu” , “Yadıma sən düşürsən”  kimi lirik şeirlər də yazmışdır.” 

Müzəffər Nəsirlinin lirik şeirlərindən bəhs edən xalq şairi Məmməd Rahim yazırdı:  “Müzəffər Nasirin lirikası sağlam ənənəmizə   sadiq  lirikadır. Bu lirikanın səmimiliyi  haqda təsəvvür yaratmaq üçün “Neyləyim”  şeirinə müraciət edək:

   Bir qaydadır eşqi təmiz olanlar

   Sevdiyindən umar ancaq düz ilqar. 

   Özün verdin, ürəyini yadigar.

   Üzün dönsə,  əmanəti neyləyim ?

Bu lirika həmişə belə intim vəziyyətdə qalmır. O, Böyük Vətən müharibəsi illərində döyüşçünün evlərinə, sevgilisinə xəbər aparmağa göyərçinə dönür. Vətənpərvər  bir döyüşçünün təmiz  sevgisini ifadə edir. Nəsirlinin bu səpkili  lirikası ilə oxucuları tanış etmək üçün “Göyərçin”ə müraciət edək:

  Döyür qapıları yenə son bahar.

  Yaş səngərdə çəkir  könlüm intizar.

  Nisgillidir,  gözü yolda qalıb yar

  Ona məndən salam yetir, göyərçin!

 

  O yar məni yada salır bilirəm.

  Qüssələnir, fikrə dalır  bilirəm.

  Küləklərdən xəbər alır bilirəm

  Xəbər apar, xəbər gətir, göyərçin !

 

   Uç, qanadlan, süzə- süzə havada,

   Xoş xəbərlər carçısısan dünyada.

   Müzəffərə təsəllidir davada

   Yardan gələn hər bir sətir, göyərçin!       

(“Azərbaycan” jurnalı. N-6, 1966. səhifə 158)

Bundan başqa, Müzəffər Nəsirlinin şəxsi arxivində onun uşaq şeirləri, sonetləri, dördlükləri də var. Görünür, istedadlı şair ədəbiyyatın bütün janrlarında öz qələmini sınaqdan çıxarıb.

Uzun illər Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik edib, pedaqoji fəaliyyətlə məşğul olub. Bu illərdə istedadlı gənclərin irəli çəkilməsi, onların əsərlərinin yerli və mərkəzi mətbuatda çap olunmasında təşəbbüs göstərib və Naxçıvan ədəbi mühitinin formalaşmasında xüsusi rol oynayıb. Müxtəlif illərdə  “Mənim respublikam”, “Maya respublika”, “Oqni Araksa” (rus dilində), “İki ürək”, “Əsgər toqqası” və başqa kitabları çapdan çıxıb. 

1971-ci ildə 60 illiyi münasibətilə ölkə səviyyəsində tanımış ədiblər, o cümlədən  SSRİ-nin bir çox respublikalarından, Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Tatarıstan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi birliklər, yazıçılar ittifaqlarından ona təbrik teleqramları gəlib. Bu isə Müzəffər Nəsirlinin yaradıcılığının geniş coğrafiyasından xəbər verir.

 

                                                                               Səməd Canbaxşiyev

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: