Sadə qəhrəman - FOTOLAR
Kimdir qəhrəman? At belində, döyüşdən döyüşə atılan cangavərmi, yeddibaşlı əjdaha ilə əlbəyaxa olanmı? Adətən, qəhrəman deyəndə insanlar məhz onları düşünür.
Bizim qəhrəmanlarımız isə sadə insanlardır. Hər gün yolda qarşılaşdığımız, səndən, ondan, bizdən biridir. Halal zəhməti və əziyyəti ilə həyatın çətin sınaqlarında mübarizə aparanlardır “Sadə qəhrəman”lar. Bu dəfəki qəhrəmanımız da sadə bir əmək adamı Təndirçi qadın-Sevgili Quliyevadır.
Əslində, hər birimizin yaddaşında bir təndir ətri, təndir istisi var. Bizə uşaqlığımızı, analarımızın məşəqqətli günlərini xatırladan o təndir, külfə, rəfətə, şiş, oxlov, çörək taxtası və təndirəsər... Təndir adı gələndə doğulub böyüdüyümüz, uşaqlığımızın acılı-şirinli xatirələrinin keçdiyi kənd həyatı, analarımızın təndirdə çörək bişirməyi və ətri məhəlləni bürüyən təndir çörəyindən dürmək tutub bizə verməyi yadımıza düşür. Bəli, isti lavaşla şoru, pendiri o təndirin başında dadmışıq, soyuq qış günlərində əllərimiz üşüyəndə o təndirin başında isinmişik. Bir də təndirqoyanlar olub, kəndlərdə, hər evdə, ocaqda təndir qoyaraq xeyirxah bir iş görüblər.
Anamın təndirimizi qoydurduğu günlər xatirəmdə canlanır. O zaman kəndimizdə təndir qoyan Nazilə xala var idi. Həyətimizdəki təndiri də illər əvvəl o qoyub. Vaxtilə təndir qoymaq da xüsusi bir mərasim idi. Məhəllənin bir neçə qadını bu iş üçün toplaşardı. Bir nəfər palçığı qarışdırar, başqaları isə badları formaya salıb təndirçiyə verərdilər. Təndir hazır olanda hamı xeyir-duasını deyər, təndiri qurulan isə şirinlik verər, çay süfrəsi açardı. Ayda bir dəfə də təndirlər tüstülənərdi.
Təndir qoyanlar hələ də var... Bizim sadə qəhrəman da bu çətin işin ustasıdır.
Oxucu yəqin ki, Culfa rayonunun Yaycı kəndində yaşayan 64 yaşlı Sevgili Quliyevanın sorağını eşitmiş olar. Çörəyi təndirdən çıxır onun, yaşadığı ünvanda onunla söhbətə başladığım ilk anda gəldiyim qənaət belədir. Əsl peşəsi dərzilik olsa da, Sevgili xanım bu işə təkcə gəlir mənbəyi kimi baxmır. Keçmişdə var olan, məişətimizdə, güzəranımızda önəmli rol oynayan təndir qoymaq adətini yaşatmaq adına çalışır. Qədim yaşayış məskəni olan Yaycıda təndirkəsənlər çox olsa da, onların ustadı Sevgili xanımdır.
-Dərzilik sənətinə yiyələnmisiniz, amma təndir qoyursunuz.
-Nənəm də vaxtilə təndir qoyduğu üçün gözümü açıb bu işi görmüşəm, mehr-məhəbbətimi bu sənətə salmışam. Nənəmin gördüyü iş həmişə məni cəlb edib. O zamanlar yeri qazıb qoyurdular təndirləri, kənarında isə boru şəklində külfə olurdu… Nənəmdən sonra gəncliyimdə mən də başladım qohuma, qonşuya təndir qoymağa. Beləliklə, bu iş sevimli peşəm oldu.
-Təndirçi sənəti sizdə həm də “ailə yadigarı”dır. Nənənizdən qalma qədim bir el sənətini yaşadırsınız...
-Əlbəttə, gördüyüm işdən həmişə qürur duymuşam, mənəvi saflıq görmüşəm. Təndir müqəddəsdir, xeyir-bərəkət rəmzidir. Ona görə ki, müqəddəs nemət olan çörək təndirdə bişib dövri-qədimdən. Təndir təkcə çörəyin, yeməyin bişirildiyi yer deyil, birlik, bütövlük, paklıq rəmzidir. Hətta bir zamanlar evlərin içində də olan təndirlərdə yemək, çay hazırlanıb, üzərində kürsü qurulub, təndirin istisinə isinib insanlar qış aylarında. Ən gözəl günlər, ən xoş söhbətlər məhz təndir ətrafında yaşanılıb..
-Amma hər adam təndir qoya bilmədiyi kimi, hər torpaqdan da təndir hazırlanmayıb. Torpağı dilləndirməyi bacarmaq lazımdır....
-Elədir ki, var. Hər şeydən əvvəl təndirin torpağı təmiz yerdən götürülməlidir. Gilli, sarı torpaq isə əsl təndir torpağıdır. Təndir qoymaq üçün torpağı Ordubad rayonundan gətirirəm.
İslanıb bir kənara qoyulan torpaq, keçi qəzili və su- Sevgili xanımın gördüyü işin xammalı bunlardır.
Ələnmiş torpağı isladıram, iki gün həmin palçıq qaynayır. Palçıq o qədər ətirli və gözəl olur ki, artıq ondan gələcək təndirin taleyini oxuyuram. Bilirəm ki, təndir necə çörək çıxardacaq. Başlayıram bir qat palçıq, bir qat keçi qəzili və su əlavə edərək palçığı yoğurmağa, keçi tükü ona görə önəmlidir ki, təndir möhkəm olsun. Daha sonra yoğurduğum palçığı ayaqlayır və bir qədər də əlimlə yoğurub bişirirəm. Ta ki saqqız halına gələnədək. Palçıq hazır olduqda badları hazırlayır, işi hissə-hissə görürəm. Çünki yaş palçıq ağır və sürüşkən olduğundan təndir uça bilər. Beləliklə, 3 günə bir təndiri ərsəyə gətirir və qurumamış içinə güllü toxmaqla naxış salıram. Bu onu daha gözəl göstərir. Qalır qurumağı, bir az quruduqdan sonra üstünü palçıqla üzləyirəm. Bir müddət keçir və təndir tam quruyub hazır olur. Gün isti olanda işi görmürəm, çünki gün vurub təndiri çatladar. Ya səhər o başdan, ya da axşamüstünün sərinində işimi görərəm.
Təndirləri saxlamaq üçün həyətində xüsusi yer də düzəldib təndirçi qadın. Hazırladığı təndirlərə tələbat var. Hətta qışda da təndir alanlar çoxdur. Bunun üçün də ehtiyatı var.
Darvazanın qapısı döyülür. Bir həftə öncədən Şərur rayonundan sifariş verənlər artıq hazırlanan təndirləri aparmağa gəliblər. Sevgili xanım qapıya sarı gedərək təndirləri alıcılara verir və söhbət zamanı yandırılması qaydasını da izah edir: “Əvvəl çox zəif od yandırın. Zəif od yanarkən təndir qızaraq bərkiyir, bişir. Təndir bişəndən sonra təmiz bir süpürgəni duzlu suya salıb divarlarına çəkin. Bu cür etsəniz, təndir çox keyfiyyətli olar, nə çat yaranar, nə də bad qopar”,-deyib onları yola salır.
Söhbətimizə davam edirik...
Bugünədək yüzlərlə insana belə təndirlər satmışam. Əgər gördüyüm işdən onlar razı qalırsa, bu mənim qazancımdır”, -deyir Sevgili xanım.
-Ancaq hər işin öz düsturu var. Meyarını, ölçüsünü bilmək yəqin ki, ilk şərtdi...
-Təndirin ucalığı, eni istəyə uyğun olaraq qoyulur. Təndirin dairəsi yuxarıya doğru getdikcə kiçilir. Normal təndirin ağız divarının diaqonalı 55, ortasının diaqonalı 80 santimetr, hündürlüyü 1 metr olur. Hava çəkməsi üçün təndirin alt hissəsinə deşik “külfə” də qoyulur. Yerüstü təndirlər yeraltı təndirlərə nisbətən daha rahatdır. Bir yerdən başqa yerə daşına bilir, həm də az yanacaq aparır.
-Bəs bu təndirlərin ömrü nə qədərdir?
-Təndirin ömrü onun baxımlı, səliqəli saxlanmasından asılıdır. Badı nə qədər qalın olsa da, palçıqdan olduğu üçün təndiri qar-yağışdan, sudan, nəmdən qorumaq lazımdır. Gərək su dəyməyə… Təndirdən düzgün istifadə etdikdə ömrü də uzun olur.
Əlləri ilə palçığı yoğuraraq bizə gördüyü işdən həyəcanla danışır Sevgili xanım. İşinə də sevgisini qatır. İllərdir bu işi gördüyündən əllərinə də hopub torpağın rəngi. Amma o bununla fəxr edir, “bu cür torpaq əlləri çox yumşaq edir”,- deyir.
Bəli, bir zamanlar kənd yerlərində elə bir ev tapılmazdı ki, həyətində yeraltı təndirlər və təndirəsərlər olmasın. Müasir dövrdə isə muxtar respublikanın hər bir kəndində olan çörək sexlərində bişir çörəyimiz. Yeraltı təndirləri müasir və yerüstü təndirlər əvəz edib. Analarımızın daha bir neçə gün əvvəldən hazırlıq görüb yanacaq tədarük etmək, təndiri qalamaq, səhərdən axşama vaxtını sərf edib bir tay, bəzən də iki tay undan çörək bişirmək kimi bir qayğıları yoxdur. Amma təndir qoyanların bu gün palçıqdan daha müasir formada hazırladığı təndirlər də hərdən tüstülənir. Südlü qalın, dəstəna, təndir lavaşı, təndir kababı daha neçə-neçə naz-nemət bu təndirlərdə bişərək yurdumuza gələn qonaqların da damaq dadına çevrilir. Əvvəllər bir neçə qadının birlikdə gördüyü təndir qoyma işini Sevgili xanım indi özü tək görərək qədim bir el sənətini yaşadır. El sənəti isə eldə-obada hörmət qazandırıb təndirçi qadına… Hazırladıqları təndirlər onu təkcə yaşadığı kənddə yox, digər rayonlarda da tanıdıb. Təndir qoymaq həm də savab iş sayılır. Sevgili xanım deyir ki, indi maddiyyatdan çox, xeyir-dua alması, bir də sənətinə görə qazandığı hörmətdir onu bu işə bağlayan və çox gözəl bilir ki, çörəkbişirmədə nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz. Elə onda bişən çörəyin dadını da...
Türkanə Əmoyeva