Naxçıvanda turizmin inkişaf perspektivləri müzakirə olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə keçirilən tədbirdə departamentin statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, qədim tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Kənd turizmi sürətlə inkişaf edir. Naxçıvan şəhərindən bütün rayon mərkəzləri və kəndlərə marşrut xətləri fəaliyyət göstərir.
Sonra mövzu ətrafında “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Sahil Murtuzayev və “Natiq Naxçıvan Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Natiq Paşayevin məruzəsi dinlənilib. Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar muxtar respublikaya xarici ölkələrdən turistlər gəlməsə də, yerli turizm öz tempi ilə davam edir. Muxtar respublikanın dini, tarixi-mədəni, ekoloji, ziyarət, müalicə və başqa turizm növləri yerli turistlərin daha çox diqqətini çəkir.
Naxçıvanda turizmin inkişafına göstərilən qayğı turistlərin say artımına müsbət təsir edir.
Tədbirin sonunda muxtar respublikanın turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət slayd nümayiş etdirilib.
Adilə Səfərova