Muxtar respublikada armatur sınağı laboratoriyası fəaliyyətə başlayıb - FOTOLAR
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin mühəndis-geoloji, beton və sement laboratoriyasının fəaliyyəti son illər təkmilləşdirilərək Türkiyə, Rusiya, Yaponiya, İsveçrə, Çin və Koreya istehsalı olan ən müasir sınaq avadanlıqları ilə təchiz edilib. Laboratoriya tərəfindən akkreditasiya sahəsinə uyğun olaraq tikintidə istifadə edilən materialların standartlara uyğunluğu yoxlanılır və tikinti sahəsində mühəndis-geoloji işlərin aparılması təmin edilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yeni qurulan armatur sınağı laboratoriyası da bu sahədə fəaliyyətin təmin olunmasına xidmət edir. Laboratoriyada təmir işləri aparılaraq müasir iş şəraiti yaradılıb və lazım olan avadanlıqlar və mebel-inventarla təchiz olunub. Burada quraşdırılmış sınaq avadanlığı Türkiyənin UTEST firması tərəfindən istehsal olunub. LCD monitorlu və hidravlik sistemli idarəetmə qurğusu olan UTM-4000 modelli avadanlığın dartma və sıxma gücü 60 tondur. Laboratoriyada 8-32 millimetr diametrli armaturların standartlara uyğun keyfiyyət göstəricilərini müəyyən etmək mümkündür. Laboratoriya işçiləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunda təcrübə keçiblər. Laboratoriyada sınaqların keçirilmə qaydası, sınaq nəticələrinin protokollaşdırılması və bu sahə üzrə standartların tələbləri ilə bağlı UTEST firmasının mütəxəssisləri tərəfindən laboratoriya işçilərinə onlayn təlim keçirilib.