UNESCO, UNICEF və ÜST ekspertləri koronavirus şəraitində məktəblər üçün tövsiyələrini açıqlayıblar
Ekspertlər məktəblilərin və müəllimlərin maska taxmalarını və bir metr sosial məsafə saxlamağı tövsiyə edirlər
Maskalardan istifadə edilməsi, otaqların müntəzəm olaraq təmizlənməsi və havalandırılması, əlləri tez-tez yumaq, müəllimləri və şagirdləri kiçik qruplara bölmək, fiziki məsafəyə riayət etmək – bu və digər tədbirlər məktəblərdə koronavirusun yayılmasının qarşısını almağa kömək edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış idarəsinin (UNESCO), BMT Uşaq Fondunun (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri yeni tədris ilinin başlanması ilə əlaqədar bir sıra tövsiyələrini açıqlayıblar.
Bu üç təşkilatın birgə bəyatında deyilir: “Ölkələr məhdudiyyətləri yumşaltmaqda davam edirlər. Biz uşaqların təhsilini üstün tutmalıyıq. Məktəblər bağlı olanda uşaqlar təcrid olunur...”. Ekspertlər xatırladırlar ki, yoxsul ölkələrdə və bu cür regionlarda məktəblərin bağlanması uşaqların çoxu üçün ciddi fəsadlar doğura bilər – onlar məktəb naharlarından, tibbi yardım almaq imkanından məhrum ola, zorakılığım və istismarın qurbanlarına çevrilə bilərlər.
UNESCO, UNICEF və ÜST nümayəndələri bildiriblər: “Zəruri texnologiya, müvafiq qurğular və dəstək vasitələri olmadan evdə təhsil almaq çoxları üçün ciddi stress mənbəyinə çevrilib. Bir sıra ölkələr uşaqların məktəbə qayıtması və tədris məşğələlərinə başlaması üçün bizim tövsiyələrdə əks olunmuş prinsipləri tətbiq edirlər”.
Ekspertlər hansı hallarda məktəblərin tamamilə, hansı hallarda qismən açıla biləcəyi barədə məlumat verir, növbəli təlimə keçməyi və başqa ehtiyat tədbirləri tətbiq etməyi məsləhət görürlər. Məsələn, yeni yoluxma hallarının olmadığı və ya belə halların tək-tək baş verdiyi rayonlarda təhsil müəssisələri tamamilə açıla bilər.
Mütəxəssislər həm siniflərdə, həm də dəhlizlərdə və digər otaqlarda azı bir metr fiziki məsafə saxlamağı tövsiyə edilər. Onların fikrincə, şagirdlərin sayı çox olan sinifləri qruplara bölmək üçün mümkün qədər çox müəllim və könüllü cəlb edilməsi zəruridir.
Mütəxəssislər onu da xatırladırlar ki, məktəblərin müdiriyyəti şagirdlər arasında zəruri informasiyanı yaymalı, şagirdlərin böyük qruplar şəklində toplaşmaması üçün müvafiq tədbirlər görməlidirlər.