Məktəb illəri-ömrün ən şirin, duyğulu, qayğısız günləri...

A- A A+

İnsan həyatında elə günlər olur ki, lap elə yaş yüzü haqlasa da, unudulmur. Belə yaddaqalan günlərdən biri də məktəbə getdiyimiz ilk gündür. Hər birimizin yaddaşında kök salan, özündə acılı–şirinli xatirələri qucaqlayan o illərin ilk başlanğıc tarixi...

Bu gün bütün ölkəmizdə tədris və təhsil müəssisələrində yeni dərs ili başladı. Lakin əvvəlki illərdən tamamilə fərqli-3 ay sonra deyil, yarımillik bir fasilədən sonra qapılarını müəllim və şagird heyətinin üzünə açdı doğma məktəb. Bəli, dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar olaraq martın ilk ongünlüyündə bütün təhsil müəssisələrində dərslər dayandırıldı. Təhsil  onlayn  qaydada davam etsə də, hər bir şagird, müəllim yenidən məktəbə qovuşmaq ümidi ilə səhərini açdı.  Nəhayət, intizarla gözlənilən gün gəlib çatdı. Beləcə müəllim, valideyn və şagirdlərin günlərdir davam edən məktəb hazırlığı və həyəcanı bu gün səhər saatlarında  məktəbin həyətində sona çatdı.  Yeni dərs ilinin başlanmasına  hər kəsdən çox sevinən isə təbii ki, BİRİNCİLƏR oldu.

Bu il övladının məktəbli olması sevincini yaşayan valideynlərdən biri də mənəm. Səhər saatlarında oğlumun əlindən tutaraq Naxçıvan şəhər 12 nömrəli  tam orta məktəbinə yol alıram.  Budur, aylardır şagird üzünə həsrət qalan məktəb bu gün yenə səsə-küyə qərq olub, sanki yenidən canlanıb. Valideyninin əlindən tutub səbirsizliklə məktəbə daxil olmağı gözləyən, sevinən, həyəcanlanan kim, isti ana nəfəsindən, ailə mühitindən bir neçə saatlıq ayrıldığı üçün ağlayan kim... Saçlarına qar kimi ağ lentalar bağlayan, səliqəli geyimli məktəbli qızların sevinci üzlərindən oxunurdu.

İlk dərsin başlamasına dəqiqələr qalırdı. Müəllim və şagirdlərin isti nəfəsi  yenidən duyulacaq məktəb divarlarında, partalarda.  Bu il muxtar respublikada 5224 uşaq birinci sinfə qədəm qoydu.

Biz valideynlər övladlarımızın  yeni bir həyata, məktəbə qədəm qoymalarına sevinirik, balaca fidanlar isə  məktəbli olmaqlarına.  Bu gündən məktəb onların da ikinci evi olacaq.  Həyatlarının on bir ilini sığışdıracaqlar elm, bilik ocağına.  Bu yolda ən böyük dəstəkçiləri, himayədarları isə şübhəsiz ki, ibtidai sinif müəllimləri olacaq. Uzun illərin təcrübəli müəllimi Xurşud Qasımovanın səsini eşidirəm: “Körpə fidanlar bizim övladlarımızdır. Onları təbrik edir və təhsil illərində uğurlar arzulayıram. Pandemiya ilə əlaqədar olaraq uşaqlara ciddi nəzarət edəcək və onların hər bir qayğısına qalacağıq. Bu günə qədər saysız-hesabsız belə körpələr yola salmışam. Onların hər biri də yaddaşımda öz xarakteri, bacarığı, biliyi ilə qalıb. Şagirdlərimlə hər zaman fəxr edirəm. Bugünkü uşaqların da gələcəyinə böyük ümid bəsləyirəm. Bilirəm ki, onlar da gələcəyin yaxşı müəllimi, həkimi, heykəltaraşı olacaqlar”.

Azyaşlıların ilk dərs günü sevincinə, bir çoxunun hələ ətrafında nə baş verdiyini  bilməyib mat qalmağına baxaraq bir anlıq mən də  məktəb illərimi, ilk dərs günümü xatırladım. O çağlar ki, nə qayıtmaq olur, nə də yenidən yaşamaq.  İllər yel qanadlıdır... Sadəcə bir “A” hərfindən başlayıb dünyanın bütün möcüzələrinə doğru cığır açan həyatımızın bu anları illər keçdikcə daha çox xatırlanır. Arxada qalmış bir az həyəcanlı, bir az səksəkəli, bir az sevincli, qayğısız, şən zarafat və gülüş dolu o anları xatırladıqca,  boy atıb böyüyən, məktəb yollarına izi düşən doğmalarımızı, yaxınlarımızı gördükcə o illər hər birimiz  üçün dünən  qədər yaxın olur. Bu gün bu partalar arxasında ilk dəfə əyləşən  balaca fidanların da məktəb illərini illər sonra xoş bir xatirə olaraq xatırlayacaqları şübhəsizdir. 

Bəstəboy oğlanın ürəkdən səsləndirdiyi “Ey Vətən” şeiri məni xatirələrimdən ayırır.

Bu il mövcud vəziyyətlə bağlı tədbirlər təxirə salınıb. Balacalar valideynlərinin əllərini buraxıb məktəbə daxil olurlar, sakit və səssiz.

Gələcəyin əsgəri, həkimi, müəllimi, jurnalisti və s. və i.a. bu gün sevinc və həyəcanla məktəb həyatına qədəm qoyan balaca fidanlar sabahımızın işıqlı gələcəyidir. Yenicə tanış olduqları məktəb həyatında  onların  daha çox qayğı və diqqətə ehtiyacı var. Oyuncaqlarından, nağıl dünyalarından ayrılıb yeni bir həyata, məktəb həyatına qədəm qoymaq bir çoxu üçün çətin olsa da, məktəbin ilk günü, ilk dərs  onların da yaddaşında əbədi iz salacaq.  Elm, bilik yollarında ilk addımlarını atan körpələr sağlam əqidə ilə böyüyəcək, vətənpərvərlik ruhunda tərbiyə olunacaqlar. Məktəbdə keçirəcəkləri günlər ömürlərinin ən şirin, yaddaqalan, qayğısız günləri olacaq. On bir il sonra isə bu sözləri deyəcəklər: Ömrümün ən şirin, mənalı, qayğısız illəri...

Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: