Bu yaxınlarda ailəsi ilə birlikdə Naxçıvanda olan paytaxt sakini Elsun Əliyev muxtar respublikanın gəzməli-görməli yerlərində olub, kəndlərində qonaqlayıb. Gördüklərini, təəssüratını isə məktub halına salaraq "Şərqin səhəri" qəzetinin redaksiyasına ünvanlayıb. NUHÇIXAN İnformasiya Agentliyi həmin məktubu oxuculara təqdim edir:
"Hörmətli redaksiya!
Əslən Naxçıvan Muxtar Respublikasından olsam da, uzun illərdir ki, işimlə əlaqədar olaraq ailə üzvlərimlə birgə paytaxt Bakı şəhərində yaşayıram. Çoxları istirahət üçün ölkənin digər yerlərinə və xaricə üz tutsalar da, mən hər il yay aylarında Naxçıvana gəlirəm. Əvvəla ona görə ki, ata-babam burada dünyaya göz açıb, qohum-əqrəbam Naxçıvanda yaşayır. Yəni, məni bu yerlərə bağlayan bir doğmalıq var. Qədim diyarın təmiz havasından udub saf suyundan içəndə, mətbəxinin ləziz yeməklərindən dadanda, bu torpağı qarış-qarış gəzəndə sanki, dünyaya yenidən gəlirəm, Uca Yaradan mənə yeni bir ömür payı bağışlayır.
Budur, hava gəmisi Naxçıvan səmasında dövrə vuraraq eniş etməyə hazırlaşır. O qədər həyəcanlı və sevincliyəm ki, sanki ilk dəfədir muxtar respublikada oluram. Təyyarənin pəncərəsindən çölə baxıram və deyirəm, şükür sənə, İlahi, yenidən ata-baba yurduma gəlməyi mənə nəsib etdin. Naxçıvanlılarda bir adət var ki, adətən dost-tanış, yaxın qohumlar Bakıdan gələndə hər zaman hava limanında onları qarşılayar, necə deyərlər, “qabağına çıxarlar”. Mənə görə bu, qonaqpərvərliyin ən yaxşı formalarından biridir. Beləliklə, bizi qarşılayan bibim oğlunun avtomobilinə əyləşib Qahab kəndinə yollanırıq. Yolboyu Naxçıvan kəndlərini, ətraf aləmi seyr edirəm. Avqust ayında – Naxçıvanda temperaturun müsbət 40 dərəcəyədək yüksəldiyi bir vaxtda ətrafda səliqə ilə salınmış və qulluq edilmiş yaşıllıqlar gözümdən yayınmır. Bilirsiniz, bu yaxınlarda ölkə televiziyalarının birində yayımlanan bir verilişdə aparıcı Naxçıvanda yaşıllıqların kəsilməsi ilə bağlı cəfəng bir məlumat yaymışdı. Sonra da məlum olmuşdu ki, bu informasiyanın heç bir əsası yoxdur və müəllif növbəti verilişdə muxtar respublika sakinlərindən üzr istəmişdi. Mən həmin jurnalisti Naxçıvana dəvət edirəm. Qoy, muxtar respublikaya gələrək bu gözəlliyi, səliqə-sahmanı, gedəcəyin ünvanadək insanı müşayiət edən yaşıllıqları görsün. Görsün ki, naxçıvanlılar yaşıllıq salmağı da, elə onu qorumağı da yaxşı bacarırlar.Bu mövzuya yekun vuraraq deyirəm ki, əhsən sizə, zəhmətkeş naxçıvanlılar.
Naxçıvanda olduğum bir aya yaxın müddət ərzində, demək olar ki, bütün yaxın qohumların evində oldum. Hər biri bizi yüksək qonaqpərvərliklə qarşıladı, ən yaxşı nemətlərini süfrəyə düzdülər. İlin-günün bu vaxtında Naxçıvan üzümü, balı, alması, ənciri, qarpızı və adını çəkmədiyim neçə-neçə təbii nemətdən ləzzətli nə ola bilər?.. Ərinmədik, bu müddət ərzində Naxçıvan nemətlərindən qış tədarükü də gördük. Bu məhsulların keyfiyyətinə, dadına, hazırlanma qaydasına söz ola bilməz.
Muxtar respublikada olduğum ötən bir ay ərzində bir günü belə bada vermək istəmirdim. Ona görə də Naxçıvanı qarış-qarış gəzmək, bu diyarı yenidən kəşf etmək istəyirdim.İlk öncə ailə üzvlərimlə birgə mənəvi rahatlıq tapdığım “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə üz tutdum. Naxçıvana gələsən, “Əshabi-Kəhf”ə getməyəsən, yəqin ki, günah olar. Bilənlər bilir ki, bu ziyarətgah hər il minlərlə yerli və xarici turisti qəbul edir. Dünyanın dörd bir yerindən bu müqəddəs məkana gələn zəvvarlar dualarının məhz bu ziyarətgahda Allaha çatdığına, Uca Yaradana bir addım daha yaxın olduqlarına inanırlar. “Əshabi-Kəhf”də yaradılan şərait, təmizlik ürəyimizi oxşayır. “Damcıxana”nı, “Cənnət bağı”nı ziyarət etdikdən sonra qurban kəsdik, dualar etdik. Ulu Tanrı hamının dualarını və qurbanlarını qəbul etsin.
Naxçıvana “Tanrı möcüzəsi” deyənlər, məncə, qətiyyən yanılmırlar. Bu möcüzənin ən yaxşı nümunələrindən biri də Nəhəcir kəndində yerləşən mineral sərvətdir. Kənddən 2-3 kilometr cənubda, dağın ətəyində yerləşən Nəhəcir mineral suyu təxminən 50 dəqiqədən bir yerin altından qaynayıb fontan şəklində yuxarı qalxır. Bu mineral suyun əsas özəlliyi onun müalicəvi əhəmiyyətindədir. İstifadə edib xeyrini görənlər deyir ki, Nəhəcir mineral suyu mədə-bağırsaq xəstəlikləri, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı tətbiq edildikdə faydalı olur. Bu müddət ərzində bir neçə dəfə həmin mineral suda yuyundum, bir neçə qab tədarük edib Bakı şəhərinə də gətirmişəm.
Qədim diyara hər gəlişimdə başqa bir yeniliyin, gözəlliyin şahidi oluram. İndi boş görünən hər hansı bir ərazidə bir neçə aya istirahət yeri, turistik mərkəz, əyləncə məkanı inşa edilir. Naxçıvançay vadisində salınan “Sahil parkı” da onlardan biridir. Mənə görə ailəvi şəkildə istirahət etmək, asudə vaxtı səmərəli dəyərləndirmək üçün “Sahil parkı” ən ideal məkanlardan biridir. Əvvəllər bu ərazi çay vadisi idi. İndi isə beş hektarlıq sahə Naxçıvanın ən gözəl istirahət məkanlarından birinə çevrilib. Babək rayonunun Badaşqan kəndində yerləşən “Atçılıq və İstirahət Mərkəzi”ni də xüsusi qeyd etməliyəm. Axşam saatlarında burada, necə deyərlər, “iynə atsan yerə düşməz”. İnsanlar iş saatlarının yorğunluğunu burada çıxarır, istirahət edir. İstirahət demişkən, Naxçıvandakı idman obyektlərini də ən yaxşı istirahət yerləri hesab edirəm.Açıq hava şəraitindəki mini-futbol meydançalarında bir neçə dəfə futbol oynadıqdan sonra bu qənaətə gəlmişəm.
Naxçıvan həm də qonaqların yaddaşına təmizliyi və abadlığı ilə həkk olunur. Fikir vermişəm ki, həmişə muxtar respublikaya kənardan gəlib təəssüratları barədə mətbuata müsahibə verənlər onun təmizliyindən ürək dolusu danışırlar. Şəhər, qəsəbə və kəndlərdə aid qurumlar tərəfindən daim təmizlik işləri diqqətdə saxlanılır, tullantılar ərazilərdən vaxtında yığışdırılır. Bu təmizliyi həm də naxçıvanlıların vətəndaş məsuliyyəti ilə əlaqələndirirəm. Ona görə ki, insanlar əllərindəki adi boş su butulkasını belə, hara gəldi atmırlar.
Beləliklə, bir aya yaxın müddət başa çatır və biz doğma diyardan ayrılırıq. Budəfəki səfərim yenə də zəngin duyğularla yaddaşıma həkk olundu.Naxçıvanda qazandığım təəssürat, nikbin duyğular bir ömür yaddan çıxan deyil.Bir daha şahid oldum ki, sən cənnətin gerçəyisən,sən Tanrı möcüzəsisən, Naxçıvan!. Nə qədər uzaqda olsam da, qəlbim daim səninlə döyünür, ana yurdum. Bilirəm ki, növbəti görüşümüzə qədər çox dəyişəcəksən, yeniləşəcəksən, müasirləşəcəksən, yenə də məni təəccübləndirəcəksən. Salamat qal!".
Elsun Əliyev,
Bakı şəhər sakini