“Ulu diyarın sədası” 19 il sizinlə.. - FOTOLAR
Ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpası və xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizdə bir çox mühüm sahələrin inkişafına start verdi. Milli maraqlar əsas götürülərək qəbul edilmiş strateji xətt tarix üçün qısa bir müddətdə özünü doğrultmaqla bərabər, həm də ölkəmizin beynəlxalq arenada layiqli yer tutmasına şərait yaratdı. Hər bir sahənin inkişaf etdirilməsini diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyevin bu qayğısı kütləvi informasiya vasitələrindən də yan keçmədi. Bu böyük şəxsiyyətin rəhbərliyi dövründə müstəqil Azərbaycan Respublikasında onlarla telekanal, radio, yüzlərlə müstəqil qəzet fəaliyyətə başladı..
Təbii ki, yaradılmış bu şəraitdən Naxçıvan Muxtar Respublikasına da pay düşdü. 2001-ci ilin 19 sentyabr tarixində Naxçıvan şəhərində “Naxçıvanın səsi” radiosunun ilk sədaları eşidilməyə başladı. Qısa zaman kəsiyində dinləyicilər muxtar respublikanın hər bir yerində radionu dinləmək imkanı əldə etdilər. Bu isə "Naxçıvanın səsi"nin dinləyici auditoriyasının genişlənməsinə səbəb oldu. Müasir dövrdə bu auditoriyanı qoruyub saxlamaq, dinləyicilərin marağını təmin etmək əsas məqsəd kimi qarşıda dayanır. “Naxçıvanın səsi” radiosunun yarandığı gündən əsas məqsədi dinləyicilərini məlumatlandırmaq, maarifləndirmək, milli musiqilərimizin təbliği olubdur.
“Naxçıvanın səsi” radiosu 2004–cü il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzinin nəzdində öz fəaliyyətini davam etdirməyə başladı. 2008–ci ilin yanvar ayının 1–də isə “Naxçıvanın səsi” radiosu “Kanal 35” televiziyası ilə birləşərək ümumi idarəetmə sisteminə keçdi. Bu müştərək iş sistemi bir çox yaradıcılıq məhsullarının hazırlanmasında öz müsbət təsirini göstərdi.
17 fevral 2020-ci il tarixindən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyətinin yenidən təşkil olunmasından sonra “Naxçıvanın Səsi” radiosunda da əsaslı dəyişikliklər edildi.
Hazırlanan yeni layihələr də dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. “Bizim səsimiz” və “Gecənin rəngi” proqramları radio efiri ilə yanaşı , sosial şəbəkələr vasitəsi ilə də canlı olaraq yayımlanmağa başladı. Bu yenilik dinləyicilər tərəfindən də müsbət qarşılandı. Proqramlar qısa vaxt ərzində yalnız ölkə daxilində deyil, ABŞ, Rusiya, Türkiyə, İran, Dağıstan, Belçika, Almaniya, Fransa, Yunanıstan və s. kimi ölkələrdən də izlənməyə başladı.
Efirlərdə yalnız yerli deyil, ölkə səviyyəsində tanınmış ifaçılar, qiraətçilər, söz ustaları, musiqiçilər ilk dəfə olaraq radio əməkdaşlarının təşəbbüsü ilə canlı bağlantı vasitəsilə verilişə qoşuldu və canlı ifalar səsləndirdilər. Efirə qoşulan məşhurlar Naxçıvanla bağlı fikirlərini də dinləyicilərlə bölüşdü. Həmin fikirlər isə proqramların sosial şəbəkə hesablarında paylaşılaraq, daha geniş auditoriyaya çatdırıldı.
Qeyd olunanlarla yanaşı, radio efirində təqdim olunan musiqi proqramları və konsertlərin də keyfiyyəti artırılaraq, müasirlik və millilik vəhdətinə nail olundu.
Bu gün radio əməkdaşları yalnız öz sahələrində deyil, televiziya sahəsində də fəallıq göstərirlər. Radio əməkdaşları televiziya əməkdaşları ilə birlikdə bir çox verilişlərin, materialların, videoçarxların hazırlanması, dublyaj işində də aktivlik göstərir, yeni televiziya verilişlərinin hazırlanmasında iştirak edirlər. Artırılmış bu birgə əməkdaşlıq ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Hazırlanan materiallar daha sonra teleradionun sosial şəbəkələrdəki hesablarında da paylaşılır. Bu isə hazırlanan materialların daha geniş auditoriyaya çatdırılmasına şərait yaradır.
Ötən zaman kəsiyində radionun keçidləri yenidən işləndi, təqdim olunan musiqi proqramları üçün xüsusi musiqilər seçildi, efirə təqdim olunan hər bir materialın keyfiyyətinə xüsusi önəm verildi. Gündəmdəki hadisələrə operativ reaksiya verilməsi də efir keyfiyyətini artıran əsas amillərdən biri oldu. Əlbəttə bütün bunlar da nəticəsiz qalmadı. Qısa vaxt ərzində radio öz səsini yalnız yerli mediada deyil, ölkə mediasında da duyurdu .
Azsaylı, ancaq peşəkar və ən əsası işini sevən, məsuliyyətlə yanaşan komanda bundan sonra da teleradio sahəsində öz sözünü gördükləri keyfiyyətli işlərlə deyəcək. Bütün bu yeniliklər, görülən işlər, təbii ki, hələ son deyil. Bundan sonrakı fəaliyyət dövründə də maraqlı yeniliklər, fərqli layihələr, bir çox ilklər “Naxçıvanın Səsi” radiosunun dinləyicilərini gözləyir...
Birgə neçə uğur dolu illərə!
Səriyyə Alməmmədova
“Naxçıvanın Səsi” radiosunun əməkdaşı