Uşaqda boy artımı onun ümumi sağlamlığının əsas əlamətidir

383

20 sentyabr Beynəlxalq Uşaqların Boy Artımı haqqında Maarifləndirmə Günüdür. Beynəlxalq Uşaqların Boy Artımı haqqında Maarifləndirmə Günü Endokrin Xəstələrini Dəstəkləyən Təşkilatlar üçün Beynəlxalq Koalisiya (ICOSEP) və onun üzvləri tərəfindən uşağın böyüməsi ilə bağlı əhalini məlumatlandırmaq üçün qlobal bir maarifləndirmə təşəbbüsüdür. Bu günün qeyd olunmasında əsas məqsəd baş verə biləcək hər hansı problemi vaxtında aşkar etməyin və lazımı ölçü götürməyin ən yaxşı vasitə olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Həmin məqsədlə Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanaraq tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınması istiqamətində müxtəlif profilaktik tədbirlər təşkil olunub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Gəncə, Quba, Şəki, Lənkəran, Sabirabad, Biləsuvar və digər bölgələrdə keçirilən “Uşaqlarda boy problemləri” mövzusu üzrə seminarlardan sonra Bakı şəhərində yekun konfrans keçirilib.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransda uşaqlarda yaranan boy problemlərinin ciddi məsələ olduğu diqqətə çatdırılıb və bu məsələdə həm həkimlərin, həm də valideynlərin məsuliyyətli olmalı, gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmalı olduqları vurğulanıb.

Valideynlərin nəzərinə çatdırılıb ki, uşaqların boyunun mütəmadi ölçülməsi və illik qeydiyyatın aparılması vacibdir. Bu, xəstənin düzgün diaqnoz qoyulması və idarə olunmasını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, həkimlərin bu sahədə daha məlumatlı olmasını təmin etmək məqsədilə aparıcı mütəxəssislər, pediatr və endokrinoloqların iştirakı ilə metodik vəsait hazırlanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən ötən il təsdiq olunub. İSİM tərəfindən tərtib olunan vəsait sahə pediatrları, endokrinoloqlar, ailə həkimləri və bu ixtisaslar üzrə təlimlərini davam edən rezidentlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, uşaqların boy artımı bir neçə səbəbdən normal inkişaf etmir: onların boyu yaşıdlarına nisbətən ya çox qısa olur, ya da həddindən artıq uzun. Bu səbəblər əsasən üç qrupa bölünür: böyümə prosesinin özü ilə əlaqədar problemlər, qidalanma və ya uzunmüddətli xəstəlik kimi xarici amillərin yaratdığı problemlər, yaxud naməlum amillərin təsiri ilə yaranan səbəblər, idiopatik böyümə xəstəlikləri.

Qısa və ya çox hündür boy böyümə vəziyyətinin ən çox nəzərəçarpan əlamətlərindən biri olsa da, uşağa təsir edə biləcək bir sıra digər simptomlar və problemlər də var. Hər bir vəziyyət fərqli simptomlar göstərsə də, ümumiyyətlə, ağrı, yorğunluq, oynaq və ya çəki kimi problemlərə rast gəlinir. Fiziki inkişafın fəsadları ağciyər, ürək və böyrəklər, həmçinin digər toxuma və orqanların inkişafı ilə bağlı problemlərə səbəb ola bilər.

Əgər uşağınızın boy artımından narahatsınızsa, onda əlamətlərə diqqətlə yanaşmağın əsl zamanıdır. Uşağınız həmyaşıdlarından, ya da bacı-qardaşlarından çox qısadırsa, çox vaxt faktiki yaşından balaca olduğu zənn edilirsə və il ərzində ən azı 5 santimetr böyümürsə (5 yaş və yetkinlik arasında), onda həkimə müraciət edin.

Diqqət yetirək, çünki uşağın böyüməsi onun ümumi sağlamlığının əsas əlamətidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: