Vitaminlərlə zəngin, şəfalı bitki-üvəz

A- A A+

Şahbuz rayonunun florası boyaq üçün əhəmiyyətli, xalq təsərrüfatının, o cümlədən qida sənayesinin müxtəlif sahələrində və eləcə də tibb sahəsində geniş istifadə olunan bitkilərlə zəngindir. Hələ lap qədim zamanlardan başlayaraq müasir dövrədək rayon sakinləri yabanı halda yetişən və ya mədəni halda yetişdirilən həmin bitkilərin meyvə, kök, qabıq, gövdə, budaq, yarpaq, çiçək və toxum hissələrindən müxtəlif məqsədlər üçün istifadə ediblər. Rayonun çöl, meşə, dağ və digər ərazilərində insanların əməyindən, texniki vasitələrdən, dərmanlardan istifadə olunmadan, yabanı şəkildə  bitən bitkilər ekoloji sağlam və təhlükəsiz məhsullar kimi öz dəyərini  bu gün də qoruyub saxlayırlar. Belə bitkilərdən biri də yerli əhalinin “əppəkli” kimi tanıdığı  “quşarmudu”, elmi adla desək, üvəzdir. Respublikamızda 14 növü olan üvəz gülçiçəklilər fəsiləsinə aiddir. Muxtar respublikamızın dağlıq yerlərindəki meşə və kolluqlarda yayılsa da, ehtiyatı azdır. Qırmızı kitaba düşdüyündən mühafizə olunur. Bitkinin kolları  Şahbuz rayonunun Biçənək, Kolanı, Nursu, Yuxarı Qışlaq, Keçili, Güney Qışlaq, Külüs, Kükü ərazilərindəki “Uzun meşə”, “Götürgə”, “Düyəli”, “Dərəboğazı”, “Sultanbud”, “Səhlalı” massivlərində yayılıb. Üvəz qiymətli bitki olduğundan bağlarda da becərilir. Meyvələri şaxta düşəndən, yəni tam yetişəndən sonra toplanılır.

Üvəzin tam yetişmiş meyvələri kənardan gilası xatırladır və kom-kom olur. Ondan şərbət, mürəbbə hazırlanır, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədilir.

Xoşagələn turşməzə dadı olan çöl armudunun təzə dərilmiş meyvələrini sərin yerlərdə və ya dondurulmuş halda bütün qış ayları boyunca saxlamaq, qurutmaq mümkündür.

Tərkibində çoxlu miqdarda şəkər, üzvi turşular (alma, limon, salisil turşuları), qatranlı maddələr, karotin, C, B1, B2 və başqa vitaminlər olan üvəzin meyvələrindən vitaminli xammal kimi təbabətdə də geniş istifadə olunur.  Bu meyvə şəkərli diabetin dərmanıdır. Mədə-bağırsaq, tənəffüs yolları xəstəliklərinin müalicəsində  də faydaları olduqca çox olan  üvəzin qurudulmuş meyvələrindən  dəmlənən çay isə  ən çox  qaraciyər xəstəliklərində istifadə edilir. Hətta qiymətli oduncağından musiqi alətləri də hazırlanır.

Bir vaxtlar çörəyi əvəz edən bu bitkiyə “əppəkli” deyilməsi də səbəbsiz omayıb. Maraqlıdır ki, çörəyin qıt olduğu illərdə, payızda yetişən turşməzə, bir az da şirin tamı olan çöl armudunun meyvələrindən bir cib yığılıb yeyiləndə deyərmişlər ki, elə bil iki lavaş yemişəm.  Bu səbəbdən ta qədimdən çölçülərin, çobanların çantasında çörək ehtiyatı qurtaranda üz tutarlar əppəkli kollarına...  

Əppəklinin çox saylı pöhrəvermə xüsusiyyəti də vardır. Bu pöhrələr böyüyüb bərkiyəndə əl ağacı kimi çobanların ən etibarlı “silahına” çevrilir. Onlar həmişə əl ağacını əppəkli, yemişan, qoşadüyün kollarından hazırlayarlar. Belə ki, yeri qazıb torpaqla üstünü örtdükdən sonra qurumuş gəvənə çır-çırpı, odun parçaları qatıb, torpaq üstə ocaq qalayarlar. İki-üç gündən sonra səngimiş ocaq yerindən torpağı qazıb əl ağacını çıxararlar.  Bu zaman qabığı öz-özünə soyular. Elə qızarar ki, xına rəngini alar. Sonra inək yağı ilə əl ağacını yağlayıb eyvanlarda bir müddət saxlayarlar.  Ağac  quruyub cəlbedici görkəm alar və xan çobanların belə əl ağacı əllərində 30-40 il işlək qalar.                                                        

“Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: