Mövsümün faydalı meyvəsi- Cəviz 

A- A A+

Payız aylarında yetişən dadlı, qabıqlı quru meyvələrdən biri də  cəvizdir. Yurdumuzda  qədimdən becərilən  həm qocaman, həm də cavan cəviz ağacları bu il də  bol məhsul verib  artıq, müalicəvi əhəmiyyəti insanlara hələ qədim zamanlardan məlum olan cəvizin çırpılmasının  vaxtıdır.  Cəviz çırpılması çətin olsa da, maraqlı və  hamılıqla görülən işdir.

İnsan beyninin kiçik formasını xatırladan, vitamin və proteinlərlə zəngin olan cəvizdən gündə 3-5 ədəd  yemək məsləhətdir.

Belə ki, cəviz qandakı xolesterinin səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr insan orqanizmini süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini sabitləşdirir, ürək xəstəlikləri riskini azaldır. Həmçinin tərkibindəki Omeqa-3 və Omeqa-6 yağ turşuları beynin inkişafına müsbət təsir göstərir. Bədənə enerji verir, zərərli maddələri orqanizmdən kənarlaşdırmağa kömək edir və qanda şəkərin miqdarını azaldır. Cəviz ləpəsi qan laxtalanmasını və damar sərtliyini aradan qaldırır, təzyiqi salır, şəkər xəstəliklərində riski azaldır. Cəviz mürəbbəsini qida rasionuna daxil etməklə bir sıra xəstəlikləri müəyyən dərəcədə müalicə etmiş olarıq. Cəvizin meyvəsinin içi odunlaşmamış, yaşıl vaxtı ondan hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində, vitamin çatışmazlığında istifadə edilir. Cəvizin ləpəsindəki yağ əsəbi sakitləşdirir, eyni zamanda dəridə olan ləkələri yox edir. Bunun üçün dərini yağla ovxalamaq kifayətdir. Cəvizi əncir və qatıqla qarışdırıb yemək orqanizmi təmizləyir. Köhnəlmiş cəvizi bədənin gərilmiş nahiyəsinə sürtməklə həmin yeri müalicə etmiş olarıq. Yaşıl, yetişməmiş cəvizin suyunu bal və üzüm sirkəsi ilə qarışdırıb müəyyən müddət ağızda saxlamaq yaraları, damaq və diş əti xəstəliklərini, diş qanamasını müalicə edir.

Cəvizin ləpəsindən başqa, oduncağından, qabığından və yarpağından da istifadə edilir. XVII əsrdə hərbi həkimlər cəviz ağacının yarpaqlarından yara sağaldan vasitə kimi istifadə ediblər. Cəviz ağacının çətrinin havası ağciyər xəstəliklərinin, bronxial astmanın, vərəmin, xroniki sətəlcəmin (ağciyər iltihabı) müalicəsində əhəmiyyətli təsirə malikdir. Bundan başqa, cəvizin yarpaqlarının yaşıl üst qabığı əzilərək saç boyası kimi də istifadə edilə bilər. Cəviz yarpağının qaynamasından əldə edilən suyu içmək mədəni qüvvətləndirir, boğaz iltihabının sağalmasına kömək edir və qanda şəkərin miqdarını azaldır. Cəviz saçların tökülməsinin də qarşısını alır. 10 ədəd cəviz qabığını 1 litr suda 15 dəqiqə qaynatmaq və bu su ilə saçları üç həftə müddətində yumaq saçları gücləndirir və rəngini dəyişir. Şəkərli diabet zamanı cəvizin qurumuş yarpağının 1 xörək qaşığı ovuntusunu 1 stəkan qaynar suda 1 saat dəmləyib yeməkdən 30 dəqiqə qabaq, gündə 3-5 dəfə 1-2 xörək qaşığı içmək məsləhətdir. Lakin bu uzun müddət davam etməlidir. Bundan başqa, cəvizin arakəsmələrini toplayıb spirtli içkinin və ya spirtin içərisində 40 gün qaranlıq yerdə saxladıqdan sonra gündə 1 xörək qaşığı acqarına 15-20 gün içmək də şəkər xəstəliyinə faydalıdır. Cəvizin cavan yarpaqlarından da şəkərli diabetdə cövhər (çay), həlim hazırlamaq üçün istifadə edilir. Bu zaman 1 xörək qaşığı quru yarpaq ovuntusuna 2 stəkan su töküb 15-20 dəqiqə qaynatmaq və gün ərzində içmək lazımdır. Cəviz ağacından hazırlanmış stəkanın içərisinə gecədən ilıq su töküb səhərə kimi saxlamaq və səhər tezdən həmin suyu içmək qanda şəkərin miqdarının aşağı salınmasına kömək edir. Təzə cəviz yarpağını alına sürtmək baş ağrısını kəsir. Cəviz ağacının şirəsi isə diş ağrısına  xeyirlidir.

Qeyd edək ki, muxtar respublikamızın Ordubad rayonunda cəvizdən müxtəlif çeşidli məhsullar da hazırlanır. Bölgədə cəvizdən alana, basdıq, miyanpur, paxlava, cəviz mürəbbəsi xüsusi səriştə ilə ərsəyə gətirilir və gələn qonaqların marağına səbəb olur.

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: