Birləşmiş Millətlər Təşkilatının 1981-ci ildə qəbul etdiyi Qərara əsasən 21 sentyabr həmin tarixdən etibarən bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz yerlə yeksan edilmiş, terrora məruz qalmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımının əsl mahiyyəti açılmış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, regionda sabitliyin yaranmasına nail olmuşdur.
Ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bundan başqa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdür. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdur.
Böyük şəxsiyyətin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmiş, dahi şəxsiyyət 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Azərbaycan xalqı hər zaman sülhsevər olmuşdur. Bunu onunla izah etmək olar ki, tarixən vətənimizdə azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də mehribancasına yaşamış və hazırda da yaşayırlar. Ölkəmizin yüksək tolerantlığa sahib olması indi bir çox ölkələr üçün əsl nümunədir. Azərbaycanda yaşayan insanlar arasında milli və ya dini ayrı-seçkiliyə yol verilmir.
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır”, – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.
Bütün bunlara baxmayaraq, işğalçı ölkə hələ də beynəlxalq hüququn tələblərini pozaraq işğal siyasətini davam etdirir. Erməni işğalçıları 2020-ci il iyulun 12-də atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini ələ keçirməyə cəhd göstərmiş, dinc əhalinin yaşayış yerləri davamlı olaraq atəşə tutulmuş, beynəlxalq hüquq normaları kobud şəkildə pozulmuşdur ki, bu da dünya miqyasında Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini bir daha nümayiş etdirmişdir.
21 sentyabr – Beynəlxalq Sülh Günü Naxçıvan Muxtar Respublikasında da müxtəlif tədbirlərlə geniş şəkildə qeyd olunur. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 30 ilə yaxındır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir. Aparılan düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası planetin ən təhlükəsiz guşələrindən biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir. Ötən dövrdə muxtar respublikada iqtisadiyyatın və sənayenin bütün sahələrinin inkişafı, istehsal və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, yaşayış məntəqələrinin abadlaşdırılması, ərzaq və enerji təhlükəsizliyinin,səmərəli məşğulluğun təmin edilməsi əhalinin maddi rifah halının yaxşılaşdırılması, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə verilən yüksək qiymətin təzahürüdür.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünün sülh yolu ilə təmin edilməsinin tərəfdarıdır və ölkəmiz problemin həllinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunmasını istəyir. Bu istək isə Azərbaycanın hüquqi dövlət kimi bir daha sülhməramlı siyasətə sadiqliyindən irəli gəlir. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir”.
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) mətbuat xidməti