Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın! - FOTOLAR

A- A A+

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik. Şəhərlərimiz, kənd və qəsəbələrimiz kərpic-kərpic yenidən qurulur, müasirləşdirilir. Gözlərimiz önündə ucalan yaşayış binaları, salınan kənd mərkəzləri, çəkilən yollar, tikilən təhsil və mədəniyyət müəssisələri-bir sözlə, hər ötən ay yenilikləri görməyə alışmışıq. Müasirlik və modernləşmə yaşadığımız həyatın necə deyərlər, ritminə çevrilib. Culfanın Camaldın kəndində həyata keçirilən kompleks quruculuq tədbirlərindən sonra bu ilin sentyabr ayının 15-də istifadəyə verilən obyektlər də muxtar respublikada kəndlərin modernləşdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamıdır.

Camaldın öz müasir camalı ilə diqqətimi çəkdi. Bu kəndə, demək olar ki, yolum heç düşməyib. Elə  yeni yol çəkilmişkən Camaldını daha yaxından görmək və camaldınlılarla həmsöhbət olmaq istəyi bir şənbə günü istiqamətimi bu kəndə saldı.  Elə mən də bu dəfə bir yenilik edib mənzil başına çatmaq üçün   ictimai nəqliyyatdan istifadə edirəm. Məqsədim həm kənd camaatı ilə daha yaxşı həmsöhbət olmaq, həm də Camaldının yeni qurulan infrastrukturu ilə bağlı təəssüratlarını dinləməkdir.

Saat 11:00-da Naxçıvan şəhərindən Camaldına gedən marşruta özümü çatdırıram. Kənd adamları bir-bir gəlir. İki qadının söhbətinə diqqət kəsilirəm. Qadının biri: “O gün bizim qız gecə görüntüsünü çəkmişdi, necə də gözəl görsənir. Kəndimiz indi bir başqa olub. Həkim ambulatoriyası sanki mini xəstəxanadır”.  

Arxadan kişilərin səsi eşidilir, bir-birlərinə gözaydınlığı verirlər: “Kəndin qurtaracağına qədər yol çəkilib. Hələ məktəbi demirsən? Məktəb deyil,sanki universitet binasıdır”.

Hə, insanların ürəyi doludur, danışmaq, Camaldının gül camalını hər kəsə duyurmaq istəyirlər. Yad olduğumu hiss edən bir sərnişin kimliyimi soruşur. Özümü təqdim edirəm. Sonradan tanış olub doğmalaşdığım Roza İbrahimova həvəslə müsahibə verəcəyini bildirir: “Gedək, qonağım ol, sonra yola salaram səni”,-deyir.

Saat 11:30. Avtobus hərəkət edir. Rahat və hamar yollar 12 tamamda məni və kənd adamlarını Camaldına çatdırır. Sürücüyə pul uzadarkən hamısı bir ağızdan: “Bizim kəndin qonağısan, xoş gəlib, səfa gətiribsən”,- deyirlər. Bax beləcə ilk təəssüratım avtobusdan başlayır. Camaldınlılardan aldığım müsbət enerji ilə kənd mərkəzinə doğru yaxınlaşıram. Kəndin icra nümayəndəsi Əli Nəcəfovla salamlaşıb, gözümün aldığı bütün gözəllikləri tələm-tələsik telefonun yaddaşına köçürürəm. Arxada Haçadağ əzəməti və bu əzəmətin ön planında ucalan, kənd və xidmət mərkəzləri. Belə mənzərənin qarşısında necə qürurlanmayasan?! Bu bizim Azərbaycanımızın, Naxçıvanımızın  müasir kəndlərinin daha bir simasıdır. Bu sima dünyaya ölkəmizin gücünü, iqtisadi potensialını göstərir. Bu sima dünyaya müasir kənd modelini təqdim edir. Bu model ulu öndər Heydər Əliyev siyasətinin muxtar respublikada uğurlu davamının göstəricisi, yüzlərlə kənd sakininin sevinci, gələcəyə nikbin baxışı, inamıdır.

Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, poçt bölməsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Əli müəllim bildirir ki, kommunal xərcləri ödəmək üçün bundan əvvəl Ərəzin kəndinə getməli olurduq. Həmçinin də dərman almaq üçün. İndi aptekin də fəaliyyət göstərdiyi və lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada həm də həkim, stomatoloq fəaliyyət göstərir, palata, doğuş, manipulyasiya, peyvənd və qeydiyyat otağı vardır.

Xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları ilə tanış oluruq. Hər kəs formada, işinin başındadır. Dərzi Könül Novruzova: “Əvvəl evdə sifariş qəbul edirdim. İndi şəraitim evdəkindən də yaxşıdır”,-deyib işinə davam edir. Mane olmamaq üçün sakitcə ordan uzaqlaşırıq. Budur, 3 mərtəbəli təhsil məbədgahının qarşısındayam. Həyəti uşaqla doludur. Kimisi valideyni ilə gəlib qarşısında şəkil çəkdirir, kimisi ətrafında velosiped sürür. Gülüş səsləri ətrafı bürüyüb. Yoldan ötən kənd sakini Fərman Rzayev uşaqlara diqqətlə baxdığımı görüb deyir: “Necə sevinməsinlər? Qışda kəndin o başından məktəbə gəlib çatınca palçığa bulaşır, həm də soyuq siniflərə girirdilər. Köhnə məktəb idi, qızdırmaq çətin olurdu. Amma indi müasir istilik sistemi ilə təchiz olunub. Rahatlığını hələ qışda hiss edəcəklər. Mən qış aylarında ailəmlə birgə Bakıya gedərəm. Amma bu şərait yaradıldıqdan sonra kənddən çıxmaq istəmirəm. Özüm də hər axşam gəlib kəndin mərkəzində dolaşaram.  Vallah, kəndimizi belə gözəl görmək bizim də nəsibimiz oldu”.

Doğru! Sevincinizə şərikik. Elə şərik olmaq üçün kənddəyik. Camaldının bugünkü camalından mənən qidalanmaq üçün burdayıq. Bilik günündə bu təhsil ocağı camaldınlı uşaqlar üçün əsl töhfə oldu. Onlar bir ömür boyu bu günü unutmayacaqlar.

Məktəb binasının açılış mərasimində iştirak edən Ali Məclis Sədrinin də dediyi kimi, təhsil sağlam cəmiyyət formalaşdırır. Ona görə də dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, mütləq təhsil inkişaf etdirilməlidir. Təhsilin əsas məqsədi isə gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətmək olmalıdır. Düzgün qərarlar qəbul etməklə insanlar  böyük şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilə bilir.

Kənd məscidindən əzanın səsi ucalır. Gəlini deyir ki, bir az gözləməli olacaqsınız, Hədiqə nənə namaz qılır. Allah ibadətini qəbul eləsin. 102 yaşlı Hədiqə nənə kəndin ən yaşlı sakinidir. Qəhrəman ana olub. Hazırda 10 övlad, 44 nəvə, 94 nəticə, 21 kötücə sahibidir. Dünyagörmüş qadındır. Fiziki imkanları artıq çıxıb dolaşmağa imkan verməsə də, nəvələri çəkdikləri şəkillərlə nənəni qiyabi də olsa kəndi gəzdiriblər. Deyir, öz gənclik çağlarıma belə cah-cəlallı günlər yaşamaq nəsib olmasa da, şükürlər olsun, nəvələrim, nəticələrim bəhrələnəcək yaradılan bu şəraitlərdən. Gözüm arxada qalmayacaq. İllərin tuman-koftasını saxlayan və əzizləyən milli geyimli Hədiqə nənənin oğlu Fərəc İsgəndərov söhbətimizə qoşulur: “Lap yuxu kimidir. Culfanın o biri kəndlərinə baxıb həsəd aparırdıq. Arzusunda olduğumuz şərait indi bizim üçün yaradılıb. Başqa nə arzulaya bilərik ki?!"

Amma yox, Zeynalabdin müəllimin arzusu var. Gedib məktəbi görmək, bir dəfə də olsa, müəllim stulunda şagirdlərlə üz-üzə oturmaq. Bir müəllim üçün müqəddəs arzudur. Təqaüddə olan 79 yaşlı Azərbaycan dili və ədəbiyyatı müəllimi Zeynalabdin Abdullayevin qəlbinin qürur hissi ilə dolduğunu görmək çətin deyil. Deyir, bu, bizim kəndin tarixində bir ilkdir: “Mən 42 il müəllim işləmişəm. 1967-ci ildə əmək fəaliyyətinə başlamışam. Stul belə tapa bilmirdik oturmağa. Elə ondan sonrakı illərdə də əziyyətlərimiz çox olub. Məktəbimizə yoxlama gələndə həmişə bizə deyərdi ki, sizlər daş üzərində çiçək bitirirsiniz. Sağlamlığım əngəl yaratsa da, hələ kənddə tikinti işləri aparılanda gedib baxmışam. İstifadəyə verildikdən sonra da görmüşəm. Amma ən böyük arzum sinif qapısından içəri girmək, şagirdlərin arasında olmaqdır.  İsmayıl müəllim (məktəbdə müəllim) söz verib, gəlib məni aparacaq”. Ömrünü şam kimi şagirdlərinin yolunda əridən bir müəllim üçün bundan böyük sevinc nə ola bilər ki? Ömrünə ömür calandı.

Kəndin içi ilə gəzirik. Günəşin isti şüaları yandırsa da, Camaldının hüsnü-camalından aldığımız zövq bütün maneələri dəf edir. Öyrənirik ki, kənddə 1772 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini heyvandarlıq, maldarlıq və taxılçılıq təşkil edir.

Növbəti həmsöhbətimiz ibtidai sinif müəllimi Zəhra Nəcəfovadır. “Biz müəllimlərin sevinci bir yana, uşaqlar o qədər sevinclidir ki, bir-birlərinə partaları, divarları korlamamaq üçün sanki nəzarət edirlər. Deyirlər ki, gərək sinfimizi qoruyaq, Vallah, doğru deyirlər, heç evimizdə o cür şərait yoxdur, inanın, bəzən saatın fərqində olmuram. Qurub-yaradanlar bizi daha əzmlə çalışmağa sövq ediblər”,-deyir Zəhra müəllimə.

Yolda kənd sakini Fərhad İbrahimovla qarşılaşırıq. “Qapımızın ağzınacan asfalt çəkilib. Kənd demək olmaz, qəsəbədir. Bu sevincdən üstün sevinc ola bilməz. 2 nəvəm məktəbə gedir. Hər səhər oyanıb əllərindən tutub, bax gördüyünüz bu rahat yolla məktəbə tələsirik”,-deyən Fərhad babanın sevinci simasında əks olunur. Allah ömür versin, ay baba. Nəvələrinin xoş günlərinə şahidlik edəsən.

Eyvandan bizi izləyən 93 yaşlı Şərəbanı nənə çaya dəvət edir. Dəvətini qəbul edib onunla bir çay içirik. Söhbət əsnasında gəlini Fatimə Həsənquliyeva ilə bizi tanış edir. Deyir 40 ildən çox mədəniyyət sahəsində çalışıb. İndi təqaüddədir. Kəndlə bağlı sualımıza isə bir cümlə ilə cavab verir: “Belə bir dövranda hər kim yüz il yaşamasa, günah onun özündədir”.

Yazının əvvəlində bəhs etdiyim Roza nənəyə verdiyim vədə əməl edərək, onun da qapısını döyürəm. Sevinclə qapını açıb: “Ay qızım, lap nigaran qaldım, yemək də hazırlamışam, bəs sən niyə belə yubandın?”

Qonaqpərvərliyinə, insaniyyətinə minnətdarlıq hissi ilə sağollaşmağa gəldiyimi bildirirəm. Axşam tərəfidir, geri dönməyin zamanı çatıb. Roza nənə məni bağına aparır. Camaldın üzümünə qonaq edir. Hə, bax bu üzümdən keçmək olmaz. Bu tərəflərin üzümü adı ilə tanınır. Belə bir məsəl var, deyərlər ki, bağban əli dəyməyən bağı alaq basar, qadın əli dəyməyən evi qəm-kədər. Bağının bağbanı da özüdür. Evin abad, bağın barlı-bəhərli olsun, ay nənə. Hər işığı yanan ev, hər əkilən torpaq yurd yerlərimizdə qaynar həyatın göstəricisidir. İnsanların öz elinə-obasına, torpağına bağlılığıdır. İndi bu bağlar daha da möhkəmləndi. Sizi yurdunuza bağlayan vətən, torpaq, yurd bağlarında çiçəklər açdı. İndi o çiçəkləri bəsləmək, Camaldının hüsnü-camalını qorumaq sizə düşər, əziz camaldınlılar.

Yaradan, quran əllər var olsun! Tarix qurub-yaradanları heç vaxt unutmur!

Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: