Bir anlıq uşaqlığıma geri dönürəm. Həmyaşıdlarımla oynadığım o maraqlı oyunları göz önünə gətirirəm. Uşaqkən tələsərdim məhəlləmizdə “evcik-evcik” oynamağa. Ən sevdiyimiz oyunlarımız idi “yeddi daş”, “əlimi siçan dişlədi”, “ortada qaldı”, “gizlənqaç” və saymaqla bitməyən daha neçə oyunlar...
Bəzən bugünkü uşaqlara baxdıqda təəssüf hissi keçirirəm. Bu sadaladığım oyunlardan uzaq gələcək yetişir... Folklorumuzda öz yeri, rolu olan uşaq oyunlarını smartfonlarla, playstationlarla dəyişiblər sanki...
Smartfon telefonların artıq həyatımızın bir hissəsinə çevrilməsi danılmazdır. Hər keçən gün daha da təkmilləşən telefonlar bizə artıq təkcə rabitə vasitəsi kimi deyil, kamera, internet, sosial şəbəkələrdən istifadə etmək, müxtəlif oyunlar oynamaq üçün lazım olur. Gündəlik olaraq evdə, işdə, yolda, səyahətdə olarkən rahat şəkildə kimlərləsə əlaqə saxlaya bilir, ödənişlər edirik. Lakin smartfonlar artıq uzun müddətdir təkcə böyüklərin deyil, həm də uşaqların, hətta azyaşlı körpələrin də həyatına daxil olub. Danılmaz faktdır ki, indi bir çox valideynlər smartfonların zərəri haqqında məlumatlı olsalar belə, yenə də öz uşaqlarının əllərinə oyun oynamaq və yaxud “başını qatmaq” üçün mobil telefonlar verməkdən çəkinmirlər.
Ötən günlərdə müşahidə etdiyim bir hadisəni oxucularla bölüşmək istəyirəm. İşdən evə dönürdüm. Məhəllənin girişində bir neçə qadın hansısa məsələ barədə müzakirə aparırdılar. Bu zaman o qadınların övladlarından biri “Ana, biz uşaqlarla nə oyunu oynaya bilərik, maraqlı olsun?”,- deyə soruşanda anası telefonunu cibindən çıxarıb övladına verdi və dedi: “Al, apar, oyna, səsin çıxmasın”. Uşaqsa telefonu alıb uzaqlaşdı.
Övladlarımıza bu cür münasibət bizim gələcək milli inkişafımıza zərbə vuran hadisələrdir. Tədqiqatlar göstərir ki, uşaqlar elektronik əşyalardan istifadə etdikdə onlarda ünsiyyət problemi yaranır. Cəmiyyətə adaptasiya olmaq problemi ilə üzləşir, dərslərində durğunluq yaranır.
Niyə gələcəyimiz olan bu fidanları elə öz əlimizlə məhv edirik? Çoxmu çətindir uşaqkən oynadığımız o əvəzolunmaz oyunları körpələrimizə aşılamaq? Çoxmu çətindir onlarla oyuna qoşulub, yenidən uşaqlığımıza qayıtmaq?
Görün, onların hərtərəfli şəraiti, asudə vaxtlarının düzgün təşkili üçün nələr yaradılıb? Salınan istirahət parkları, hər bir binanın həyətində quraşdırılmış yelləncəklər, oyun qurğuları...
Uşaq dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Elə məhz buna görə də, muxtar diyarımızda uşaqlar üçün hər cür şərait yaradılıb.
Sirr deyil ki, uşaqlarda texnologiyanın mənfi təsirləri fiziki və psixoloji baxımdan mütləq özünü göstərir. Onların mənfi təsirlərindən qorunmaq üçün əvvəlcə ana və ata bu mövzuda yaxşı nümunə olmalıdır. İşdən evə gəldikdən sonra mütəmadi olaraq telefon əlindən düşməyən, bütün günü uşağının onu gözləməsinə baxmayaraq, gözlərini telefondan, barmaqlarını ekrandan çəkməyən valideynlər övladları üçün pis nümunədir. Sadə bir həqiqəti dərk etməliyik- texnoloji vasitələr uşaq dayəsi deyil. Axı uşaqların valideynlərinin qayğısına ehtiyacları var.
Unutmayaq ki, övladlarımız elə gözümüzün önündə uçuruma yuvarlanır. Şahidi olduğum hadisədəki kimi, məsuliyyətini hələ dərk etməyən valideynlər isə bu olanlara göz yumur.
Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizə biganəyiksə, necə xoş sabahımızdan danışa bilərik? Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də dediyi kimi: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”.
Əziz valideynlər, gəlin uşaqlarımızın gələcəyi barədə elə indi düşünək... Gec olmadan uşaqlarımızı, gəncliyimizi xilas edək.
Nuray Əsgərova